Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kiyevdə ümummilli lider Heydər Əliyevin anım mərasimi

Kiyevdə ümummilli lider Heydər Əliyevin anım mərasimi

Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və fəallarının iştirakı ilə ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib. 
Diasporla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumatda bildirilir ki, tədbir ümummilli liderin büstü önünə əklil və gül dəstələrinin qoyulması ilə başlayıb. Daha sonra iştirakçılar Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto və kitab sərgisi ilə tanış olublar.
Tədbirdə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbəri Daşqın Rəcəbli ümummilli liderin həyat və fəaliyyəti barədə çıxış edərək Azərbaycan diasporunun formalaşması və inkişafında dahi şəxsiyyətin əvəzedilməz rolundan danışıb. 
Tədbirdə Heydər Əliyevə həsr edilmiş “Böyük ömrün anları” filmi nümayiş etdirilib. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna Azərbaycan Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadov, Azərbaycanın Ukraynadakı sabiq səfiri Tələt Əliyev, diaspor fəalı Akif Gülməmmədov, Ukrayna Ali Radasının deputatı Georgi Meperişvili, Yəhudi diasporunun rəhbəri Roksana Qomarnik, Vişneva şəhərinin deputatı Artyom Qlinskiy, Ukrayna Kikboksinq Federasiyasının vitse-prezidenti, Ukrayna Azərbaycan Birləşmiş Diasporunun sədr müavini Elşad İbrahimov, Ukrayna azərbaycanlı gənclər birliyinin sədri İlhamə Allahverdiyeva və digərləri çıxış edərək Heydər Əliyevin dövlətçilik fəaliyyətini yüksək dəyərləndiriblər. Tədbirdə ümummilli liderin Ukrayna-Azərbaycan münasibətlərinin formalaşması və inkişafında rolu, Ukrayna dövlətinə xüsusi əhəmiyyət verməsi, Ukraynada Azərbaycan diasporunun gücləndirilməsi istiqamətində gördüyü işlərdən geniş söhbət açılıb. Ukrayna Kikboks Federasiyasının vitse-prezidenti Elşad İbrahimov gələn il Ukraynada ümummilli liderin xatirəsinə həsr edilmiş kikboks turnirinin keçiriləcəyi barədə iştirakçılara məlumat verib. Anım mərasimi diaspor rəhbərləri və fəallarının dahi Heydər Əliyev haqqında xatirələrinə dair fikir mübadiləsi ilə davam edib.

Samirə ƏLİYEVA, 
“Xalq qəzeti”

12 Dekabr 2018 23:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə