Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Daşkənddə özbək ədəbiyyatının klassiki, soydaşımız Maqsud Şeyxzadəyə həsr olunmuş elmi konfrans keçirilib

Daşkənddə özbək ədəbiyyatının klassiki, soydaşımız Maqsud Şeyxzadəyə həsr olunmuş elmi konfrans keçirilib

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) özbək ədəbiyyatının klassiki, şair, tərcüməçi, pedaqoq, tanınmış soydaşımız Maqsud Şeyxzadənin anadan olmasının 110 illiyi münasibətilə elmi konfrans keçirilib. Eyni zamanda mərkəzin layihəsi ilə Maqsud Şeyxzadə haqqında lentə alınan “İki xalqın iftixarı” adlı sənədli filmin və “Özbək şeir çələngi” adlı kitabın təqdimatı olub.

Tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin əməkdaşları, Özbəkistan Milli Elmlər Akademiyasının, Nəvai adına Ədəbiyyat İnstitutunun alimləri, Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin müəllim və tələbələri, yerli azərbaycanlılar və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə iştirakçılar Maqsud Şeyxzadənin yaradıcılığına həsr olunmuş kitab sərgisinə baxıblar, sonra şairin əsərlərinin də yer aldığı “Özbək şeir çələngi” adlı kitab iştirakçılara təqdim olunub.

AMM-nin direktoru Samir Abbasov Azərbaycan mühacirət ədəbiyyatının tanınmış nümayəndəsi Maqsud Şeyxzadənin yaradıcılığı, onun özbək ədəbiyyatına verdiyi töhfələrdən danışıb, ədibin özbək xalqının qəhrəmanı Cəlaləddin Manguberdi, hökmdar Mirzə Uluğbəy kimi tarixi şəxsiyyətlərlə bağlı yaratdığı ölməz əsərlərlə özbək dramaturgiyasının əsasını qoyduğunu bildirib.

Özbəkistan Yazıçılar İttifaqının nümayəndəsi Risalət Xaydarova Maqsud Şeyxzadənin xidmətlərinin Özbəkistan dövləti tərəfindən yüksək qiymətləndirildiyini və onun dövlət tərəfindən “Böyük xidmətləri üçün” ordeni ilə təltif olunduğunu qeyd edib. O, Özbəkistan prezidenti Şavkat Mirziyoyevdən sitat gətirib. : “Maqsud Şeyxzadə tarixi və mənəvi qohumluğumuzun parlaq rəmzidir və XX əsr özbək ədəbiyyatının ən yaxşı nümayəndələrinin fəxri siyahısına daxil edilib”.

Daha sonra sənədli materialların, həm də bədii parçaların yer aldığı “İki xalqın iftixarı” adlı sənədli film nümayiş etdirilib.

Maqsud Şeyxzadənin həyat və yaradıcılığı, onun Azərbaycan və özbək xalqlarının ədəbiyyatına verdiyi töhfələr, yaratdığı ölməz əsərləri haqqında danışılan filmdə bir sıra arxiv materiallarından istifadə edilib, ekran əsərində Azərbaycan və Özbəkistanın tanınmış elm, ədəbiyyat nümayəndələrinin müsahibələri də öz əksini tapıb.

Maqsud Şeyxzadə yaradıcılığının tədqiqatçısı akademik Naim Kərimov, ədəbiyyatşünas alimlər-Nurbay Cabbarov, Atxambek Alimbekov, Baxadur Karimov, Abdulmurad Tilavov, tarixçi Şuxrat Salamov və başqaları öz məruzələrində Maqsud Şeyxzadəni yalnız şair və dramaturq kimi yox, həm də istedadlı alim kimi xarakterizə ediblər.

Məruzəçilər Maqsud Şeyxzadənin Özbəkistanda böyük tərcümə məktəbinin də əsasını qoyduğunu və onun Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Aleksandr Puşkin, Mixail Lermontov, Uilyam Şekspir, Corc Bayron, Şota Rustaveli və dünya klassiklərinin bir sıra digər əsərlərini özbək dilinə tərcümə etdiyini vurğulayıblar.

Onlar Maqsud Şeyxzadənin daim öz tarixi vətəni Azərbaycana bağlı olduğunu və Azərbaycan ədəbiyyatını qardaş Özbəkistanda geniş təbliğ etdiyini də qeyd ediblər.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

19 Dekabr 2018 12:31 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə