Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DOST Agentliyinin fəaliyyəti üçün əsas hüquqi platforma təmin edilib

DOST Agentliyinin fəaliyyəti üçün əsas hüquqi platforma təmin edilib

Dövlət sosial xidmətlərində tam şəffaflığın, operativliyin, nəzakətliliyin təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunması Azərbaycan Prezidenti İlham Əliyevin sosial siyasətinin əsas hədəflərindəndir. Dövlət başçısının “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 10 dekabr 2018-ci il tarixli fərmanı bu məqsədlə ölkəmizdə bir yenilik olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində yaradılan DOST Agentliyinin və DOST mərkəzlərinin qurulması və fəaliyyəti üçün əsas hüquqi platformanı təmin edir. 
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsinin reallaşdırılması əmək münasibətləri, məşğulluq, sosial müdafiə və təminat sahələri üzrə xidmətlərin “bir pəncərə”dən, tam şəffaf, vətəndaşlarla açıq iş şəraitində, nəzakətli şəkildə, sadə və əlçatan prosedurlarla təqdim edilməsinə şərait yaradacaq. 
Fərmanla DOST Agentliyinin nizamnaməsi, agentliyin strukturu, DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısı və həmin mərkəzlərdə xidmət göstərilməsi qaydası təsdiq edilib. Nizamnaməyə görə, agentlik DOST mərkəzlərinin idarə edilməsini, onların fəaliyyətinə nəzarət və qiymətləndirməni həyata keçirən, məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində, habelə nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə Azərbaycan Prezidentinin müəyyən etdiyi siyahıdakı xidmətlərin təşkili ilə bağlı fəaliyyət göstərən publik hüquqi şəxsdir. Agentlik müvafiq sahədə hüquqi və fiziki şəxslərə təqdim olunan xidmətlərin inkişafı, təkmilləşdirilməsi və həmin xidmətlərin göstərilməsində şəffaflığın artırılması ilə bağlı tədbirlər görəcək. Qurumun vəzifələri sırasına DOST mərkəzlərinin fəaliyyətinə xüsusən gənc mütəxəssislərdən və tələbələrdən ibarət olmaqla könüllülərin cəlb edilməsi, onların həvəsləndirilməsi üçün tədbirlərin görülməsi, bu məqsədlə təhsil müəssisələri ilə əməkdaşlıq edilməsi də daxildir. Nizamnamədə agentliyin idarəetmə orqanları kimi Müşahidə Şurası və İdarə Heyəti müəyyən olunub.
Dövlət başçısının fərmanında agentliyin aparat işçilərinin say həddinin 312 ştat vahidi olduğu, nizamnamə fondunun 10 milyon manat olmaqla, dövlət büdcəsinin vəsaiti hesabına formalaşdığı müəyyən edilib. DOST mərkəzləri işçilərinin say həddinin, onların göstərdiyi xidmətlərin həcmi nəzərə alınmaqla ƏƏSMN tərəfindən müəyyən edildiyi bildirilir.
Fərmanla təsdiq edilən DOST Agentliyinin strukturuna agentliyin aparatı və DOST mərkəzləri daxildir. DOST mərkəzlərində göstəriləcək xidmətlərin fərmanla təsdiq edilən siyahısında isə nazirliyin fəaliyyət istiqamətlərinə dair arayışlar verilməsi, əmək münasibətləri, əlillik və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi, məşğulluq, əmək pensiyası və sosial müavinət, ünvanlı dövlət sosial yardımının, sığortaolunanların fərdi uçota alınması və uçotdan çıxarılması, sosial xidmət sahəsində göstərilən xidmətlər, funksional yardımçı xidmətlər üzrə 124 xidmət yer alıb.
DOST mərkəzlərində xidmət göstərilməsi qaydasına görə, mərkəzdə xidmətlər birbaşa (yerində) xidmət, özünəxidmət, “çağrı mərkəzi” vasitəsilə və səyyar xidmət formasında təşkil edilir. 
Mərkəzdə xidmətlər nazirliyin müəyyən etdiyi inzibati ərazi vahidi (vahidləri) üzrə, həftənin bütün günləri (bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) və bir-biri ilə qarşılıqlı əlaqədə informasiya texnologiyalarından geniş istifadə etməklə göstərilir.

Zərifə BƏŞİRQIZI, 
“Xalq qəzeti”

12 Dekabr 2018 22:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin