Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ƏƏSMN-də ümummilli liderin xatirəsi anılıb

ƏƏSMN-də ümummilli liderin xatirəsi anılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar keçirilən anım mərasimində öncə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və ümummilli liderimizin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli müasir dünyanın böyük siyasi şəxsiyyətlərindən bir olan ulu öndər Heydər Əliyevin Azərbaycanın hərtərəfli inkişafı, müstəqil Azərbaycan dövlətinin qurulması və ildən-ilə gücləndirilməsi üçün göstərdiyi xidmətləri diqqətə çatdırıb. Azərbaycanın sosial dövlət konsepsiyasının müəllifi olan ulu öndər Heydər Əliyevin qəbul etdiyi qərarlar, imzaladığı fərman və sərəncamlar nəticəsində hələ ötən əsrin 90-cı illərində yeni iqtisadi münasibətlərə keçidlə bağlı islahatlar zamanı əhalinin sosial müdafiəsinin təmin edildiyini, sosial müdafiə sisteminin yaxşılaşdırılması üçün ciddi addımlar atıldığını bildirib. O, ölkədə sosial sabitliyin təmin olunması, həssas əhali qruplarının təminatının gücləndirilməsi istiqamətində Heydər Əliyevin xidmətlərini qeyd edib.

M.Kərimli şəhid ailəsi üzvlərinin, müharibə iştirakçılarının, fiziki məhdudiyyətli insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına ulu öndərin xüsusi diqqət və qayğısından bəhs edib. Həssas qruplarla bağlı mühüm  sosial proqramlara, o cümlədən şəhid ailələri və müharibə əlillərinin mənzillə, müharibə əlillərinin minik avtomobili ilə təminatına, fiziki məhudiyyətli insanların qabiliyyət və istedadlarının tanıdılması üçün ümumrespublika tədbirlərinə ulu öndərin təşəbüsü ilə başlandığını deyib. Ümummili liderimiz Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan nazir müavini ölkəmizin bütün istiqamətlər üzrə əldə etdiyi nailiyyətləri diqqətə çatdırıb. O, eyni zamanda, Azərbaycanda güclü sosial siyasətin aparıldığını, sosial proqramların, aktiv məşğulluq tədbirlərinin miqyasının getdikcə genişləndiyini, sosial cəhətdən həssas qruplara dövlət qayğısının ildən-ilə artırıldığını bildirib.

Milli Məclisin deputatı, tarix elmləri doktoru, Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı ümummili liderimiz Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı sahəsində tarixi  xidmətlərindən, ulu öndərin azərbaycançılıq ideologiyasından bəhs edib.

Anım mərasimində çıxış edənlər ümummilli liderimiz Heydər Əliyevin bütün həyat və fəaliyyətini ölkəmizin inkişafına həsr etdiyini, bu məram naminə yorulmaz fəaliyyətini vurğulayıb, onun işıqlı xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildiriblər.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

12 Dekabr 2018 12:40 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə