Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qubadlıdan olan məcburi köçkünlərin saxladıqları mal-qaraya baytarlıq baxışı keçirilir

Qubadlıdan olan məcburi köçkünlərin saxladıqları mal-qaraya baytarlıq baxışı keçirilir

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Qubadlı Rayon Baytarlıq İdarəsinin səyyar baytar həkim briqadası tərəfindən qubadlıdan olan məcburi köçkünlərin saxladıqları mal-qaraya baytarlıq baxışı keçirilir. Baytarlıq baxışı zamanı heyvanlar müayinə edilir, aşkar edilən xəstəliklərə qarşı müalicə işləri aparılır.

Epizootik sabitliyin qorunması və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərlə əlaqədar qubadlılara məxsus mal-qara saxlanılan binaların dezinfeksiyası və dezinseksiyası da aparılıb və bu işlərin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub.

Həmçinin rayonun baytar mütəxəssisləri tərəfindən təsərrüfat sahiblərinə və sakinlərə heyvanların yemlənməsi və bəslənməsində zootexniki qaydalara əməl edilməsinə dair tövsiyələr də verilib.

Rayonun baytar həkimləri “Epizootiya əleyhinə diaqnostika və profilaktik tədbirlər planı”na uyğun qubadlıların təsərrüfatlarında saxlanan heyvanlar və quşlar arasında profilaktik peyvəndləmə tədbirləri və diaqnostik müayinələri də icra ediblər.

Qubadlı Rayon Baytarlıq İdarəsinin əməkdaşları məcburi köçkünlərin saxladıqları heyvanlar arasında profilaktik peyvəndləmə, diaqnostik müayinə, heyvanlar arasında müalicə, heyvanlar saxlanan obyektlərdə dezinfeksiya və dezinseksiya tədbirləri aparmaqla yanaşı, mütəmadi olaraq fermerlər, heyvan sahibləri arasında heyvanların saxlanması, yemləndirilməsi və xəstəliklərdən qorunması mövzularında maarifləndirmə və təbliğat işləri də həyata keçirir.

Dövlət Baytarlıq Xidməti bildirir ki, ölkədə aparılan profilaktiki peyvəndləmələrin, diaqnostik müayinələrin və baytarlıq-sanitariya tədbirlərinin vaxtlı-vaxtında aparılmasının nəticəsi olaraq respublika ərazisində heyvanlar və quşlar arasında iti yoluxucu xəstəliklər baş verməyib və hal-hazırda epizootik vəziyyət sabitdir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

18 Dekabr 2018 12:20 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə