Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəhid ailələrinə və əlillərə 145 mənzil verildi

Şəhid ailələrinə və əlillərə 145 mənzil verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Abşeron rayonunun Məmmədli kəndindəki “Göy qurşağı” yaşayış kompleksində yeni yaşayış binalarından alınmış 145 mənzil şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edilib.

Mənzillərin sənədlərinin təqdim olunması mərasimində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında sosial cəhətdən həssas qruplara diqqət və qayğının artırılması, habelə ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin, bu döyüşlərdə əlil olmuş şəxslərin mənzillə təminatı işlərinin ildən-ilə gücləndiyini vurğulayıb. Bildirib ki, dövlət başçısının sərəncamı ilə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 2018-ci ildə əlavə olaraq 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılıb. Bu isə həmin kateqoriyalardan olan insanlara nəzərdə tutulduğundan 2,8 dəfə çox olmaqla 600-ə yaxın mənzilin təqdim edilməsinə imkan verib.

Qeyd edilib ki, hazırda verilən mənzillər də daxil olmaqla şəhid ailələrinə və əlilliyi olanlara bu günədək təqdim edilən mənzillərin sayı 6123-ə çatır. İlin sonuna Bakı və Abşeronda yeni mənzillərin, İmişlidə 54, Şamaxıda 36 mənzilli yaşayış binalarının, ayrı-ayrı rayon və şəhərlərdə də tikintisi başa çatan fərdi yaşayış evlərinin istifadəyə verilməsi planlaşdırılıb.

ƏƏSMN yanında İctimai Şuranın sədri Umud Mirzəyev müharibə əlilləri və şəhid ailələrinin rifah halının yaxşılaşdırılması, sosial təminatlarının gücləndirilməsi məqsədilə aparılan işlərin, müharibə əlilləri və şəhid ailələrinin mənzillərlə təmin edilmələrinin, eyni zamanda, şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin verilməsinin cəmiyyət tərəfindən rəğbətlə qarşılandığını vurğulayıb.

Yeni mənzillərlə təmin olunan vətəndaşlar onların həyat şəraitlərinin yaxşılaşdırılması üçün aparılan işlərdən razı qaldıqlarını vurğulayaraq, daim qayğı ilə əhatə olunduqlarına və bu gün müasir tələblərə cavab verən yeni mənzillərlə təmin edildiklərinə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Sonra mənzillərin püşkatma qaydasında paylanması həyata keçirilib.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

14 Dekabr 2018 11:44 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə