Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ədliyyə işçiləri ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad ediblər

Ədliyyə işçiləri  ulu öndər Heydər Əliyevin  əziz xatirəsini yad ediblər

Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə Vətəni və xalqı qarşısında müstəsna xidmətləri, dövlət müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, ölkəmizin beynəlxalq aləmdə böyük uğurlar qazanmasında, Azərbaycan dövlətçiliyinin nailiyyətlərində əvəzsiz rolu və misilsiz fəaliyyəti qədirbilən xalqımız tərəfindən hər zaman dərin minnətdarlıq hissi ilə yad edilir, ulu öndərin əziz xatirəsi daim uca tutulur.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dekabrın 12-də ümummilli lider Heydər Əliyevin vəfatının on beşinci ildönümü ilə əlaqədar ədliyyə işçiləri Fəxri xiyabanda ulu öndərin abidəsini ziyarət edərək məzarı önünə gül dəstələri düzüb, dahi rəhbərə dərin ehtiramlarını bildiriblər. Sonra əbədiyaşar liderin nazirlikdəki büstü önünə tər çiçəklər qoyulub, işıqlı xatirəsi anım mərasimində bir dəqiqəlik sükutla yad edilib.
Nazirliyin Heydər Əliyev muzeyində təşkil olunmuş mərasimdə ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan müdrik siyasətçi və dövlət xadimi Heydər Əliyevin şərəfli və mənalı həyat yolundan, zəngin dövlətçilik irsindən bəhs edib. Nazir dahi öndərin qurub yaratdığı müstəqil Azərbaycan dövlətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı və sürətli inkişafını qeyd edib, respublikamızın bütün sahələrdə, o cümlədən ədliyyə və məhkəmə-hüquq sistemində nailiyyətlərini vurğulayıb.
Bildirilib ki, 100 illik tarixi olan Ədliyyə Nazirliyinin dövlət strukturu kimi yenidən təsis edilməsi bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ədliyyə tarixinə həsr olunmuş, bu ərəfədə ərsəyə gəlmiş “Azərbaycan ədliyyəsi davamlı inkişaf yolunda” adlı kitabda ulu öndərin fəaliyyətinin bütün dövrlərində ölkəmizin hüquq, o cümlədən ədliyyə sisteminin inkişafı naminə göstərdiyi müstəsna xidmətləri xüsusi yer alıb.
Çıxış edənlər dahi liderin müəyyənləşdirdiyi dövlətçilik prinsiplərinə daim sadiq qalacaqlarını, respublikamızın hərtərəfli inkişafı və müasirləşməsi naminə yorulmaz fəaliyyətində Azərbaycan Prezidentinə layiqli yardımçı olmaqla qanunun aliliyinin, insan hüquq və azadlıqlarının qorunması üçün əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.
Anım günü ilə bağlı ədliyyənin bütün struktur qurumlarında tədbirlər keçirilib. Ədliyyə fəaliyyətinə cəlb olunmuş gənc könüllülər nazirliyin Heydər Əliyev muzeyində ümummilli liderin zəngin həyatı və çoxşaxəli fəaliyyətinə dair maraqlı ekspozisiyalarla tanış olublar. Onlar üçün mühazirə söylənilib, elektron məlumat lövhəsində fotoslaydlar və kinozalda filmlər nümayiş etdirilib. 

12 Dekabr 2018 23:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin