Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Heydər Əliyev və ümumtürk birliyi ideyası

Heydər Əliyev və ümumtürk birliyi ideyası

...bizim xalqlarımız əsrlər boyu bir-birinə yaxın dost olmuşlar. Biz bir kökdənik, biz birdilli xalqlarıq. Bizim milli ənənələrimiz çox yaxındır,  bir-birinə bənzərdir, oxşardır. Ona görə də bunlar hamısı xalqlarımızı hələ biz müstəqil olmadığımız vaxtda, ayrı-ayrı dövlətlərin əsarəti altında yaşadığımız vaxtda da bir-birimizdən ayırmayıb, bir-birimizə bağlayıb, bir-birimizlə daha sıx əlaqədə saxlayıb. İndi isə xalqlarımız öz müstəqilliyini əldə edəndən sonra, müstəqil dövlət kimi dünyada  tanınandan sonra biz tarixi ənənələr əsasında, həmin fundamental əsaslar üzərində bundan sonra da irəliyə getməliyik, inkişaf etməliyik.
Heydər ƏLİYEV 
Ümummilli lider

 

Böyük İpək Yolu layihəsinin reallaşdırılmasında və türkdilli cümhuiyyətlərin qırılmaz tellərlə bir-birinə
bağlanmasında Bakı-Tbilisi -Ceyhan boru xəttinin müstəsna əhəmiyyəti vardır. Ulu öndər Heydər Əliyev 
bütün qüvvəsini həmin xəttin gerçəkləşməsinə yönəltmişdi. Tarix onun bu uzaqgörənliyini qısa bir zamanda təsdiq etdi.Tərəddüd etmədən demək olar ki, Baykal-Amur magistralının tikintisi, qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru xətti layihəsi, Şərq-Qərb nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu ideyaları Heydər Əliyevin türk dünyasının birləşdirilməsi istiqamətində əvəzsiz xidmətləridir.

 

Tarixi təcrübə göstərir ki, zəngin təbii sərvətləri və güclü iqtisadi potensialı olan ölkələrdə müstəqilliyin qorunub saxlanılması bəzən onun əldə edilməsindən daha çətin və mürəkkəbdir. Düşmən təcavüzünə məruz qalan və müstəqilliyin başlanğıcında təcrübəsiz və  qorxaq rəhbərlərin əlində oyuncağa cevrilən Azərbaycanda bu vəziyyət daha mürəkkəb idi. Ölkəmiz o zaman təkcə dövlət müstəqilliyini itirmək təhlükəsi ilə deyil, üstəlik, daxildən parçalanmaq qorxusu ilə də üzləşmişdi. Həm də xalqımız iqtisadi sarsıntılar, çətinliklər girdabına düşmüşdü.
1993-cü ildə xalqın istəyi və tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev bu acınacaqlı duruma son qoydu. Ölkəmizdə müstəqil, demokratik, hüquqi dövlətin möhkəm təməli ulu öndərin rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası ilə qoyuldu. Dünya standartlarına uyğun olaraq, hazırlanmış və ümumxalq referendumu ilə qəbul edilmiş bu Konstitusiya xalqımızın suveren hüquqlarını, insan və vətəndaş hüquqlarını və azadlıqlarını birdəfəlik xalqın özünə qaytardı.
Müstəqillik əldə etmiş dövlətlərin təcrübəsi göstərir ki, suveren sosial-iqtisadi inkişafın müvəffəqiyyəti, ilk növbədə, iqtisadi müstəqilliyin təmin edilməsindən və köhnə iqtisadi sistemin yenisi ilə əvəz olunmasından asılıdır. Ona görə də Konstitusiyada birmənalı şəkildə təsbit edildi: təbii ehtiyatlar hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan Respublikasına məxsusdur; ölkədə iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir; Azərbaycan dövləti bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. Bütün bunların əsasında  Azərbaycan dövləti xalqın və hər hansı bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır, mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir, ölkənin təbiətini, xalqın tarixi, maddi və mənəvi irsini qoruyur.
O dövrdə Azərbaycan dövlətinin qarşısında duran ali məqsədə çatmaq üçün  ilk növbədə, iqtisadi sabitliyin təmin olunması tələb edilirdi. Çünki 1990-1994-cü illərdə tüğyan edən hiperinflyasiya iqtisadiyyatın əsaslarını sarsıdır, əhalinin maddi və sosial vəziyyətini getdikcə ağırlaşdırırdı. Birmənalı şəkildə aydın idi ki, həyata keçirilən iqtisadi siyasətin müvəffəqiyyəti genişmiqyaslı sabitləşdirmə tədbirləri ilə inflyasiyanın cilovlanmasından və maliyyə sabitliyinin təmin olunmasından asılıdır.
Ölkə iqtisadiyyatında bazar prinsiplərinin bərqərar olmasını təmin etmək üçün onun liberallaşdırılması istiqamətində radikal addımlar atıldı.1994-1995-ci illərdə xarici ticarət əməliyyatlarının liberallaşdırılmasına başlanıldı. Xarici ticarət sahəsində liberallaşdırma tədbirlərinin önə çəkilməsi qısa bir zamanda açıq qapı siyasətinin tətbiq edilməsi zərurətindən doğurdu. İqtisadi liberallaşdırma qiymət islahatlarının da radikal şəkildə davam etdirilməsini tələb edirdi. Bununla əlaqədar olaraq 1995–1996-cı illərdə qiymətlərin formalaşması prosesinin inzibati – amirlik sisteminin qalıqlarından azad olunması başa çatdırıldı. Bununla da bazar iqtisadiyyatının əsas prinsiplərindən birinin, yəni qiymətlərin bazarda sərbəst şəkildə tələb və təklif amillərinin qarşılıqlı təsiri altında formalaşması prosesinin başlanmasına  yol açıldı. Bu proses bazar iqtisadiyyatının digər vacib elementi olan valyuta rejiminin sərbəstləşdirilməsi ilə tamamlandı.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli iqtisadi islahatlar az bir zamanda geniş beynəlxalq dəstək qazandı. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Azərbaycanda iqtisadi islahatlar haqqında xüsusi proqram hazırladılar və ölkəmizə maliyyə yardımı göstərdilər. Həmin təşkilatlarla sıx əməkdaşlıq şəraitində hazırlanmış sabitləşdirmə proqramına uyğun olaraq, iqtisadiyyatın liberallaşdırılmasına yönələn radikal islahatlar dönməz xarakter aldı.
Deyilənləri yekunlaşdıraraq, göstərmək lazımdır ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin daha da inkişaf etdirdiyi strateji kurs Azərbaycanı qlobal zirvələrə doğru gedən ölkələr qrupunda öncül mövqeyə çıxardı. 
Ümummilli lider Heydər Əliyevin siyasi-ideoloji fəaliyyəti yalnız Azərbaycanla məhdudlaşmayıb, onun hüdudlarından kənarda, bütövlükdə türk dünyasında da dərin izlər buraxdı. Bu sahədə gördüyü işlər az bir zamanda onu türk dünyasının danılmaz liderinə çevirdi. Ulu öndər türk dünyasının həmrəyliyinin, bütün sahələrdə intensiv əməkdaşlıgının tarixi əhəmiyyətini dərindən dərk edir və qürurla deyirdi: “Mən bu gün, həqiqətən, qeyd etmək istəyirəm ki, bizim xalqlarımız əsrlər boyu bir-birinə yaxın dost olmuşlar. Biz bir kökdənik, biz bir dilli xalqlarıq. Bizim milli ənənələrimiz bir-birinə bənzərdir, oxşardır. Ona görə də bunlar hamısı xalqlarımızı hələ biz müstəqil olmadığımız vaxtda, ayrı-ayrı dövlətlərin əsarəti altında yaşadığımız vaxtda da bir-birindən ayırmayıb, bir-birinə bağlayıb, bir- birimızlə daha sıx əlaqədə saxlayıb. İndi isə xalqlarımız öz müstəqilliyini əldə edəndən, müstəqil dövlət kimi dünyada tanınandan sonra biz tarixi ənənələr əsasında, həmin fundamental əsaslar üzərində bundan sonra da irəliyə getməliyik, inkişaf etməliyik”.
Dünya şöhrəti qazanmış böyük tarixi şəxsiyyətin türk dünyasının birləşməsi və möhkəmlənməsi yolunda gördüyü işlər, irəli sürdüyü ideyalar, söylədiyi olduqca mükəmməl elmi-nəzəri mülahizələr reallıqlara əsaslanmaqla, böyük təcrübi və tarixi əhəmiyyətə malikdir. Həmin sözlər türk dünyasının birləşməsində, regionun nüfuzlu bir ictimai-siyasi qüvvəsinə çevrilməsində əhəmiyyətli rol oynadı.
XX əsrin son onilliyində sovet imperiyasının süqutu, dünyanın bloklara bölünməsinin aradan qaldırılması “soyuq müharibə”yə son qoydu, böyük bir coğrafi bölgədə geosiyasi vəziyyəti kökündən dəyişdirdi. Bəşəri tərəqqi üçün dünya təsərrüfatı sisteminin bütün həlqələri arasında qarşılıqlı-faydalı əlaqələrin daha da dərinləşməsi yolunda geniş imkanlar yarandı. Bu coğrafi məkanda Xəzər hövzəsinin zəngin neft yataqlarının mühüm bir hissəsinə nəzarət edən Orta Asiya və Qafqazın yeni müstəqil dövlətləri özünəməxsus yer tutur. Dünyanın neft xəzinəsi sayılan İran körfəzindən sonra öz əhəmiyyətinə görə ikinci yerdə duran bu regionda neft ehtiyatı 30 milyard ton, qaz ehtiyatı isə onlarla trilyon kubmetr təşkil edir. Mütəxəssislərin hesablamalarına görə, XXI əsrin ikinci yarısında orta illik neft hasilatı burada 100 milyon tona çata bilər. Uran və digər mühüm filiz növləri, qızıl ehtiyatı, habelə pambıq parça istehsalı imkanları nəzərə alındıqda regionun əhəmiyyəti daha da artır.
Zəmanəmizdə türk dünyasının birləşməsi zərurəti dünya sivilizasiyasına böyük töhfələr vermiş türkdilli cümhuriyyətləri də əhatə etmişdir.Yeni dövrdə yaranmış tarixi imkan nəticəsində türkdilli cümhuriyyətlər (TDC) son illərdə sürətlə inkişaf edərək, qlobal dünyada mühüm nüfuz sahibi olmuş, öz aralarında siyasi, iqtisadi, mədəni və elmi-texniki sahələrdə əlaqələri əhəmiyyətli dərəcədə genişləndirmişlər.TDC-nin İşbirliyi Şurası, Parlament Assambleyası, mədəniyyət sahəsində TÜRKSOY və digər sahələrdə sağlam qurumlar yaradılmışdır.
Türkdilli cümhuriyyətlərin 70 illik bir dövrdə “dəmir pərdələrlə” dünya birliyindən siyasi, iqtisadi və mədəni cəhətdən təcrid olunması və bu ölkələrin əsas aqrar-xammal bazası rolunu oynaması onların müstəqillik əldə etdikdən sonra dünya birliyinə sürətlə və səmərəli inteqrasiya etmələrini obyektiv olaraq zəruri edirdi. Bu amil həmin ölkələrin dünya bazarının tələblərinə uyğunlaşdırılması üçün köklü və təcili tədbirlər görülməsini israrla tələb edirdi. Buna baxmayaraq, türkdilli cümhuriyyətlərdə regional iqtisadi inteqrasiya prosesi ağır siyasi və iqtisadi şərtlər əsasında formalaşmağa başlamışdır. Müstəqillik illərində bu ölkələrin öz aralarında və dünya dövlətləri ilə iqtisadi əlaqələrinin yenidən qurulması kimi mürəkkəb bir proses başlanmışdır. 
Bu ölkələr xam neft, təbii qaz, sənaye xammalı ilə yanaşı, çox çeşiddə sənaye məhsulları da istehsal etmək və ixraca yönəltmək potensialına malikdir. Hər bir ölkənin təbii sərvətlərini hərəkətə gətirərək istehsalın səviyyəsinin yüksəldilməsi və iqtisadi inkişaf yoluna çıxması ciddi şəkildə satış bazarlarının geniş olmasından asılıdır. Bazarların genişlənməsi və dərinləşməsi iqtisadiyyatın səmərəliliyinin yaxşılaşdırılmasına və inkişaf sürətinin artırılmasına səbəb olur. Məsələn, ABŞ-da transmilli şirkətlərin meydana gəlməsi və dünyanın nəhəng şirkətlərinə çevrilməsi çox böyük bazarların təmin etdiyi üstünlüklər sayəsində mümkün olmuşdur. Avropa Birliyi də böyük bazarların təmin etdiyi üstünlüklərdən faydalanmaq məqsədi ilə dünyada ilk mükəmməl regional birlik yaratmağa nail olmuşdur.
Dünya dövlətlərinin ­çoxillik təcrübəsi göstərir ki, bol təbii sərvətlərə sahib olan TDC-nin gələcək sosial-iqtisadi inkişafı, onların qlobal və regional proseslərə aktiv və səmərəli şəkildə qatılmasından əhəmiyyətli dərəcədə asılıdır. Qloballaşma dövründə tərəqqinin, sənaye istehsalının artırılmasının və sosial-iqtisadi inkişafın həlledici amili heç də neft və qaz, təbii sərvətlər deyil, intellektual və elmi-texniki ehtiyatların artırılmasıdır. Belə resurslar isə tamamilə aydındır ki, uzun tarixi dövrdə inkişaf etmiş dünya dövlətlərinin topladığı zəngin təcrübəni hərtərəfli öyrənmək və ondan istifadə etməklə artırıla bilər. Bütün bunlar isə qarşılıqlı iqtisadi əlaqələri inkişaf etdirmək və beynəlxalq əlaqələr sisteminə intensiv qoşulmaqla mümkündür.
Vurğulamaq lazımdır ki, türk dünyasının bir-birilə, o cümlədən bütün dünya ilə birləşdirilməsində Heydər Əliyevin tarixi İpək Yolu layihəsinin həyata keçirilməsində göstərdiyi səy və xidmətlər müstəsna əhəmiyyətə malikdir. Bu tarixi layihənin əsas məqsədi Orta Asiya və Qafqaz ölkələrinin dünya iqtisadiyyatına fəal qoşulmasını təmin etməkdən ibarətdir. Bu isə həmin cümhuriyyətlərin 70 illik sovet dövründə yığılıb qalmış sosial-iqtisadi problemlərinin həll edilməsi və nəhayət, bu dövlətlərin siyasi və iqtisadi müstəqilliklərinin güçləndirilməsi üçün daha geniş perspektivlərin açılması deməkdir. Heydər Əliyevin iqtisadi siyasəti məhz bu məqsədlərə yönəlmişdir. 
Böyük İpək Yolu layihəsinin reallaşdırılmasında və türkdilli cümhuiyyətlərin qırılmaz tellərlə bir-birinə bağlanmasında Bakı-Tbilisi -Ceyhan boru xəttinin müstəsna əhəmiyyəti vardır. Ulu öndər Heydər Əliyev bütün qüvvəsini həmin xəttin gerçəkləşməsinə yönəltmişdi. Tarix onun bu uzaqgörənliyini qısa bir zamanda təsdiq etdi.Tərəddüd etmədən demək olar ki, Baykal-Amur magistralının tikintisi, qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru xətti layihəsi, Şərq-Qərb nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu ideyaları Heydər Əliyevin türk dünyasının birləşdirilməsi istiqamətində əvəzsiz xidmətləridir.
Bu gün dünyada 6 müstəqil türk dövləti mövcuddur. Keçən əsrin 90-cı illərindən başlayaraq  bu dövlətlərin birgə istəyi və hədəfi ortaq mənəvi mirasın qorunması və təbliğ olunması, iş birliyinin genişləndirilməsidir. Təsadüfi deyildir ki, ulu öndər Heydər Əliyev türk dünyasının gələcəyinə böyük ümidlər bəsləyirdi. O deyirdi: “Özünün yeni yüksəliş dövrünü yaşayan çağdaş türk dünyası bəşər sivilizasiyasına yeni misilsiz nümunələr vermək iqtidarındadır. Bu gün öz suverenliyini əldə etmiş bir çox türk cümhuriyyətlərinin bu sıraya qoşulması türk dünyasının gələcəyinə işıqlı ümidlər oyadır. İqtisadi, siyasi və mədəni həyatın sıx telləri ilə birləşməyə başlamış türk xalqları yeni dünyanın mühüm amillərindən birinə çevrilməkdədir.”
Heydər Əliyevin türk dünyasının gələcəyinə böyük inamı nə ilə bağlıdır? Araşdırmalar göstərir ki, böyük iqtisadi və demoqrafik potensiala malik olan türkdilli cümhuriyyətlər intensiv olaraq qlobal iqtisadi sistemə qoşulmağa və onun verdiyi üstünlüklərin bütün parametrlərindən faydalanmağa böyük önəm verirlər.
Bu gün türk cümhuriyyətlərini dünya nəhəngləri öz nüfuz dairələri altında saxlamağa çalışırlar. Hazırda türk dünyası bu iki nəhəng qüvvə arasında bölünmüş kimi görünür. Amma hesab edirəm ki, qloballaşmadan ən çox qazancı böyük Türk soyu əldə edəcəkdir.Belə bir fikrin nə qədər əsaslı olduğunu görmək üçün aşağıdakı amillərə diqqət etmək lazımdır.
Türk cəmiyyətinin dayandığı sağlam mənəvi təməl ona qloballaşmanın mənfi nəticələrindən yüksək dərəcədə qorunmaq imkanı verir. Həmin mənfi amillər isə bunlardır: milli-mənəvi dəyərlərin aşınması, mənəviyyatsızlıq nəticəsində genetik irsin ciddi təhlükə altına düşməsi, sağlam cəmiyyətin təməli olan ailə həyatının sarsılması, yer üzünün əşrəfi olan insanın zərərlı vərdişlər nəticəsində deqradasiyaya uğraması və başqaları. Uca Tanrı türk soyuna çağdaş sivilizasiyanı təhlükəyə sürükləyən həmin mənfi təsirlərdən qorunma və əksinə, onları özlərinin lehinə çevirmə imkanı vermişdir.
Qloballaşmanın yaratdığı yeni demoqrafik konyuktura türk cəmiyyətinin xeyrinədir və onun dünyada rolunun və təsirinin daha da artmasına şərait yaratmışdır. Qərb və Rusiyada əhalinin artımı sıfır nöqtəsinə yaxınlaşdığı və əhalinin yaşlanma prosesinin sürətləndiyi bir dövrdə türk dünyasında əhalinin sürətli artımı və gəncləşməsi prosesi başlanmışdır. Müsbət demoqrafik faktor yalnız türk dünyasının sərhədləri daxilində deyil, həm də bu sərhədlərdən kənarda çox böyük təsir gücünə malikdir. Avropa və Rusiyada türkdilli əhalinin geniş yayılması, sadəcə olaraq türk dünyasından “brain-drain”(beyin köçü) olaraq dəyərləndirilməməlidir. Bu, eyni zamanda, türk kültürünün, türk ruhunun dünyaya yayılması, türkçülüyün dünyada bilavasitə və real olaraq tanıdılmasıdır. Bundan başqa, Qərbin elm və texnologiyasının, Qərb idarəçiliyinin yerindəcə mənimsənilərək doğma yurda gətirilməsidir.
Mustafa Kamal Paşanın “Yurdda sülh, cahanda sülh!” şüarı bütün türk cümhuriyyətlərinin daxili və xarici siyasətinin əsasını təşkil edir.Bu siyasət onlara özlərinin yaxın və uzaq qonşuları ilə dostluq əlaqələrini qurmağa, çox mürəkkəb regionda və bütün dünyada öz milli mənafelərinə uyğun strateji kurs yeritməyə şərait yaradır.
Türk dünyasının birləşməsində böyük əngəllərdən biri türk cümhuriyyətləri arasında uzun müddət birbaşa nəqliyyat əlaqələrinin, daha doğrusu, yolların olmaması idi. Bu da türk dünyasını parçalamaq istəyən imperiya dövlətlərinin illər boyu yeritdikləri siyasətin nəticəsidir. XIX əsrdə Orta Asiya və Qafqaz xalqlarının çar Rusiyası tərəfindən istilasından sonra onların min illərlə qaynayıb-qarışdıqları cənub qonşuları və digər dövlətlər ilə ənənəvi əlaqələri kəsildi. Sivilizasiyaya İbn Sina, Nəsirəddin Tusi və yüzlərlə düha bəxş etmiş bu ölkələrə “Rusiyanın ucqarı” damğası vuruldu. Müstəmləkəçilik siyasətini davam etdirən Sovet imperiyasında bu ölkələri dünya ilə birləşdirən yollar yalnız Rusiya torpaqlarından keçirdi. Bu, yalnız görünən yollara  deyil, eyni zamanda, görünməyən mədəni-mənəvi yollara da aid idi. Orta Asiya xalqları və Azərbaycan dünya mədəniyyətinə yalnız rus mədəniyyəti ilə qoşulurdu. Dünya klassikləri əsasən rus dilindən tərcümə olunurdu. Bir sözlə, bu xalqların yalnız bir pəncərəsi – Rusiyanın icazə verdiyi pəncərə açıq idi.
Qərbin maddi və mədəni dəyərlərindən geniş yararlanmağa çalışan bu ölkələrin zəngin təbii sərvətləri hazırda Avropanın ehtiyaclarının qarşılanması üçün mənimsənilməyə başlanmış və dünya siyasətinin ana xəttindən birinə çevrilmişdir. Yeni İpək Yolu probleminin aktuallaşması Şərqdən enerjidaşıyıcıların Qərbə asan yolla çatdırılması, yeni kommunikasiya xətlərinin açılması ilə əlaqədardır. Bu amil də türk dünyasının birləşməsi və dünyada rolunun artması üçün çox faydalıdır. Ulu öndərin böyük uzaqgörənliklə reallaşdırdığı Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu layihələri çox ciddi strateji əhəmiyyət daşıyır və iqtisadi olmaqla bərabər, həm də siyasi və mədəni əhəmiyyətə malikdir.
Bütün türk cümhuriyyətlərində islami dəyərlər və türk ruhu yüksəlir. Türk dünyasının həmrəyliyi və birliyi, bütün dünyada yaşayan türklərin diaspor şəklində təşkilatlanması, mədəni-siyasi, iqtisadi əlaqələrin genişlənməsi Heydər Əliyev ideyalarının və arzularının müasir dünyada reallığa çevrilməsidir. Bir millət – yeddi dövlət, iyirmi doqquz qohum və əqrəbanın birlik və bərabərlik içində olması misilsiz güc deməkdir.
Türk dünyasının böyük oğlu Heydər Əliyev məhz bunu arzulamış və bütün şüurlu fəaliyyətini bu vacib işə həsr etmişdir.

 

Dünyamalı VƏLİYEV,  
AMEA-nın Ziya Bünyadov adına  Şərqşünaslıq İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru

 

12 Dekabr 2018 23:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə