Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sahil Babayev Bərdə, Tərtər və Ağcabədi sakinləri ilə görüşüb

Sahil Babayev Bərdə, Tərtər və Ağcabədi sakinləri ilə görüşüb

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bərdə rayonunda Bərdə, Tərtər, Ağcabədi rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Qəbuldan əvvəl S.Babayev və Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev  xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.

ƏƏSMN yanında İctimai Şuranın sədri Umud Mirzəyevin də iştirak etdiyi qəbulda vətəndaşların müraciətləri əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, məşğulluğun təmin olunması, özünüməşğulluq proqramına, ödənişli ictimai işlərə və peşə hazırlığına cəlb olunma, sosial sığorta münasibətləri, imtiyazlı şəxslərin mənzillə və reabilitasiya vasitələri ilə təminatı və s. məsələlərə aid olub. Sorğu xarakteri müraciətlərə hüquqi izahatlar verilib, qaldırılan bəzi məsələlərin həlli təmin edilib.

S.Babayev vətəndaşlarla görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar barədə məlumat verib. O, regionlarda yaşayan əhalinin də “DOST” mərkəzləri vasitəsilə dövlət sosial xidmətlərindən sadə prosedurlarla, tam şəffaf, rahat şəkildə istifadə imkanları əldə edəcəyini bildirib. Müraciət edənlərdən bir qisminin istəkləri nəzərə alınaraq onlara vakant iş yerlərinə göndəriş verilib, habelə ayrı-ayrı şəxslər özünüməşğulluq proqramına, ödənişli ictimai işlərə və peşə hazırlığına cəlb olunmaq üçün qeydiyyata alınıblar. S.Babayev Bərdə, Tərtər, Ağcabədi rayonlarında bu ilin 11 ayında nazirliyin məşğulluq orqanları vasitəsilə 1930 işsiz və işaxtaran şəxsin münasib işlərlə təmin edildiklərini deyib. Nazir qeyd edib ki, üç rayon üzrə cari ildə 326 aztəminatlı ailə özünüməşğulluq proqramına cəlb olunub və onlardan artıq 200 ailənin proqram çərçivəsində verilmiş mal və materiallar hesabına kiçik ailə təsərrüfatları yaradılıb.

Nazir S.Babayev və Bərdə RİH-nin Vidadi İsayev ƏƏSMN-nin sifarişi əsasında bu rayonda fəaliyyət göstərən günərzi qayğı mərkəzində də olublar. Nazir günərzi xidmətlərin təşkili məsələləri ilə bağlı müvafiq tapşırıqlarını verib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

17 Dekabr 2018 11:40 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə