• RUB: 0.0249
  • TRY: 0.2688
  • EUR: 1.9876
  • USD: 1.7000
  • Bakı + 23.8 ° C / 70%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Konvensiya Azərbaycan üçün yeni iqtisadi dividendlər vəd edir

Konvensiya Azərbaycan üçün  yeni iqtisadi dividendlər vəd edir

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması Xəzəryanı dövlətlərin birgə əməkdaşlığı ilə yanaşı, Azərbaycanın nümayiş etdirdiyi siyasi iradə nəticəsində mümkün oldu. Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsində hər zaman konstruktiv mövqeyini bildirməsi adı çəkilən konvensiyanın imzalanması üçün ciddi zəmin yaratdı. Belə ki, Azərbaycan milli mənafeyini qorumaqla Xəzəryanı dövlətlərin maraqları çərçivəsində hazırlanan sənədin reallaşmasına xüsusi töhfə vermiş oldu.
Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya tarixi əhəmiyyət daşımaqla yanaşı, Xəzəryanı ölkələr üçün yeni inkişaf imkanları açacaq. Bunun tarixiliyi təkcə Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsinin 22 ildən artlq bir zaman tələb etməsi deyil, eyni zamanda, anlaşma imzalandıqdan sonra regiona gətirəcəyi təhlükəsizlik, eləcə də iqtisadi inkişafa verəcəyi, yuxarıda vurğuladığım kimi, töhfə ilə əlaqədardır. 
Respublikamız Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsində fəal və eləcə də konstruktiv iştirak edən tərəflərdən biridir. Azərbaycan əvvəldən beynəlxalq normalar çərçivəsində Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi və buna uyğun olaraq Xəzərin bölgüsünün həyata keçirilməsinin tərəfdarı idi. Bu Konvensiya da nəticə etibarilə Xəzəryanı ölkələrin sözügedən dənizdən daha səmərəli şəkildə faydalanmasına imkan verəcək. Bu, bir tərəfdən Xəzəryanı ölkələr arasında əməkdaşlığın gücləndirilməsinə, digər tərəfdən dənizin beynəlxalq yükdaşımalarda rolunun və funksiyasının artırılmasına şərait yaradacaq. Çünki burada söhbət beynəlxalq yükdaşımalar, kəmərlərin çəkilməsi və digər məsələlər üzrə razılıq almaqdan gedir. 
Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi dəniz üzərindən daşınan yüklərin həcminə də təsir göstərəcək. Bu fikirlə bağlı qeyd etmək yerinə düşər ki, Azərbaycan Xəzər vasitəsilə yüklərin daşınmasında payının artmasına maraqlıdır. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının qurulması və yaşadığımız coğrafi ərazidə mövcud infrastruktur Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi kontekstində Azərbaycan və Xəzər üzərindən daha çox yüklərin daşınmasına imkan verəcək ki, bu da Xəzəryanı ölkələrin, eləcə də respublikamızın beynəlxalq yükdaşımalardan əldə etdiyi gəlirin artmasına zəmin yaradacaq. 
Beləliklə, Xəzəryanı ölkələr də daxil olmaqla, bu dəniz üzərindən daşınan yüklərin həcmində artımlar müşahidə ediləcək və bu da sözügedən ölkələrin gəlirlərinin artması baxımından mühüm önəm daşıyır. 
Konvensiyanın imzalanması kontekstində Ələt Beynəlxalq Dəniz Ticarət Limanı da Azərbaycan üçün qeyri-neft sektorunun inkişafı baxımından yeni mərhələyə daxil olacaq. Nəzərə alsaq ki, liman yükgötürmə gücünə görə regionda bu cür ən böyük infrastrukturlardan biridir, o zaman Xəzər dənizi üzərindən yüklərin daşınmasının daha qısa müddətə reallaşacağı aydın olur. 
Ələt Beynəlxalq Dəniz Ticarət Limanı iqtisadiyyatın diversifikasiyası, eləcə də ölkəyə daxil olan vəsaitlərin genişləndirilməsi baxımından da mühüm əhəmiyyətə malikdir. Bu isə limanı həm ölkə üzərindən keçən beynəlxalq yükdaşımalara təşviq edəcək, həm də iş adamlarının Azərbaycan üzərindən yüklərin daşınmasına marağının artmasına müsbət təsir göstərəcək. 
Yeri gəlmişkən, Azərbaycan hökuməti tərəfindən hazırda həyata keçirilən siyasət, eyni zamanda, beynəlxalq yükdaşımalarla bağlı prosedurların asanlaşdırılması və şəffaflığın gücləndirilməsinə xidmət edir. Azərbaycan, Gürcüstan və Qazaxıstan arasında vahid tariflərin tətbiqi ilə bağlı razılığın əldə edilməsi də beynəlxalq yükdaşımaların həcminin dinamik artacağından xəbər verir.
Xatırladım ki, 2016-cı ildə prosedurların sadələşdirilməsi və elektronlaşmanın tətbiqi, Ələtdə limanın imkanlarının genişləndirilməsi ötən il ərzində Azərbaycan üzərindən daşınan beynəlxalq qeyri-neft sektoru üzrə yüklərin 65 faiz artmasına gətirib çıxardı. Bu, onu göstərir ki, beynəlxalq yükdaşımalar artıq Azərbaycan üçün əhəmiyyətli gəlir mənbəyinə çevrilməkdədir. Yeni Konvensiyanın imzalanması isə ölkəmizin beynəlxalq yükdaşımalardan əldə edəcəyi gəlirin həcmini kəskin şəkildə yüksəldəcək.
Konvensiyanın imzalamasından sonra beynəlxalq yükdaşımaların həcminin artması Azərbaycan üçün strateji əhəmiyyət daşıyan Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin də əhəmiyyətini daha da artıracaq. Bu dəmir yolu həm region, həm də Azərbaycan üçün əhəmiyyətli layihələrdən biridir. Ona görə də Xəzərin hüquqi statusunun müəyyənləşməsi fonunda Avropadan Asiyaya və eləcə də əksinə daşınan yüklərin sayının artması Azərbaycanın təşəbbüsü ilə reallaşan dəmir yolu xəttinə tələbatı artıracaq. Nəticə etibarı ilə regionların – Orta Asiyanın, Türkiyənin, bütövlükdə isə Avropanın Asiya ilə birləşməsinə imkan verəcək. 
Konvensiya kəmərlərin çəkilməsi və bu istiqamətdə fəaliyyətin gücləndirilməsi, enerji resurslarının daşınması baxımından da mühüm önəm daşıyır. Bu, eyni zamanda, fərqli bazarlara çıxış imkanları deməkdir. Xəzəryanı ölkələrin fərqli bazarlara çıxış yolu əldə etməsi nəticədə enerji resurslarının daha məqbul qiymətə bazara çıxarılması baxımından vacib hesab olunur. Yeni anlaşma, həmçinin Cənub Qaz Dəhlizinin rentabelliyinin daha da artırılması baxımdan çox vacib hesab edilir. Belə ki, Konvensiyanın imzalanmasından sonra Orta Asiya ölkələrinin və xüsusən də Türkmənistanın kəmər vasitəsi ilə dəhlizə qoşulması imkanları artacaq. Avropa Birliyi xeyli müddətdir ki, rəsmi Aşqabad ilə bu istiqamətdə müzakirələr aparır. Nəzərə almaq lazımdır ki, investisiya tutumu 40 milyard dollardan artıq olan bu təşəbbüsün reallaşması Azərbaycanın məhz uğurlu və məqsədli siyasəti nəticəsində mümkün oldu. Çünki həm investisiyanın cəlb edilməsində, həm layihənin reallaşması ilə bağlı texniki məsələlərin həll olunmasında təbii ki, Azərbaycanın mövqeyi önəmli idi. Bu baxımdan biz həm region, eləcə də Avropa qitəsi üçün kifayət qədər əhəmiyyətli layihənin gerçəkləşməsini müşahidə edirik. 
Konvensiyaya əsasən, Xəzəryanı ölkələr sərhədlərin və xüsusən də Xəzərin dibindəki ehtiyatların istifadəsi ilə bağlı qarşılıqlı olaraq anlaşacaqlar. Azərbaycan artıq Rusiya və Qazaxıstanla belə bir anlaşma imzalayıb. Bu baxımdan söhbət Türkmənistan və İranla anlaşmanın əldə olunmasından gedir. İran Prezidenti Azərbaycanda səfərdə olarkən mübahisəli hesab olunan yataqların birgə işlənməsi ilə bağlı ilkin anlaşma imzalanmışdı. Bu isə o deməkdir ki, əslində Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi fonunda mübahisəli yataqların işlənməsi prosesi kifayət qədər genişdir. Azərbaycan praktik olaraq bu kontekstdə pozitiv və eyni zamanda, konstruktiv mövqe nümayiş etdirən ölkələrdəndir. Azərbaycan Prezidentinin siyasəti də məhz Xəzəryanı ölkələrin bu dənizin ehtiyatlarından səmərəli və qarşılıqlı fayda əsasında istifadəsinə nail olmaqdan ibarətdir. 
Azərbaycan mübahisəli yataqların birgə işlənməsi ilə bağlı tərəflərlə müzakirələr aparıb, qeyd etdiyimiz kimi, İranla artıq razılıq əldə edilib, Türkmənistanla da oxşar razılığın əldə ediləcəyi gözlənilir. Bu isə o deməkdir ki, keçmiş SSRİ dağıldıqdan sonra uzun müddət gündəmdə olan məsələ praktik olaraq həllini tapdı. Bütün bu proseslər boyu Azərbaycan məhz Xəzərin statusunun müəyyənləşdirilməsi və sözügedən istiqamətdə razılığın əldə olunmasında fəal çıxış edən ölkələrdən biri kimi yadda qaldı. 
Fikrimi yekunlaşdırıb əminliklə deyə bilərəm ki, Azərbaycan daxil olmaqla Xəzəryanı ölkələr üçün böyük iqtisadi dividendlər vəd edən anlaşma uzunmüddətli dövrdə regiona sülh və təhlükəsizlik gətirəcək.
Vüqar BAYRAMOV,
iqtisadçı alim

 

14 2018 23:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2018 | 18:13
UTECA-da Bilik Günü qeyd olunub
18 Sentyabr 2018 | 15:34
Hindistanlı təlimçilər Lahıcda
18 Sentyabr 2018 | 15:33
Üzgüçünün ikiqat sevinci
18 Sentyabr 2018 | 15:25
Romanın Olimpiya stadionunda
18 Sentyabr 2018 | 15:23
Heyət məlumdur

Ən son xəbərləri səhifəmizdən də izləyin