Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın dünya birliyinə inteqrasiyası, beynəlxalq təşkilatlarla əməkdaşlığı prioritet istiqamətdir

Azərbaycanın dünya birliyinə inteqrasiyası, beynəlxalq təşkilatlarla əməkdaşlığı prioritet istiqamətdir

Azərbaycanın beynəlxalq nüfuzu, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır. Azərbaycan dünyada, beynəlxalq arenada özünü etibarlı tərəfdaş və etibarlı dost kimi təsdiq edə bilmişdir. 
İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti

 

 

Azərbaycan son 25 ildə dünyada, sözün əsl mənasında, tam müstəqil siyasət yürütmüş, siyasi dəst-xətti, dövlətçilik siması, tərəqqi yolu ilə nüfuz qazanmış, milli inkişaf strategiyasını, siyasi-iqtisadi, mədəni-mənəvi təkamül konsepsiyasını, vahid ideologiyasını uğurla formalaşdırmışdır. Dövlətimizin milli maraqlara əsaslanan diplomatiyası, demokratikləşdirmə, hüquqi prinsiplərin reallaşdırılması istiqamətlərində ardıcıl və məqsədyönlü fəaliyyəti də məhz milli müstəqilliyin praktik olaraq tam gerçəkləşdirilməsini təmin etmişdir.
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkəmiz çoxşaxəli, balanslaşdırılmış xarici siyasət kursuna önəm verərək, beynəlxalq aləmə uğurla inteqrasiya olunmuş, region və dünya ölkələri ilə səmimi, qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan çoxtərəfli və ikitərəfli əlaqələr qurmuşdur. 
Möhkəm təməl üzərində yaradılan güclü iqtisadi potensial, toplanmış maliyyə resursları, cəmiyyət həyatının bütün sahələrinin dinamik tərəqqisi, enerji, ərzaq təhlükəsizliyi kimi məsələlərin uğurla həlli Azərbaycana tam müstəqil, milli maraqlara hesablanan xarici siyasət yürütməyə imkan vermişdir. Prezident İlham Əliyevin reallaşdırdığı xarici siyasət kursunun həyata keçirilməsi nəticəsində dünyada ölkəmizin tərəfdaşlarının sayı getdikcə artmış, Azərbaycan regionun aparıcı ölkəsi kimi çıxış etməklə bərabər, beynəlxalq arenada mövqeyi nəzərə alınan söz sahibinə çevrilmiş, qlobal məsələlərin həllinə cəlb olunmuşdur. 
Yazının elə bu yerində ölkə Prezidenti cənab İlham Əliyevin vurğuladığı bir fikri xatırlatmaq yerinə düşər. Möhtərəm dövlət başçımız demişdir: “Biz bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmuşuq. Qonşu dövlətlərlə və bütün digər dövlətlərlə səmərəli əməkdaşlıq edirik. İkitərəfli əlaqələrimiz inkişaf edir. Eyni zamanda, Azərbaycan çoxtərəfli formatda öz müsbət rolunu oynayır. Xüsusilə regional inkişaf məsələlərində Azərbaycanın rolu danılmazdır”.
Prezident İlham Əliyev fikrinin davamında, eyni zamanda, vurğulamışdır ki, respublikamızın milli maraqlar, milli dəyərlər üzərində, sivil birgəyaşayış prinsipləri əsasında qurulmuş müstəqil siyasəti bugünkü Azərbaycan reallıqlarını təmin edir. Bu baxımdan ölkəmizin iştirakı olmadan regionda heç bir layihə – siyasi, iqtisadi, enerji və digər layihələr icra edilə bilməz. 
Ölkəmiz demokratik ideallara, liberal dəyərlərə, insan və vətəndaş hüquq və azadlıqlarına sadiqliyi ilə tanınmaq əzmini artıq sübuta yetirmişdir. Bununla belə Azərbaycan hansısa dövlətin respublikamızın daxili işlərinə qarışmasına da imkan yaratmamışdır. Lakin çox təəssüf ki, ölkəmizin son illər ərzində əldə etdiyi siyasi, sosial-iqtisadi uğurlar bir sıra beynəlxalq dairələr tərəfindən qısqanclıqla qarşılanır. Xüsusən, erməni lobbisinin təsiri altında fəaliyyət göstərən, həmçinin, islamafob, bəzi hallarda isə bölgədə maraqları olan dairələr respublikamıza qarşı bu və ya başqa şəkildə təzyiq göstərməyə çalışırlar. Azərbaycanla bağlı həqiqəti əks etdirməyən qərəzli hesabatların yayılması, bəyanatların verilməsi, qətnamələrin qəbul edilməsi, bir sözlə, ölkəmizin ünvanına reallıqdan uzaq fikirlərin səsləndirilməsi bunu deməyə əsas verir. 
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə xarici siyasətdə əldə olunan uğurlardan ən mühümü beynəlxalq ictimai rəyin respublikamızın xeyrinə dəyişdirilməsi, Ermənistanın işğalçı dövlət kimi rəsmi sənədlərdə tanıdılması və dünya birliyini Azərbaycanın milli maraqlarına, ərazi bütövlüyünə və müstəqil siyasətinə həssaslıqla yanaşmağa inandıra bilməsi olmuşdur.
Əlbəttə, burada Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq aləmdə səsləndirilməsi, ölkəmizdə dinlərarası, mədəniyyətlərarası münasibətlərə yüksək dəyər verilməsi ilə bağlı aydın təsəvvür yaradılması istiqamətində həyata keçirilən tədbirlər mühüm rol oynamışdır. Bu baxımdan bəzi məqamlara qısa nəzər salmaq istərdik. Məsələn, 2008-ci ildə ölkəmizin təşəbbüsü ilə başlayan “Bakı prosesi”nin gerçəkləşdirilməsi nəticəsində Azərbaycanın beynəlxalq aləmlə mədəniyyətlərarası və sivilizasiyalararası dialoqu genişlənmiş, yüzdən çox dövlətdən nümayəndələrin paytaxtımıza səfəri ilə ölkəmizin dostluq, sülh, tərəfdaşlıq, eləcə də mədəni müxtəliflik məsələləri onların diqqətinə çatdırılmışdır. 
Ölkəmizə güclü dövlət və etibarlı tərəfdaş imici qazandıran 2011-ci, 2013-cü, 2015-ci, eləcə də 2017-ci illərdə – 4 dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları, habelə Qlobal Açıq Cəmiyyətlər Forumu, Qlobal Bakı Forumu və Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının illik toplantısı, musiqi festivalları və digər nüfuzlu tədbirlərin yüksək səviyyədə təşkil olunması, bu sahədə respublikamız tərəfindən reallaşdırılan təşəbbüslərin regional müstəvidən çıxaraq qlobal səviyyəyə qaldırılması da Azərbaycanın regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilməsinə təkan vermişdir. Bu, eyni zamanda, Azərbaycanın qlobal məsələlərin müzakirəsi və həllində artan rolunun, dünyada gündəmin formalaşmasında yaxından iştirakının əyani təsdiqinə çevrilmişdir. 
Bütün bunlarla bərabər, son illərdə “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda Dünya İqtisadi Forumu, Madrid Klubunun toplantısı, Birinci Cənubi Qafqaz Forumu, Avronest Parlament Assambleyasının Avropadan kənarda ilk iclası, BMT-nin VII İnternet İdarəçilik Forumu və digər belə möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan bir daha göstərmişdir ki, ölkəmiz Cənubi Qafqazda bütün sahələr üzrə müasir dövrün aktual məsələlərinin müzakirə olunduğu geosiyasi əhəmiyyətli məkandır.
Ümumiyyətlə, həyata keçirilən qlobal miqyaslı tədbirlər Azərbaycanın dövlətlərarası əlaqələrini gücləndirməklə bərabər, həm də ölkəmizin dünya miqyasında nüfuzunun daha da artırılmasını, Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirmişdir. 
Ölkəmiz hazırda dünya birliyinə inteqrasiyanın, beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi məqsədilə BMT, ATƏT, Aİ kimi nüfuzlu beynəlxalq təşkilatlar, habelə ABŞ, Rusiya, Almaniya, Türkiyə, İngiltərə, İran və digər dövlətlərlə sıx əməkdaşlıq edir. Bu əlaqələri, eyni zamanda, Azərbaycanın mövcud təhlükəsizlik mühitində ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə qarşı mümkün təhdidlərin nəzarət altında saxlanması və aradan qaldırılmasını zəruri edir. Xatırladaq ki, sözügedən məsələdə Azərbaycanın Avratlantik Tərəfdaşlıq Şurası, “Sülh naminə tərəfdaşlıq Proqramı” çərçivəsində NATO ilə əməkdaşlığı daha çox diqqət çəkir. Bu, ölkəmizin Avropada və yerləşdiyi regionda vahid təhlükəsizlik sisteminin qurulmasında rolunu artırmaqla bərabər, həm də separatizmə, terrora, dövlət və xalqların təhlükəsizliyinə qarşı birgə mübarizədə rolunu da gücləndirir. 
Azərbaycanın Aİ-nin “Yeni Qonşuluq Siyasəti”nə daxil edilməsi, Azərbaycan-Aİ Fəaliyyət Planının qəbul olunması, respublikamızla bu qurum arasında “Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında” Memorandumun imzalanması, 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə BMT-yə üzv olan 193 dövlətdən 155-nin dəstəyi ilə inamlı qələbə qazanaraq, bu mötəbər təşkilata qeyri-daimi üzv qəbul olunması da ölkəmizin dünya birliyinə inteqrasiyanın, beynəlxalq təşkilatlarla əməkdaşlığının gücləndirilməsində önəmli rol oynamışdır. 
Respublikamızın dünya birliyinə inteqrasiyasında ölkəmizin zəngin karbohidrogen ehtiyatlarının əlverişli şərtlərlə və təhlükəsiz marşrutlarla dünya bazarına çıxarılması da prioritet istiqamətlərdən biridir. Azərbaycan məhz buna görə də həm Qərb, həm də Türkiyə, Rusiya, İran və s. kimi region dövlətləri ilə enerji sahəsində uğurlu əməkdaşlıq edir. 
Azərbaycanın uğurlu beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq formatı əsasında Bakı-Tbilisi-Ceyhan neft, Bakı–Tbilisi–Ərzurum qaz kəmərləri və Bakı–Tbilisi–Qars dəmir yolu layihələri reallaşdırılıb. 
Bu istiqamətdə həyata keçirilən ən mühüm layihələrdən biri də dövlət başçısının Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi strategiyasının tərkib hissəsi olan, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksidir. 
Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşən bu kompleks zəngin tranzit potensialı yaratmaqla, respublikamıza daxil olan və çıxan, habelə tranzit yüklərin aşırılmasında strateji nəqliyyat qovşağı funksiyalarını yerinə yetirməyə imkan verəcək, eyni zamanda, Xəzər dənizindən səmərəli, sürətli və təhlükəsiz bərə keçidini təmin edəcək. Liman, həm də Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün birbaşa yükcəmləyici məntəqə funksiyasını yerinə yetirəcək. Beləliklə, Şimal, Cənub, Şərq və Qərb istiqamətlərindən dəhlizlər üzrə ölkəyə daxil olan yük axınlarının yeni liman kompleksində cəmlənərək, buradan Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Avropa istiqamətində və ya gəmilər vasitəsilə Şərq istiqamətində nəqlini təmin edən səmərəli və dayanıqlı logistik zəncirin formalaşdırılması üçün zəmin yaratmaqla Azərbaycanın uğurlu beynəlxalq əməkdaşlığına böyük töhfə verəcəkdir.
Respublikamızın dünya birliyinə inteqrasiyasında beynəlxalq və regional təşkilatlarla aparılan ardıcıl iş Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişlənməsinə də müsbət təsir göstərib. Nəticədə son 15 il ərzində Azərbaycanın BMT və onun qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, eləcə də Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı və s. kimi nüfuzlu beynəlxalq institutlarla əlaqələri daha da möhkəmlənib. 
Respublikamızın xarici iqtisadi əlaqələrinin mühüm tərkib hissəsi olan ticarət fəaliyyətini tənzimləyən qanunvericilik də təkmilləşdirilib, mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanan yeni Gömrük Məcəlləsi, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktlar qəbul edilib. 
Azərbaycanda mövcud siyasi və makroiqtisadi sabitlik, investorların hüquqlarının etibarlı qorunması, zəngin təbii ehtiyatlar, yüksək ixtisaslı işçi qüvvəsi respublikamızı xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevirib. Bugünədək Azərbaycan Respublikası hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında 50-yə yaxın saziş imzalanıb. Həmin sazişlərin imzalanması ilə xarici investorlara verilən hüquqların düzgün tənzimlənməsi investisiya mühitini daha da yaxşılaşdırıb. Bu isə Azərbaycanın etibarlı tərəfdaş olması prinsipinə xüsusi əhəmiyyət verməsinin bariz ifadəsidir. 

 

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinə təqdim edilir.

 

Qabil YUSİFOĞLU, 
“Xalq qəzeti”

12 Dekabr 2018 22:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin