Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ulu öndərin əziz xatirəsi qədirbilənliklə anılmışdır

Ulu öndərin əziz xatirəsi qədirbilənliklə anılmışdır

Sumqayıt


Ümummilli lider Heydər Əliyevin ideyalarının təcəssümü olan Sumqayıt şəhəri Cənubi Qafqazın böyük sənaye mərkəzinə çevrilmişdir. Ulu öndərin Azərbaycan dövləti və xalqı qarşısında müstəsna xidmətləri, Sumqayıtın inkişafına göstərdiyi misilsiz qayğı bu şəhərdə daim yüksək dəyərləndirilir, unudulmaz dahi şəxsiyyətin əziz xatirəsi böyük ehtiramla anılır. 
Dekabrın 12-də ulu öndərin anım günü ilə əlaqədar sumqayıtlılar elliklə Heydər Əliyevin möhtəşəm abidəsi önünə gəldilər. Mərasimi həzin musiqi sədaları müşayiət edirdi. Tədbiirdə əbədiyaşar dahi şəxsiyyətin nəsillərə örnək həyat yolu, onun şah əsəri sayılan müstəqil Azərbaycanın möhtəşəm nailiyyətləri xatırlandı.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ümummilli liderin möhtəşəm abidəsinin qarşısına gələrək dünya şöhrətli siyasətçinin əziz xatirəsinə baş əydi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Ardınca hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların, təhsil, səhiyyə və mədəniyyət ocaqlarının kollektivləri abidəni ziyarət etdilər, önünə gül dəstələri düzdülər. 
Ürək sözlərini dinlədiyimiz şəhər sakinləri ulu öndərin əvəzsiz xidmətlərini hədsiz minnətdarlıq duyğuları ilə xatırladılar. Şəhər ağsaqqallar şurasının sədri Müzəffər Gülümov dedi ki, ümummilli lider Heydər Əliyevin qayğısı nəticəsində Sumqayıt məhz 70-ci illərdən başlayaraq dünyada tanınan şəhərə çevrilib. Həmin dövrdə ikinci bir şəhər tapılmazdı ki, Sumqayıt kimi inkişaf etsin, boz çöllər sürətlə yaşayış massivlərinə dönsün. Əməkdar jurnalist Qüdrət Muğanlı söylədi ki, ulu öndər tez-tez Sumqayıta səfər edər, burada aparılan quruculuq işləri ilə şəxsən maraqlanar, ictimaiyyət nümayəndələrini, ziyalıları dinləyər, onlara öz dəyərli tövsiyələrini verərdi. 1993-cü ildə xalqımızın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ulu öndər həmin illərdə də sumqayıtlılardan qayğısını əsirgəməzdi. 16 dəfə Sumqayıta səfər edən Heydər Əliyevin bu şəhərə hər gəlişi əsl bayrama çevrilərdi. Əməkdar mühəndis Şakir Həsənov vurğuladı ki, bu gün də Azərbaycan Prezidenti cənab İlham Əliyev ənənəni layiqincə davam etdirərək Sumqayıta, onun sakinlərinə xüsusi münasibət bəsləyir, şəhərin tərəqqisinə gündəlik qayğı göstərir. Bunun sayəsində şəhər durmadan inkişaf edir, günbəgün gözəlləşir. 
Sumqayıtın Heydər Parkında saatlarca müşahidə olunan böyük qələbəlik, ardı-arası kəsilməyən izdiham ulu öndərin ruhuna əbədi ehtiramın parlaq nümayişi kimi könülləri riqqətə gətirdi. 
Şəhərin ayrı-ayrı idarə, müəssisə və təşkilatlarında da silsilə tədbirlər keçirilmişdir.Anım günü tədbirləri çərçivəsində Sumqayıt şəhər ictimaiyyətinin nümayəndələri üçün ehsan süfrələri açılmışdır. 

Abşeron

Abşeronda ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri, müəssisə və təşkilatların, ali, orta ixtisas və ümumtəhsil məktəblərinin kollektivləri, hərbi hissələrin əsgər və zabit heyəti iştirak etmişlər.
Tədbir iştirakçıları öncə Xırdalan şəhərinin mərkəzində ümummilli liderin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, dahi rəhbərin əziz xatirəsini ehtiramla anıblar.
Mərasim iştirakçıları sonra Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
Mərkəzdə nümayiş etdirilən fotoşəkillər və sənədli film hər kəsi yaxın keçmişə qaytarıb, ulu öndərin həyat və fəaliyyətinin müxtəlif məqamları bir daha göz önündə canlanıb.
Məlumat üçün bildirək ki, rayonun bütün təhsil ocaqlarında ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş dərslər keçirilib, məktəblilərə dahi şəxsiyyətin uzaqgörən siyasəti nəticəsində qazanılan uğurlar barədə ətraflı məlumat verilib.

Lənkəran

Azərbaycan xalqının dünya şöhrətli oğlu, alovlu vətənpərvər Heydər Əliyevin vəfatının 15 illiyi ölkəmizin hər yerində olduğu kimi, Lənkəranda da bu dahi şəxsiyyətin xatirəsinə tükənməz hörmət və ehtiramla qeyd olundu. Bu münasibətlə dekabrın 12-də Lənkəran şəhərinin Heydər Əliyev xatirə parkında keçirilmiş anım mərasimi ömrünü Azərbaycan xalqının tərəqqisinə həsr etmiş görkəmli dövlət və siyasi xadimin ölməz xatirəsinə sonsuz el məhəbbətinin daha bir nümayişinə çevrildi. Anım mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, əmək kollektivlərinin nümayəndələri, habelə minlərlə sadə lənkəranlı səhər saatlarından etibarən xatirə parkına gələrək dahi rəhbərin möhtəşəm abidəsi önünə gül-çiçək dəstələri düzməklə sonsuz sevgi və ehtiramlarını ifadə etdilər. Qeyd olundu ki, Lənkəranın bugünkü inkişaf və tərəqqisinin təməlində məhz ulu öndərin misilsiz qayğısı və rəhbər xeyir-duaları durur.
Ulu öndərin vəfatının 15 illiyi ilə bağlı rayonun idarə və təşkilatlarında, Lənkəran Dövlət Universitetində, Dövlət humanitar və tibb kolleclərində, ümumtəhsil məktəblərində, mədəni-maarif müəssisələrində silsilə tədbirlər keçirildi, sakinlər axın-axın Heydər Əliyev Mərkəzindəki muzeyə baş çəkərək ümummilli liderin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış oldular, burada keçirilən elmi-praktik konfranslarda, bədii qiraət müsabiqələrində, kitab sərgilərində yaxından iştirak etdilər. 

Astara

Azərbaycan dövləti və xalqına misilsiz xidmətlər göstərmiş, möhtəşəm addımları ilə adını tarixə qızıl hərflərlə yazdırmış ümummilli lider Heydər Əliyevin xalqımızın ürəyində yeri əbədi və sonsuzdur. Ulu öndərin xalqın təkidli tələbləri ilə ən çətin dövrdə hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyinin xilasına, gözlənilən fəlakətlərin sovuşmasına və müstəqilliyimizin əbədiliyinə hərtərəfli zəmin yaratmışdır. Heydər Əliyev dühasının tükənməz nuru Azərbaycanın müstəqilliyinin əbədiliyinə, millətimizin işıqlı sabahlarına daim nur saçacaq.
Bu fikirlər dekabrın 12-də Astara şəhərinin mərkəzində ulu öndərin anım tədbirində dönə-dönə vurğulandı. Dahi şəxsiyyətin möhtəşəm abidəsini ziyarətə gələn hər bir şəxs ürəyində böyük sevgi, sonsuz məhəbbətlə izdihama qatılmışdı. Anım mərasiminə gələnlərin arasında məktəblilərdən tutmuş ən ahıl insanlara qədər hər kəs vardı.
Əvvəlcə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev abidə önündə baş əydi. Sonra şəhər rəhbərliyi və inzibati orqanların rəhbərləri, idarə və təşkilatların kollektivləri abidənin önünə tər güllər qoyaraq dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad etdilər.
Səhər saatlarından başlanan tədbir xeyli müddət davam etdi və böyük insan kütləsinin ulu öndərin möhtəşəm abidəsini və Heydər Əliyev Mərkəzini sonsuz ehtiramla ziyarət etməsi ilə yaddaqalan oldu.

İmişli

İmişlidə ulu öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib. Anım mərasimində İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri və sakinlər iştirak etmişlər. Tədbir iştirakçıları ulu öndərin abidəsi önünə gül dəstələri qoyublar. Anım mərasimi daha sonra Heydər Əliyev Mərkəzində ümummilli liderin həyat və yaradıcılığına həsr edilmiş qısametrajlı filmə baxışla davam etdirilib.

Şamaxı

Şamaxıda müasir Azərbaycan dövlətinin xilaskarı, memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, idarə, müəssisə, təşkilat rəhbərləri və minlərlə Şamaxı sakini ümummilli liderin abidəsini ziyarət edərək xalqın böyük xilaskarının xatirəsinə ehtiramlarını bildirib, abidənin önünə tər çiçək dəstələri düzüblər.
Heydər Əliyev Mərkəzində davam edən tədbirdə ulu öndərin həyat və fəaliyyətinin müxtəlif illərinin ayrı-ayrı məqamlarını əks etdirən fotolara və “Dahi şəxsiyyət” adlı sənədli filmə baxış olub.
Rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov tədbiri açaraq ümummilli lider Heydər Əliyevin həyatından və siyasi fəaliyyətindən danışıb, istər sovetlər dönəmində, istərsə də müstəqillik dövründə ulu öndərin hakimiyyəti illərində ölkəmizin hərtərəfli inkişaf etdiyini bildirib. Əsası ulu öndər tərəfindən qoyulmuş hərtərəfli inkişaf siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən T.Məmmədov bu gün Azərbaycanın dünyada söz sahibi olduğunu vurğulayıb.

Zaqatala 

Dünən Azərbaycan xalqının xilaskarı, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, sakinlər iştirak etmişlər.
Tədbir iştirakçıları öncə Heydər Əliyevin adını daşıyan parka gələrək ulu öndərin abidəsi önünə tər çiçəklər düzmüş, xatirəsini ehtiramla yad etmişlər. Sonra Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anım günü münasibəti ilə elmi praktik konfrans keçirilmişdir. 
Tədbir iştirakçıları həmçinin mərkəzin “Muzey” bölməsində ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotostendlərə baxış keçirmişlər.
Konfransda Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ulu öndərə həsr olunmuş “Böyük ömrün anları” mövzusunda məruzə etmişdir. Məruzədə rayon rəhbəri müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın müdrik rəhbəri, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu Heydər Əliyevin demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat vermişdir. Daha sonra natiq şərəfli və mənalı ömür yolunun 40 ilini ölkəmizin rəhbəri kimi xalqının tərəqqisinə həsr etmiş ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaratdığını, xalqı həqiqi müstəqilliyə qovuşduraraq ictimai şüurda əbədiyaşarlıq hüququ qazandığını xüsusi vurğulamışdır. 
Konfransda dövlət himni səsləndirilmiş və ulu öndərə həsr olunmuş videoçarx nümayiş ­etdirilmişdir. 

Balakən

Balakəndə Azərbaycan xalqının ümummilli lideri, görkəmli şəxsiyyət, uzaqgörən siyasətçi Heydər Əliyevin anım günü böyük izdihamla qeyd olunub. Əvvəlcə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, icra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, ictimaiyyət nümayəndələri, idarə, müəssisə və təşkilatların kollektivləri, ümumtəhsil məktəblərinin müəllimləri, Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında ulu öndərin abidəsini ziyarət edərək, önünə tər çiçəklər düzüblər.
Tədbir iştirakçıları Mədəniyyət Mərkəzinin foyesində ulu öndər Heydər Əliyevə həsr olunan kitablar, onun haqqında dövlət başçılarının, görkəmli şəxsiyyətlərin söylədiyi fikirlər və ümummilli liderin hikmətli kəlamlarından ibarət sərgiyə baxıblar.
Tədbirdə məruzə edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev ulu öndərin Azərbaycan xalqı və dövləti üçün gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən, ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsindəki xidmətlərindən bəhs edib, müstəqil Azərbaycanı ümummilli liderin şah əsəri adlandırıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri var. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. 
Tədbirin sonunda C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının təqdimatında “Soyqırımı tarixinin dastanı” tamaşası nümayiş etdirilib. 

İsmayıllı 

Ümummilli lider Heydər Əliyevin anım günü dünən rayonda böyük təntənə ilə qeyd edilib. Rayon mərkəzində yerləşən monitorda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş filmlər nümayiş etdirilib. Minlərlə rayon sakini – İkinci dünya müharibəsi veteranları, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri, gənclər, məktəblilər, idarə, müəssisə və təşkilatların kollektivləri, icra, hüquq-mühafizə və ədliyyə orqanlarının əməkdaşları ulu öndərin abidəsini ziyarət ediblər.
Onlar ümummilli liderin abidəsi önünə gül dəstələri qoyublar. Tədbir iştirakçıları sonra Heydər Əliyev Mərkəzinə gələrək, buradakı ekspozisiyalara, ulu öndərə həsr olunmuş filmə tamaşa ediblər.
Sinni 95-i adlamış İkinci dünya müharibəsi veteranı Həsənalı Aslanov deyib: “Müharibə iştirakçılarına, bütün xalqımıza böyük dəyər verən, həyatını, ömrünü nəsillərin xoşbəxtliyinə sərf edən, hər zaman xilaskarımız olan Heydər Əliyevin əziz xatirəsi mənim, övladlarımın, nəvə-nəticələrimin qəlbində əbədi yaşayır. Bu gün də borc bildim ki, gəlib onun abidəsi önündə pak ruhunu yad edim. Allah Heydər Əliyevə rəhmət eləsin!”

Kürdəmir

Kürdəmirdə ulu öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib. Rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ağsaqqallar, ziyalılar, veteranlar, gənclər, rayonun əmək kollektivlərinin üzvləri, ictimaiyyət nümayəndələri və sakinlər səhər saatlarından Heydər Əliyev Parkına gələrək ulu öndərin abidəsi önünə gül dəstələri düzüblər. 
Sonra rayonun Heydər Əliyev Mərkəzində ümummilli liderin anım gününə həsr olunan “Dahi şəxsiyyət” adlı “dəyirmi masa” təşkil edilib. Tədbir “Dahi şəxsiyyət–Heydər Əliyev” filminin nümayiş etdirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən RİH başçısı Ceyhun Cəfərov bildirib ki, müstəqil Azərbaycan Respublikasının banisi, ümummilli liderimiz Heydər Əliyevin vəfatından 15 il ötür. Tarixi şəxsiyyət olan ulu öndərimiz bütün həyatını dövlətçiliyimiz, xalqımızın bu günü və gələcəyi naminə həsr edərək güclü, sarsılmaz, qüdrətli bir dövləti – Azərbaycanı bizə bəxş edib. Xalqımız Heydər Əliyevin ölməz xatirəsini hər an yad edir və dərin minnətdarlıqla xatırlayır.

Salyan

Salyanda ulu öndər Heydər Əliyevin vəfatının 15-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir
Tədbir iştirakçıları öncə Heydər Əliyev adına Parkda ümummilli liderin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanları, “N” saylı hərbi hissənin əsgər və zabitləri, idarə, müəssisə və təşkilatların kollektivləri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Daha sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində dahi şəxsiyyətin nəsillərə nümunə olan həyat və fəaliyyətini əks etdirən çoxsaylı foto-eksponatlarla tanış olmuş, ümummilli liderin həyatını əks etdirən “Dahi şəxsiyyət” adlı qısametrajlı sənədli filmə tamaşa etmişlər.

Qubadlı

Ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü münasibətilə Qubadlı Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə elmi-praktik konfrans keçirilmişdir. Tədbirdə RİH başçısı Malik İsaqov, rayonun məsul işçiləri, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Ümummilli liderin xatirəsinə həsr edilmiş tədbirin iştirakçıları rayon icra hakimiyyətinin foyesində ulu öndərin büstü önünə gül dəstələri qoymuşlar.
Tədbirdə ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra ulu öndərin həyatına və siyasi fəaliyyətinə həsr olunmuş videofilm nümayiş olunmuşdur. 
Konfransda çıxış edən rayon icra hakimiyyətinin başçısı M.İsaqov ümummilli lider Heydər Əliyevin fəaliyyətindən, onun müasir Azərbaycan dövlətinin qorunub saxlanması və inkişafındakı rolundan söz açmışdır. RİH başçısı vurğulamışdır ki, dövrün burulğanlı, təlatümlü çağında öz müdrikliyi və siyasi məharəti ilə tarixin yaddaşında əbədi yaşayacaq ümummilli liderin fəaliyyəti zaman keçdikcə öz dəyərini göstərməkdədir və bunlar neçə-neçə elmi araşdırmaların mövzusu olacaqdır. Natiq, həmçinin ulu öndərin müasir dövlətçilik tariximizdə quruculuq və xilaskarlıq missiyasından, həyata keçirdiyi daxili və xarici siyasətdən, Azərbaycanın tolerant ölkə kimi dünyada nüfuz qazanmasından, qəbul edilən mütərəqqi qanunlardan, hakimiyyəti illərində gender bərabərliyinin təşəkkül tapmasından, azərbaycançılıq ideologiyasının milli ideologiyaya çevrilməsindən, dünya siyasətçiləri arasındakı reytinqindən, Azərbaycan dilinin, mədəniyyətinin, elminin inkişafına verdiyi töhfələrdən bəhs etmişdir. Bildirmişdir ki, Azərbaycan xalqının qəlbində əbədiyaşarlıq statusu qazanmış Heydər Əliyevin xatirəsi daim ürəklərdə yaşayacaqdır.
Qeyd olunmuşdur ki, bu gün Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya əsasında apardığı siyasət Azərbaycan dövlətini işıqlı gələcəyə doğru aparır. Azərbaycan dövləti bütün sahələr üzrə inamla inkişaf edir və getdikcə möhkəmlənir. Natiq nitqində əhalinin sosial vəziyyətinin ilbəil yaxşılaşdığını qeyd edərək bildirmişdir ki, bu inkişaf məcburi köçkünlərin daim yeniləşən həyatında da özünü göstərir.
Tədbirdə İşıqlı kənd tam orta məktəbin tarix müəllimi Mehriban İsgəndərova “Heydər Əliyevin qaçqın və məcburi köçkünlərə diqqət və qayğısı”, Zilanlı kənd tam orta məktəbin ingilis dili müəllimi Sənəm Quliyeva “Heydər Əliyev və təhsil strategiyası”, Qubadlı şəhər 3 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Elvira Süleymanova “Heydər Əliyev-Gənclər siyasəti” mövzusunda məruzələr etmişlər.

 

Əli NƏCƏFXANLI,
Səməd HÜSEYNOĞLU,
İlqar HƏSƏNOV,
Mehdi MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti” 

12 Dekabr 2018 22:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Yanvar 2019 | 13:38
Uğurlu əməliyyat icra edilib

Ən son xəbərləri səhifəmizdən də izləyin