Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 533  Bakı şəhəri, 13 dekabr 2018-ci il

 

 

“Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi Qaydası”nın təsdiq edilməsi barədə

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 216 nömrəli Fərmanının 2.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər ­Kabineti QƏRARA ALIR:
1. “Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 dekabr tarixli 533 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

 

Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 216 nömrəli Fərmanının 2.4-cü bəndinin icrası məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin (bundan sonra - Xidmət) normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi qaydasını müəyyən edir.

1.2. Xidmətin normativ xarakterli aktı Xidmət tərəfindən qəbul edilmiş, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydasını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulan müəyyən formalı rəsmi sənəddir.

1.3. Xidmətin normativ xarakterli aktları qərar formasında qəbul edilir.

1.4. Xidmətin normativ xarakterli aktları “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun (bundan sonra - Konstitusiya Qanunu) 4.3-cü maddəsinə uyğun olaraq, normativ hüquqi akt əsasında qəbul edilməli və onun müvafiq normasına istinad edilməlidir.

1.5. Konstitusiya Qanununun 4.4-cü maddəsinə uyğun olaraq, Xidmətin normativ xarakterli aktları Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə ziddiyyət təşkil etməməlidir.

1.6. Konstitusiya Qanununun 4.2-ci maddəsinə uyğun olaraq, Xidmətin normativ xarakterli aktları onların icra olunmamasına görə məsuliyyət müəyyən edə bilməz.

 

2. Xidmətin normativ xarakterli aktlarının hazırlanması

 

2.1. Xidmətin normativ xarakterli aktları Konstitusiya Qanununun 50-ci maddəsinin tələblərinə uyğun olaraq hazırlanır.

2.2. Xidmət normativ xarakterli aktın layihəsini aidiyyəti struktur bölmələrinin iştirakı ilə müstəqil surətdə hazırlaya, habelə layihələrin hazırlanmasına aidiyyəti mütəxəssisləri cəlb edə, bunun üçün xüsusi yaradılmış işçi qruplarına tapşırıq verə bilər.

2.3. Konstitusiya Qanununun 45.3-cü maddəsinə əsasən normativ xarakterli aktın layihəsi Xidmətin hüquq xidmətinin mütləq iştirakı ilə hazırlanır.

2.4. Konstitusiya Qanununun 46.1-ci maddəsinə uyğun olaraq, Xidmətin normativ xarakterli aktının layihəsinin razılaşdırılması müvafiq qanunvericiliyə əsasən məcburi olduqda, habelə normativ xarakterli aktda digər dövlət qurumları ilə bağlı müddəalar olduqda, layihə həmin dövlət qurumları ilə razılaşdırılmalıdır.

 

3. Xidmətin normativ xarakterli aktlarının qəbul edilməsi

 

3.1. Xidmətin normativ xarakterli aktları İdarə Heyəti tərəfindən təsdiq edilir.

3.2. Xidmətin normativ xarakterli aktları Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə həmin aktların qəbul edildiyi gündən 3 (üç) gün keçənədək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilir.

3.3. Xidmətin normativ xarakterli aktları, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

3.4. Zəruri hallarda, o cümlədən yeni hüquqi aktın qəbul edilməsi ilə əlaqədar Xidmət qüvvədə olan normativ xarakterli aktlarında müvafiq dəyişikliklər edir. Normativ xarakterli aktların yeni qəbul edilmiş hüquqi akta uyğunlaşdırılması zərurəti olmadıqda, Xidmət Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müvafiq məlumat təqdim edir.

 

4. Yekun müddəalar

 

4.1. Xidmətin normativ xarakterli aktlarının rəsmiləşdirilməsi, dərc edilməsi, qüvvədə olması, şərh edilməsi və sistemləşdirilməsi ilə bağlı digər məsələlər Konstitusiya Qanununa uyğun olaraq tənzimlənir.

4.2. Bu Qaydanın 4.1-ci bəndində qeyd edilənlər, Xidmətin normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi ilə bağlı digər məsələlər, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi”nə uyğun olaraq tənzimlənir.

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə