Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xarici ölkələrdə Azərbaycanın ticarət evlərinin fəaliyyətinə dair müzakirələr aparılıb

Xarici ölkələrdə Azərbaycanın ticarət evlərinin fəaliyyətinə dair müzakirələr aparılıb

Azərbaycan məhsullarının ixracının genişləndirilməsi və “Made in Azerbaijan” brendinin xarici bazarlarda tanıdılması məqsədilə ticarət evlərinin açılması əhəmiyyətli tədbirlərdəndir. İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə avqustun 15-də keçirilən İxracatçılar Klubunun növbəti iclası da məhz Azərbaycanın xarici ölkələrdəki ticarət evlərinin yaradılmasına və fəaliyyətinə həsr olunub. Tədbirdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən istehsalçı şirkətlərin 150-ə yaxın nümayəndəsi iştirak edib.

İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, məhsullarımızın ixracının dəstəklənməsi, ixracın həcminin və coğrafiyasının genişləndirilməsi, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə artıq 3 ölkədə - Belarus, Latviya və Ukraynada Azərbaycan Ticarət Evi fəaliyyət göstərir. Azərbaycanın ilk ticarət evi 2017-ci ildə Belarusda açılıb. Ukrayna və Latviyadakı ticarət evləri isə bu il fəaliyyətə başlayıb. Ticarət evlərində Azərbaycan şirkətlərinin istehsal etdiyi müxtəlif növ məhsulların daimi sərgisi fəaliyyət göstərir. Bu sərgilərdə şərab və konyak, meyvə şirələri, kompotlar, mineral sular, tərəvəz, mürəbbələr, turşular, konservlər, bitki yağları, çay, xalça, tekstil, ipək və kosmetika malları, elektrik avadanlıqları, plastik məmulatlar və sair nümayiş olunur. Bu ilin sonunadək isə Birləşmiş Ərəb Əmirlikləri, Polşa, Çin, Qazaxıstan və Rusiyada Azərbaycanın ticarət və şərab evlərinin açılması nəzərdə tutulur.

R.Məmmədov iş adamlarını Azərbaycanın xarici ölkələrdəki ticarət evlərində yaradılmış imkanlardan faydalanmağa və səmərəli əməkdaşlığa dəvət edib, bunun müvafiq ölkələrə ixracın artırılmasında əhəmiyyətini vurğulayıb.

İclasda Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində reallaşdırılan tədbirlər, iqtisadiyyatın şaxələndirilməsi, "Made in Azerbaijan" brendinin təşviqi və bu məqsədlə tətbiq olunan mexanizmlər, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində görülən işlər barədə də məlumat verilib.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

15 2018 17:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə