Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əflatun Amaşov: Ulu öndər Heydər Əliyev mətbuata xalqın istək və amallarının, prinsip və ideyalarının ifadə meydanı kimi son dərəcə böyük dəyər verirdi

Əflatun Amaşov: Ulu öndər Heydər Əliyev mətbuata xalqın istək və amallarının, prinsip və ideyalarının ifadə meydanı kimi son dərəcə böyük dəyər verirdi

Ulu öndər Heydər Əliyev mətbuata xalqın istək və amallarının, prinsip və ideyalarının ifadə meydanı kimi son dərəcə böyük dəyər verirdi. Bunu Trend-ə açıqlamasında Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.
Ə.Amaşov qeyd edib: “Klassik bir deyim var ki, tarixi şəxsiyyətlər baş verəcək hadisə və proseslərin qarşısını almır, onların baş verməsini ya tezləşdirir, ya da ləngidir. Əslində bu deyimin özü də mübahisəlidir. Çünki nələrin baş verəcəyini, nələrinsə baş verməyəcəyini bilmək faktiki olaraq mümkünsüzdür, yaxud baş verəcək hadisələr onsuz da baş verir. Nələrin baş verməyəcəyini necə müəyyənləşdirək? Görünür, tarixi şəxsiyyətlər məhz ona görə tarixi şəxsiyyətlər olur ki, onlar mümkünsüzləri reallığa çevirirlər. Ulu öndər Heydər Əliyevin həyat yoluna diqqət yetirərkən də məhz bunu aşkar şəkildə görə bilirik. Bəli, biz şanslı xalqıq. Ona görə ki, Heydər Əliyevimiz var. Ona görə şanslıyıq ki, ilk baxışdan baş verməsi mümkün olmayanları Azərbaycan adlı danılmaz gerçəkliyə çevirmiş dahi lidermiz var”.
Deputat bildirib ki, ulu öndər Heydər Əliyev istər birinci, istərsə də ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dönəmdə həmişə ziyalı amilinə böyük önəm verib: "Hələ sovet hakimiyyətinin mövcud olduğu vaxtlarda Heydər Əliyev ziyalıların ümummilli məsələlər ətrafında birləşməsi, millətin mövqe və mənafeləri baxımından hərəkətə keçməsi üçün müstəsna addımlar atıb, yeri gələndə onları totalitarizmin cəngindən xilas edib. Bu mənada ümummilli liderin xidmətləri zaman keçdikcə daha dolğun faktlarla zənginləşəcəkdir. Heydər Əliyev mətbuata xalqın istək və amallarının, prinsip və ideyalarının ifadə meydanı kimi son dərəcə böyük dəyər verirdi. Mətbuata ziyalıların tribunası olaraq baxırdı. Əlbəttə, ulu öndər üçün mətbuat eyni zamanda dövlət idarəçiliyinin vacib vasitəsi idi. Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra da bu xətti davam etdirdi. Habelə mətbuatı bilavasitə demokratik cəmiyyət quruculuğunun mühüm faktoru kimi təsdiqlədi”.
Mətbuat Şurasının sədri vurğulayıb ki, ulu öndər Heydər Əliyev mediaya azad sözün və plüralist fikrin ifadə meydanı olaraq yanaşırdı: “O çalışırdı ki, media fəaliyyəti məhz bu iki dəyəri özündə birləşdirən qüvvəyə çevrilsin. Bunun üçün zəruri qanunvericilik mühiti formalaşdırmışdı. İlk növbədə onun müəllifi olduğu 1995-ci il Konstitusiyasına diqqət yetirmək lazımdır. Konstitusiyanın müvafiq maddələri ilə söz, məlumat və ifadə azadlıqları insanın təməl hüquq və azadlıqlarının müstəsna göstəriciləri olaraq öz əksini tapdı. Heydər Əliyev müharibə təhlükəsinin sovuşmadığı bir ölkə üçün son dərəcə inqilabi sayılacaq addım atdı – böyük qətiyyət və prinsipiallıq nümayiş etdirərək 1998-ci ildə senzuranı aradan qaldırdı. 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun qəbulu isə bu istiqamətdəki islahatlarının bir növ kuliminasiya nöqtəsi kimi dəyərləndirilə bilər. Qətiyyətlə bildirmək olar ki, həm bu qanun, həm də senzuranın aradan qaldırılması mediaya tamamilə yeni düzən gətirdi. Bəli, tam şəkildə demək olmaz ki, o zaman üçün istər cəmiyyət, istər mətbuat, istərsə də məmur kontingenti bu düzənə hazır idi. Heydər Əliyev vəziyyəti hər kəsdən gözəl duyurdu. Ulu öndər prinsipcə gedilməli olan yolu müəyyənləşdirmişdi".
Ə.Amaşov onu da bildirib ki, ümummilli lider Heydər Əliyevin media sahəsində həyata keçirdiyi tədbirlər jurnalistikanı imtiyazlı peşəyə çevirmək mahiyyətinə söykənirdi: "Çünki ulu öndər bu imtiyazın cəmiyyətin demokratikləşməsi, idarəçiliyin təkmilləşməsi və şəffaflaşması üçün mühüm alət olduğunu düşünürdü”.
Millət vəkili ulu öndər Heydər Əliyevin 20 iyul 2001-ci ildə imzaladığı “Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması haqqında” fərmana da diqqət çəkib. O, fərmanın ümumən media sahəsinin yenidən təşkili üçün bir növ yol xəritəsi mahiyyəti daşıdığını qeyd edib: “Fərman islahatlar üçün bir növ siqnal idi. Orada gedilməli yolun, demək olar, bütün istiqamətlərinə toxunulurdu. Prezident İlham Əliyevin media sahəsində gördüyü konkret işlərə nəzər salanda onların əslində məhz 2001-ci il 20 iyul tarixli fərmana söykəndiyini söyləyə bilərik. Buna qədərsə Heydər Əliyev 27 mart 2000-ci il tarixdə "Azərbaycan milli mətbuatının yaradılmasının 125 illiyi haqqında" fərman imzalamışdı. Fərman milli mətbuatımızın keçdiyi yola müstəsna dəyərin nümunəsi kimi təkcə hüquqi deyil, eyni zamanda mənəvi mahiyyət daşıması ilə də diqqət çəkirdi. Sənəddə mətbuat ictimai fikir tariximizin avanqardı kimi təqdim olunur, onun funksiya və vəzifələrinə son dərəcə dəqiq qiymət verilirdi. Fərman həm də milli mətbuatımızın yubileylərinin keçirilməsi ənənəsinin başlanğıcı oldu”.

12 Dekabr 2018 22:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə