• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 15.7 ° C / 65%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xəzərin hüquqi statusunun müəyyən edilməsi Azərbaycanın bölgədəki mövqelərini daha da gücləndirəcək

Xəzərin hüquqi statusunun müəyyən edilməsi  Azərbaycanın bölgədəki mövqelərini daha da gücləndirəcək

Xəzərin hüquqi statusu bu günlərdə nəhayət ki, öz həllini tapdı. Sahilyanı ölkələr 1992-ci ildən başlayaraq bu mövzuda müxtəlif səviyyələrdə müzakirələr aparırdılar. Çoxsaylı fikir ayrılıqlarına baxmayaraq uzun müzakirələrdən sonra hövzə ölkələri Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzaladılar. Məsələnin həllində Azərbaycan hökumətinin və şəxsən ölkə Prezidenti cənab İlham Əliyevin xidmətləri xüsusi qeyd olunmalıdır. Azərbaycan regionda reallaşdırılan qlobal layihələrin əsas təşəbbüskarı və aparıcı icraçısı kimi bu məsələnin də həllində öz sözünü dedi. 
Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi sahilyanı ölkələrin hər birinə böyük dividendlər gətirəcək. İmzalanmış konvensiya çərçivəsində Xəzərdə təhlükəsizlik və sabitlik təmin ediləcək, Xəzəryanı ölkələrin daha sıx qarşılıqlı iqtisadi, ticarət və nəqliyyat əlaqələri qurulacaq. Xəzərin hüquqi statusunun müəyyən edilməsi dənizin dərinliklərində yerləşən və indiyə qədər mübahisəli hesab olunan neft və qaz yataqlarının normal şəkildə işlənməsinə şərait yaradacaq. Bəlli məsələdir ki, bir neçə il idi ki, Azərbaycanla İran və Türkmənistan arasında dənizin dibində yerləşən mübahisəli yataqlar vardı və Xəzərin hüquqi statusunun müəyyən edilməməsi səbəbindən onların işlənməsi problemə çevrilmişdi. Bir sözlə, Xəzərin hüquqi statusunun müəyyən edilməsi hövzə sahilində yerləşən ölkələrdə yaşayan insanların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində geniş perspektivlər açır.
Hazırda Azərbaycan Xəzərdə ən çox neft və qaz hasil edən ölkələrdən biridir və müstəqillik illərində o, birtərəfli qaydada Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində böyük işlər görüb. Bu işlər, ilk növbədə, neft-qaz əməliyyatlarının həyata keçirildiyi zaman dənizin çirklənməsinin qarşısının alınmasına yönəldilib. Ötən illər ərzində ölkəmizin Xəzər dənizində həyata keçirdiyi bütün neft-qaz əməliyyatları beynəlxalq standartlara uyğun qaydada aparılıb.
Hazırda Azərbaycan bölgənin ən aparıcı tranzit yükdaşımalar mərkəzinə çevrilib. Bu baxımdan Xəzərin hüquqi statusunun müəyyən edilməsi istiqamətində əldə edilən imkanlar misilsizdir. Biz bununla tranzit yükdaşımalar sahəsində başladığımız qlobal işlərin hüquqi cəhətdən etibarlılığını daha da möhkəmləndirəcək, tranzit yükdaşımalar məqsədilə yaratdığımız dəhlizlər vasitəsilə daşınan yüklərin həcminin sürətlə artmasına nail olacağıq. 
Xəzərin hüquqi statusunun müəyyən edildiyi Qazaxıstanın Aktau şəhərində hövzə ölkələri dövlət başçılarının V Zirvə toplantısında cənab İlham Əliyev bu vəziyyəti çox gözəl xarakterizə edərək dedi: “Nəqliyyat sektoruna çoxmilyardlıq investisiyanın qoyulması Azərbaycanı Avrasiyanın mühüm nəqliyyat və logistik mərkəzlərindən birinə çevirmişdir. Azərbaycan Xəzəryanı ölkələr üçün mühüm tranzit rolu oynayır və bu rol ildən-ilə artmaqdadır. 2017-ci ilin oktyabr ayında Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı olmuşdur. Bu layihə Asiya ilə Avropanın dəmir yollarını birləşdirir. Ötən il bu marşrutla 191, cari ilin 6 ayı ərzində isə 1400-ə yaxın konteyner daşınıb. İlin sonunadək 4 minə yaxın konteynerin daşınması planlaşdırılır. Biz qarşıdakı illərdə bu marşrutla yükdaşımaların dəfələrlə artmasını gözləyirik.
Azərbaycan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında və inkişafında da mühüm rol oynayır. Biz bu layihəyə böyük əhəmiyyət veririk. Azərbaycan ərazisində bu layihənin reallaşması üçün bütün işlər başa çatıb. Ötən il Şimal-Cənub marşrutu üzrə Azərbaycan ərazisindən 1700 ton, bu ilin yalnız 7 ayı ərzində isə 175 min ton yük daşınmışdır. Bu isə yükdaşıma həcminin ötən illə müqayisədə təqribən 100 dəfədən çox artması deməkdir”.
Azərbaycan Prezidentinin səsləndirdiyi bu faktlar bir vaxtlar infrastruktur layihələrin reallaşdırılmasına milyardlarla dollar vəsaitin xərclənməsinin səmərəliliyini şübhə altına alanlara çox tutarlı cavabdır. Real olan budur ki, ölkə Prezidenti cənab İlham Əliyev digər məsələlərin həllində olduğu kimi, bu məsələdə də hər kəsdən daha uzağı görən siyasət sərgiləyə bildi.
Bu gün Azərbaycan iqtisadiyyatı və onun qeyri-neft sektoru sürətlə inkişaf edir. Dövlətimiz bu sektorun tranzit yükdaşımalar sahəsini ölkəmizin coğrafi mövqeyinin bizə bəxş etdiyi imkanlardan maksimum yararlanmaqla daha geniş inkişaf etdirməyi hədəfləyir. Elə buna görə də Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən quru yolların çəkilməsi, dəmir yollarının salınması və Xəzərdə daşımaların artırılması istiqamətində son illərdə çox böyük işlər görülüb. Xəzər hövzəsinin Ələt bölgəsində müasir ticarət limanının qurulması dəniz vasitəsilə bütün istiqamətlərdə daşınan yüklərin həcminin milyon tonlarla artırılmasını təmin edəcəkdir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının inşası artıq başa çatıb. Hazırda limanın yükaşırma qabiliyyəti 15 milyon tondur. Tranzit yüklərin həcminin artacağı halda onun imkanları qısa müddətdə 25 milyon tona çatdırılacaq.
Azərbaycanda ən müasir texnoloji standartlara cavab verən gəmiqayırma zavodunun mövcudluğu isə Xəzəryanı ölkələr içərisində ölkəmizin daha bir üstünlüyü kimi qeyd olunmalıdır. Nəzərə almaq lazımdır ki, zavodda yük gəmiləri, tankerlər, neft-qaz əməliyyatlarında istifadə edilən gəmilər və hətta hərbi gəmilərin istehsal olunması imkanları mövcuddur. Zavodun fəaliyyətə başladığı 2013-cü ildən bu günə qədər onlarca gəmi tikilərək istifadəyə verilib, 100-ə yaxın gəmi isə təmir edilib. Azərbaycan bu zavodda dəyəri 400 milyon ABŞ dolları olan və dünyada inşa edilmiş 10 ən böyük yük gəmisindən birinin inşasına nail olub.
Bölgədə reallaşdırılan qlobal layihələr hesabına ölkəmizin iqtisadiyyatı getdikcə güclənir və Azərbaycan dünya dövlətləri arasında əsl söz sahibinə çevrilir. Bütün bu imkanlardan özünü təcrid edən işğalçı Ermənistan dövləti isə Azərbaycanın iqtisadi və siyasi qüdrətinin sürətlə artdığı bir vaxtda tam iflasa uğramaqdadır. Bu isə o deməkdir ki, işğal altında olan torpaqlarımızın azad olunacağı gün çox da uzaqda deyil.

Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru, professor

 

14 2018 23:36 -

Ən son xəbərləri səhifəmizdən də izləyin