Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şair-publisist Qardaşxan Əzizxanlının Lənkəran görüşü

Şair-publisist Qardaşxan Əzizxanlının Lənkəran görüşü

Lənkəran şəhərinin Heydər Əliyev Mərkəzində tanınmış şair-jurnalist Qardaşxan Əzizxanlının 60 illik yubileyi münasibətilə ədəbi ictimaiyyətin nümayəndələri ilə görüş keçirilib. Poeziya məclisində istedadlı qələm sahibinin “İlkim də sən, indim də sən, sonum sən” adlı son şeirlər kitabı lənkəranlı oxuculara təqdim edilib.

Görüşdən əvvəl Lənkəran Şəhər İcra Hakimiyyəti aparatı əməkdaşları, Azərbaycan Yazıçılar Birliyi (AYB) Lənkəran bölməsinin üzvləri, müxtəlif peşə sahibi olan şeir həvəskarları, Lənkəran Dövlət Universitetinin, Peşə Liseyinin, digər təhsil müəssisələrinin müəllim və tələbələri, məktəblilər mərkəzin dəhlizində Qardaşxan Əzizxanlının yaradıcılıq yolunu əks etdirən sərgidəki kitablar və digər çap materialları ilə tanış olublar. İştirakçılar burada şairin sözlərinə Asif Kərimovun bəstələdiyi “Yaşayırıq” mahnısının İlqar Muradovunun ifasında videoklipini də izləyiblər.

 Mərkəzin salonunda AzTV-nin yubiliyara həsr etdiyi “Qaşla göz arasında” sənədli filmindən fraqmentlərin nümayişi  ilə başlanan görüşdə Xalq şairi Məmməd Arazın Qardaşxan haqqında dediyi sözlər səsləndirilib: “O, görüm, duyum şairidir. Sözünü öz ürəyindən alan şairdir. Qardaşxan dəmirçidir. Körpü inadı döyən dəmirçi. Döşünü yaman sellərə verən dəmirçi.”

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi giriş sözündə bildirib ki, Qardaşxan Əzizxanlının yubileyi ilə bağlı AYB-nin Milli Kitabxana ilə birgə tədbiri “Bu gün gərək hər anımız vətən desin!” devizi altında keçirilmişdi. Bugünkü görüş isə ana dilimizə sevgi üzərində qurulub. Qardaşxan Əzizxanlının ədəbi-publisistik  yaradıcılığı barədə söhbət açan AYB katibi onun 100 cildlik nüfuzlu “Fikir antologiyası”nın baş redaktoru, “Məmməd Araz poeziya günü” layihəsinin rəhbəri kimi gərəkli fəaliyyətini də qeyd edib. O, əlavə edib ki, Qardaşxan həm də kunq-fu üzrə qara kəmər sahibi olan yeganə şairdir.

Qardaşxan Əzizxanlının özünə ustad saydığı unudulmaz şairimiz Məmməd Arazın qızı, “Ədalət” qəzetinin baş redaktoru, Əməkdar jurnalist İradə Tuncay onu tələbəlik illərindən həmişə atasının yanında gördüyünü, Məmməd Arazın vurğunu kimi tanıdığını deyib: “Qardaşxan həmişə ailəmizdə əsl azərbaycançı kimi qəbul edilib, ən yaxşı dəyərlərimizə sadiqliyi ilə tanınıb”. Milli Məclisin deputatı, yazıçı-publisist Aqil Abbas isə Qardaşxanın gözəl şeirləri ilə yüksək insani keyfiyyətlərinin tən gəldiyini vurğulayıb.

AYB-in Lənkəran bölməsinin ədəbi məsləhətçisi Ağamir Cavad, yubilyarın məktəb yoldaşı Cəfər Fətullayev, Lənkəran Peşə Liseyinin müəllimi Etibar Nəhmətli Qardaşxanın yaradıcı insan kimi özünəməxsusluğu, şeirlərinin poetik məziyyətləri barədə söz açıblar. Məclisdə məktəblilər Qardaşxanın poetik yaradıcılığından populyar nümunələri səsləndiriblər, müğənilər isə şerlərinə bəstələnmiş mahnıları ifa ediblər.

Qardaşxan Əzizxanlı görüşdə yeni şeirlərini söyləyib, səslənən xoş sözlərə görə təşəkkürünü bildirib, yubiley mərasiminin təşkilatçılarına minnətdarlıq edib.

 

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”

19 Dekabr 2018 12:26 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə