• USD: 1.7000
  • EUR: 1.9245
  • RUB: 0.0252
  • TRY: 0.3109
  • Bakı + 8.7 ° C / 98%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan beynəlxalq konvensiyalara məhəl qoymur

Ermənistan beynəlxalq  konvensiyalara məhəl qoymur

Ermənistan ... beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozur. Ermənistan işğal olunmuş torpaqlarda qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirməyə çalışır. Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycan xalqının çoxsaylı tarixi, memarlıq və dini abidələrini məhv etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xəzəryanı ölkələrin prezidentlərinin V Zirvə toplantısındakı çıxışından

 

Ermənistanın tarixi abidələrimizi məhv etməsi və saxtalaşdırması ilə bağlı cinayət əməlləri ümumilikdə bəşəriyyətə qarşı yönəlmiş vəhşilikdir. Erməni vandalları işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektlərini xüsusi qəddarlıqla məhv etmişlər. Ələ keçirdikləri ərazilərdə onlar 12 muzeyi və 6 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət etmiş və yandırmışlar. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunmuş, 44 məbəd və 9 məscid təhqir edilmişdir. Dağıdılan və yandırılan 927 kitabxanada 4 milyon 6 yüz min kitab və qədim əlyazma nümunələri məhv edilmişdir.
Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində ölkəyə dəymiş ziyan təxminən 500 milyard ABŞ dollarından çoxdur.
1994-cü ildə atəşkəsin əldə edilməsindən sonrakı 24 il ərzində işğal altındakı ərazilərdə dağıdılan mədəniyyət, tarixi-dini abidələrin sayı hərbi münaqişə zamanı dağıdılmış abidələrin sayından çoxdur. Bununla da Ermənistan 300-dən çox beynəlxalq konvensiyanın müddəalarını pozub. Təəssüf ki, dünya ictimaiyyəti ermənilərin ölkəmizin təbiətinin başına gətirdiyi bəlalara biganə münasibət göstərir. Erməni vandalizmi, onların işğal olunmuş Azərbaycan ərazilərində, eləcə də Ermənistanda mədəniyyət, tarixi-dini abidələrə qarşı törətdikləri vəhşiliklər haqqında kifayət qədər əsaslı faktlar var. Bu gün isə məqsəd bu faktları müxtəlif dillərdə dünya ictimai rəyinə çatdırmaqdır. Bununla bağlı Heydər Əliyev Fondu böyük işlər görür. 
Tarixi abidələr xalqın keçmişinə işıq tutan, onun yaddaşını həmişə təzə saxlayan canlı arxivlərdir. Tarixi-dini abidələr isə xalqın təkcə tarixi deyil, həm də mənəvi, ruhi yaddaşını hifz edən müqəddəs məkanlardır. Bu baxımdan ermənilərin tarixi-mədəni abidələri, o cümlədən məbədlərimizi məhv etmələri məqsədlidir. Onlar bu yolla minilliklər ərzində yaşadığımız torpaqlardan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı silib atmaq, məhv etmək istəyirlər. 
Ermənilər tərəfindən nadir tarixi mədəniyyət abidələrimizin dağıdılması, İslam dininə aid olan nümunələrin məhv edilməsi və hətta tarixi abidələrin restavrasiyası adı altında Qafqaz Albaniyasına aid mədəni irsin saxtalaşdırılması, erməniləşdirilməsi prosesi bu gün də davam edir. 
Konkret faktları diqqətə çatdırmaq istərdik.Üçoğlantəpə adlanan ərazidə aparılan tədqiqatlar nəticəsində qədim insanların Eneolit dövründə (m.ə IV-VI minillik) məskunlaşmağa başladığı qeyd edilən Ağdam rayonunda onlarca tarixi-dini və memarlıq abidəsi mövcuddur. Kəngərli və Şahbulaq kəndlərində VI-VIII əsrlərə aid məbədlər, Madagiz kəndində “Yeğiş Arakel” və “Ureq” (XII əsr), Maqavuz kəndində (XIII əsrə aid) məbədlər, Xaçındərbətli kəndində Qutlu Musa türbəsi (1314-cü il), Ağdam şəhərindəki (XVIII əsr) Xanoğlu türbəsi, Uğrulla bəyin türbəsi, eləcə də pirlər, qəbiristanlıqlar darmadağın edilib. 
Dağıdılan tarixi memarlıq abidələri sırasında isə Hatəm Məlik qalası (XII əsr), Sərdabə, iki sandığabənzər abidə, Pənah xanın imarəti, İqamətgah, Karvansaray və Bürc (XVIII əsr), Xurşudbanu Natəvanın qəbirüstü abidəsi və s. kimi abidələr var. 1868-1870-ci illərdə tikilmiş Ağdam Cümə məscidi də erməni təcavüzünün qurbanına çevrilmişdir.
Azərbaycanın tarixi abidələri, eyni zamanda, dini təyinatlı abidələri ilə zəngin olan Cəbrayıl rayonunda isə “Şəhərşik qalıqları”, “Qışlaq yerləri” (m.ə. II minillik), Siklop tikililəri (m.ə. III minillik), Şıxbaba türbəsi (XIV əsr), Səkkizguşəli türbə və müxtəlif ziyarətgahlar, qəbiristanlıqlar, eləcə də tarixi memarlıq abidələrinin sırasında olan Ağoğlan nekropolu, Məscidtəpə kurqanı, Qız qalası, Qala bürcü, “Dövlət sarayı”, Başıkəsik günbəz, Xanəgah və bir çox kurqanlar işğal nəticəsində məhv edilmişdir. 
Vahid Azərbaycan rəmzi kimi qəbul edilən Xudafərin körpüsü də Cəbrayıl rayonunda yerləşir. Bu körpü haqqında ilk məlumat VIII-IX əsrlərə aiddir. Araz çayının ən dar, qayalıqla əhatələnən yerində inşa edilmiş ilk körpü VIII əsrin sonundan başlayaraq, XIX əsrə kimi fəaliyyət göstərmişdir. Kərpic körpü isə XII əsrdə tikilmişdir. 
Tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin olan Füzuli rayonunda XIII əsrə aid türbələr, Mirəli türbəsi, orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşı üzərindəki türbə, XIX əsrə aid olduğu söylənilən Cəlil türbəsi, Hacı Ələkbər məscidi, Qiyasəddin məscidi dağıdılıb. Alı körpüsü, Kərəm körpüsü, Sandığabənzər başdaşı, Oğuz qəbri, Karvansaray rayonun tarixi memarlıq abidələridir. 1681-ci ildə inşa olunan karvansaray (bu tarixi abidəyə bəzən Şah Abbas karvansarayı da deyirlər) işğaldan sonra ermənilər tərəfindən mal tövləsinə çevrilib.
Tarixi-dini abidələrlə zəngin Kəlbəcər rayonunda isə onlarca Alban məbədləri, kilsələr mövcud olub. Rayonda V-XVII əsrlərə aid Alban məbədləri, Müqəddəs Yaqub kilsəsi, Qırmızı məbəd, Urek məbədi, onlarca məscid, qəbiristanlıq, ziyarətgahlar və bir çox tarixi-dini abidələr məhv edilib. Erməni işğalçıları rayonda mövcud olan tarixi memarlıq abidələrini -- Dovşanlı nekropolu (Son Tunc və İlk Dəmir dövrü), Balıqaya nekropolu (Son Tunc və İlk Dəmir dövrü), ərəb yazısı ilə 4 ədəd Daş qoç fiqurları, Celabert qalası, Lök qalası, Uluxan qalası, Qalaboynu qalası, Comərd qalası, Keşikçi qalası, eləcə də Zar, Zəylik, Keşdək kəndlərindəki Urud abidələrini darmadağın ediblər. 
Respublikamızın təbii sərvətləri ilə zəngin guşələrindən biri olan Laçın rayonu ərazisində V-VI əsrlərə aid alban monastırı olan “Ağoğlan” məbədi, Mağara məbədi (V əsr), Məlik Əjdər türbəsi (XIV əsr), Xəlifə türbəsi (XVII əsr), Soltanbaba və Şeyx Əhməd türbələri, orta əsrlərə aid “Aşığ” qəbiristanlığı və müxtəlif tarixi-dini abidələr mövcud olub. Həmçinin Dəmir dövrünə aid kurqanlar, Körpü (X əsr), Qala (XV əsr), ərəb yazıları olan daş at fiqurları (XVI əsr), daş qoyun fiquru, Soltan Əhməd sarayı, Həmzə Soltan sarayı, Kafir-qala, Birtağlı, İkitağlı körpülər, Sarı Aşığın ev-muzeyi, Laçın şəhərində Laçın Tarix-Diyarşünaslıq Muzeyi və digər tarixi memarlıq abidələri məhv edilib. Rayonun işğalından sonra erməni qəsbkarları “Ağoğlan” məbədini özününküləşdiriblər. 2007-ci ildə İrəvan şəhərində Ermənistan hökumətinin tapşırığı ilə erməni yepiskopları daxili qərarla abidəyə erməni Qriqoryan kilsəsi statusu verməklə işğal olunmuş ərazilərdə Azərbaycan mədəniyyətinə və tarixinə qarşı soyqırımı siyasəti yürütdüklərini bir daha təsdiqləyirlər.
Azərbaycanın qədim yaşayış məskənlərindən olan Qubadlı rayonu ərazisində inşa olunan ilk dünyəvi məktəbin yaşı bir əsrdən çoxdur. Qubadlıdakı Gavur dərəsində IV əsrə aid ibadətgah mağara yerləşir. IV əsrə aid Sığınacaqlar, Göy qala, Qalalı qalası, Qız qalası (V əsr), Laləzar körpüsü (1867-ci il), Hacı Bədəl körpüsü, Qara-Qaya sığınacağı, Qədim daş qoç fiquru, Daş sənduqə, qədim Haramı qəbiristanlığı, Dondarlı məscidi və başqaları da var.
Təkcə Qarabağın və Azərbaycanın deyil, bütün Qafqazın gözəl guşələrindən biri olan Şuşa müdafiə məqsədilə tikilmiş qala-şəhərdir. Şuşa Dövlət Tarix-Memarlıq Qoruğuna yüzlərlə tarixi abidəmiz daxildir. Lakin əfsuslar olsun ki, abidələrin bir çoxu erməni vandalizminin güdazına gedib. Onların sırasında Hacı Yusifli məscidi, “Çöl Qala” məscidi, Xoca Mərcanlı, Quyuluq, Seyidli məscidləri, “Yuxarı Gövhər ağa”, “Aşağı Gövhər ağa”, “Saatlı məscidi” (XVIII əsr), Mədrəsə (XVIII əsr), Yuxarı məscid mədrəsəsi (XVIII əsr), Qız monastırı (XVIII-XIX əsrlər), Qazançı kilsəsi (XIX əsr), Heydər türbəsi, Həzrət Əli kahası, Həzrət Abbas şəfa ocağı və onlarca ziyarətgahlar, Tunc dövrünə aid kurqan, Dəmir dövrünə aid Daş qutusu nekropolu, Qala divarı (uzunluğu 8 kilometr, 1754-cü il), Pənah xanın sarayı (XVIII əsr), Qara Böyük Xanım bürcü (XVIII əsr), Natəvanın evi (XVIII əsr), ikimərtəbəli karvansaray (XIX əsr), Mehmandarovların malikanə kompleksi: məscid, kiçik yaşayış evi, böyük yaşayış evi (XVIII əsr), İsa bulağı (XIX əsr), İbrahim xanın qəsri (XVIII əsr), M.P.Vaqifin məqbərəsi (XX əsr) və s. tarixi memarlıq abidələri darmadağın edilib.
XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Azərbaycanın özünəməxsus tarixi keçmişə malik bölgələrindən olan Zəngilan rayonunun əsası hicri tarixinin 15-ci ilində, yəni 636-cı (637) ildə qoyulub. Zəngilan ərazisindən axan Şərəkə çayının hövzəsində özünün tarixi ornamenti ilə seçilən onlarca türbə vardır. Bunlardan rayonun Məmmədbəyli kəndində yerləşən səkkizguşəli Yəhya ibn Məhəmməd türbəsi (1304-1305) öz memarlıq-konstruktiv formasına görə seçilir. Türbənin ətrafında orta əsr qəbiristanlığı yerləşir. 
Türbədən bir qədər aralıda Şeyxzadə Şeyx Abd as-Salam ibn Şeyx Qiyasəddinin məzarı var. Rayonda İmam Hüseyn məscidi (XVII əsr), Xanazor və Yeməzli kəndlərində alban kilsələri, Malatkeşin və Qırıq Muşlan, Muşlan, Rəzdərə kəndlərindəki məscidlər, ziyarətgahlar və onlarca tarixi-dini abidə, eləcə də küp qəbirlər (m.ə. IV-II əsrlər), Nekropol (m.ə VI-IV əsrlər), Koroğlu daşı (VII-VIII əsrlər), Şəhri Şərifan yaşayış yeri (orta əsrlər), Ağca Aşı yaşayış yeri (orta əsrlər), Qız qalası (orta əsrlər), Qəsr qalası (orta əsrlər), Şərifan abidələri (IX-XVI əsrlər), Şərifan sərdabəsi (XII əsr) kimi tarixi memarlıq abidələri, o cümlədən Bülbülün, Mir Möhsün Nəvvabın xatirə muzeyi talan edilib. Xocalıdaki “Dairəvi Məbəd”(1356-1357) və “Türbə”nin (XIV əsr) aqibəti məlum deyil.
Ermənistanın tarixi abidələrimizə qarşı belə talançı münasibəti “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasına ziddir.
Azərbaycan bəşər sivilizasiyasının meydana gəldiyi ərazilərdən biridir. Arxeoloji qazıntıların nəticələri də göstərib ki, bu yerlərdə yaşamış insanlar tarix boyu çoxsaylı abidələr yaradıblar. Dünya və Şərq memarlığının ən gözəl incilərindən olan bu abidələrin əksəriyyəti bu günə kimi qorunub saxlanılır. Bu gün Azərbaycanda tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması sahəsinə böyük diqqət və qayğı göstərilir.
Yerli mütəxəssislərlə yanaşı, uzun illər Qarabağ abidələrini öyrənən rus alimlərindən akademik İ.İ.Meşşaninov, A.İ.İessen, V.P.Lyubin, alman tədqiqatçılarından E.Resler, Y.İ.Qummel, hətta erməni tarixçiləri K.X.Kuşnaryova və O.A.Danielyan da Azərbaycan xalqının maddi irsi kimi dəyərləndirilən bu tarixi abidələrin ermənilərin vandallıq siyasəti nəticəsində məhv edilərək sıradan çıxarıldığını dönə-dönə vurğulayıblar. 
Erməni mənbələrində ayrı-ayrı vaxtlarda yer alan məlumatlara, peyk çəkilişlərinə, ATƏT-in işğal olunmuş ərazilərdəki vəziyyəti araşdıran missiyasının hesabatına, habelə digər mənbələrdən toplanan informasiyalara görə, bu ərazilərdə indiyədək yüzlərlə tarixi abidə tamamilə dağıdılıb. Dağıdılmayanlar isə erməni abidələri kimi təqdim edilir. 
Tarixi şəhərlərin, abidələrin təbiətin və zamanın dağıdıcı qüvvələrindən qorunması yolunda böyük işlər görən, humanitar yardım missiyasını yerinə yetirən beynəlxalq təşkilatlar bu gün işğal olunmuş ərazilərdə Azərbaycanın zəngin mədəni irsinin erməni terrorizmindən qorunması üçün yardım göstərməli və bu vəhşiliyə hüquqi qiymət verilməlidir.
Hazırladı:
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

14 2018 23:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin