Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mədəniyyət naziri Hacıqabulda vətəndaşları qəbul edib

Mədəniyyət naziri Hacıqabulda vətəndaşları qəbul edib

Yerlərdə uşaq musiqi məktəblərin, mədəniyyət evləri və klub müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, muzeylərin ekspozisiyalarının zənginləşdirilməsi, tarixi irsin qorunması, qədim arxeoloji abidələrin tədqiq edilməsi... Bu və digər məsələlər Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayevin dekabrın 14-də Hacıqabul rayonunda vətəndaşlarla görüşündə səslənib.

Ölkə başçısının müvafiq tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda əhali ilə görüşləri keçirilir. Mədəniyyət naziri Əbülfəs Qarayev Hacıqabuldakı Heydər Əliyev Mərkəzində Şirvan şəhəri, Sabirabad, Hacıqabul, Saatlı, Kürdəmir, Beyləqan, İmişli, Füzuli və Xocavənd rayonlarından vətəndaşları qəbul edib.

Qəbuldan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə tər çiçək dəstələri düzülüb.

Sonra nazir Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub, tapşırıq və tövsiyələrini verib.

Qəbulda Şirvan şəhərindən gəlmiş sakinlər tərəfindən Uşaq musiqi məktəbinə yeni dərs vəsaitlərinin, vətənpərvərlik mövzusunda yazılmış əsərlərin notlarının verilməsi, digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırıblar.

Sabirabad rayonundan qəbula yazılan vətəndaşların müraciətləri dövlət teatrlarında istifadə olunmayan səhnə geyimlərinin rayon klub müəssisələrinə verilməsi, rayon tarix-diyarşünaslıq muzeyinin eksponatlarının müasir üslubda qurulması barədə olub.

Hacıqabul sakinləri Uşaq musiqi məktəbinin gənc kadrları üçün ustad dərslərinin keçirilməsi, Kürdəmir sakinləri isə rayonun Şahbəyli kəndi ərazisində yerləşən “Sarıtəpə” abidəsinin dövlət qeydiyyatına alınması barədə nazirə müraciət ediblər.

Beyləqan rayonunun I Şahsevən kəndində yerləşən Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun ev-muzeyinə fəaliyyəti qənaətbəxş olmayan klub müəssisələrinin maliyyəsi hesabına ştatların verilməsi, Xocavənd rayonunun kənd kitabxanalarının internet şəbəkəsi ilə təmin olunması barədə xahişlər də səsləndirilib.

İmişli rayonundan vətəndaşlar Qızıltəpə yaşayış yerində arxeoloji işlərin aparılması, Füzuli rayonunun sakinləri rayon ərazisində olan XIII əsrə aid Əhmədalılar türbəsinin bərpa olunması və ərazidə arxeoloji işlərin aparılması barədə müraciət ediblər.

Saatlı rayonundan qəbula yazılmış vətəndaşlar rayon ərazisində olan klub, kitabxana və digər mədəniyyət müəssisələrinin regional mədəniyyət idarəsinin balansına keçirilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı xahişlərini çatdırıblar.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

Qəbuldan sonra mətbuata açıqlama verən Əbülfəs Qarayev Prezident İlham Əliyevin tapşırığı ilə yerlərdə keçirilən səyyar qəbullarda vətəndaşlar tərəfindən maraqlı təkliflərin, müraciətlərin səsləndirildiyini vurğulayıb: “Bugünkü qəbulda da mədəniyyət sahəsində çalışan vətəndaşların müraciətlərinə baxıldı. Bir sıra maraqlı təkliflər, müraciətlər oldu. Kitabxana şəbəkəsinin daha da təkmilləşdirilməsi, informasiya mərkəzlərinə çevrilməsi, tarixi abidələrin təmir-bərpa olunması, qorunması, arxeoloji işlərin aparılması kimi məsələlər istiqamətində işlər görülür. Həmçinin mədəniyyət müəssisələrinin fəaliyyətinin daha da yaxşılaşdırılması, musiqi məktəblərində dərslərin daha da səmərəli təşkili, klubların səhnə geyimləri və avadanlıqlarla təmin olunması kimi məsələlər haqqında müraciətlər edildi. Ölkəmizin mədəniyyət sahəsi inkişaf etdikcə qarşımıza çıxan yeni-yeni məsələlərin həlli baxımından bu cür görüşlərin böyük əhəmiyyəti var”.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

15 Dekabr 2018 13:52 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə