Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İsa Həbibbəyli: Tofiq Bakıxanov müasir Azərbaycan mədəniyyətinin ən görkəmli simalarından biridir

İsa Həbibbəyli: Tofiq Bakıxanov müasir Azərbaycan mədəniyyətinin ən görkəmli simalarından biridir

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti bu fikirləri görkəmli bəstəkar Tofiq Bakıxanovun yaradıcılığının 60, Avropanın bir çox ölkələrində  tamaşaya qoyulmuş “Xəzər balladası” baletinin isə 50 illiyinə həsr edilmiş tədbirdə çıxış edərkən səsləndirdi. Natiq qeyd etdi ki, biz Üzeyir bəy Hacıbəyli kimi musiqi dahisinin qarşısında sənət imtahanı vermiş, bir neçə il Qara Qarayev kimi korifey sənətkardan dərs almış, son 60--70 ilin ən görkəmli musiqi xadimləri ilə çiyin-çiyinə işləmiş Tofiq Bakıxanovla eyni zalda əyləşdiyimizə, eyni tədbirdə iştirak etdiyimizə görə xoşbəxtik.
Xatırladaq ki, Xalq artisti, professor, Prezident təqaüdçüsü Tofiq Bakıxanovun bütün yubileyləri kimi, bu əlamətdar gün də Mədəniyyət Nazirliyinin xətti ilə təşkil edilmişdi. Azərbaycan Dövlət Filarmoniyasının Kamera və orqan musiqisi zalında ( Kapellhaus) keçirilən “Mahnı gecəsi”ndə çıxış edən  musiqi ifaçılarını Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri müşayiət edirdi. Kollektivin bədii rəhbəri və baş dirijoru, Xalq artisti, professor Ağaverdi Paşayev, konsertdəki musiqi nömrələrinin dirijoru isə İlahə Hüseynova idi. 
İkihissəli konsert proqramının ilk bölməsindən əvvəl Milli Konservatoriyanın elmi işlər üzrə prorektoru , professor Lalə Hüseynova, ikinci bölmədən əvvəl isə Əməkdar jurnalist İttifaq Mirzəbəyli çıxış edərək  Tofiq Bakıxanov yaradıcılığının müxtəlif istiqamətləri barədə söz açdılar.  Əməkdar artistlər Gülüstan Əliyeva, Nuriyyə Hüseynova və Sahib Paşazadə, eləcə də, solistlərdən Kazım Fəxri Nicat, Cavid Hüseynov, Vüsalə Əsgərova, Leyla Dadaşova  və Sevinc Aleksandriya bəstəkarın müxtəlif illərdə qələmə alınmış əsərlərini ustalıqla ifa etdilər.
Tədbirin musiqili hissəsi başa çatdıqdan sonra  akademik İsa Həbibbəyli və professor Tofiq Bakıxanov mikrofona bərabər yaxınlaşdılar. İsa Həbibbəyli  görkəmli bəstəkarın uğurlarını sadalamaqla yanaşı, ona yeni yaradıcılıq uğurları arzuladı. Tofiq Bakıxanov isə tədbirin təşkilatçılarına, ifaçılara, qonaqlara, mətbuat təmsilçilərinə öz minnətdarlığını bildirdi. Bəstəkar qeyd etdi ki, musiqi yaradıcılığının ən populyar janrlarından olan mahnılar iki nəfərin – bəstəkarla şairin birgə yaradıcılığı sayəsində ərsəyə gəlir: 
“Ona görə də bu gün ifa edilən  mahnılardan dördünün müəllifinin zalda olması məni olduqca sevindirdi. İsa Həbibbəylinin, Şahin Fazilin, Ramiq Muxtarın və İttifaq Mirzəbəylinin sözlərinə yazılmış mahnıların böyük alqışlarla qarşılandığını görəndə xeyli məmnun oldum”. 

Zərifə BƏŞİRQIZI, 
“Xalq qəzeti”

12 Dekabr 2018 22:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə