Ən son xəbərlər

Son buraxılış
Arxiv

Övladlığagötürmə sahəsində idarəetmə sistemi təkmilləşdirilir

Övladlığagötürmə sahəsində idarəetmə sistemi təkmilləşdirilir

Valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə onları övladlığa götürməyi arzulayan şəxslərin uçotu sisteminin təkmil əsaslar üzərində qurulması ölkəmiz üçün aktual məsələlərdən biridir. Azərbaycan Prezidenti İlham Əliyevin “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 10 dekabr 2018-ci il tarixli fərmanı ölkəmizdə bu məsələnin həllinə,  ümumən övladlığagötürmə sahəsində idarəetmə mexanizminin şəffaf prosedurlar əsasında təkmilləşdirilməsinə, uşaqlar övladlığa götürüldükdən sonra yeni ailələrdə onların yaşaması və inkişafına nəzarətin gücləndirilməsinə xidmət edir.

Fərmana əsasən, 2019-cu il iyunun 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) övladlığagötürmə sahəsində dövlət siyasətini və tənzimləməni, o cümlədən valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin (ölkə vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) vahid uçotunun elektron qaydada aparılmasını təmin edəcək. Uşaqların övladlığa götürülməsinin əsaslandırılması və bunun uşağın mənafeyinə uyğunluğu barədə rəy verilməsi səlahiyyəti də nazirliyə tapşırılıb. Fərmana əsasən nazirlik Azərbaycan vətəndaşı olan uşaqların əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsinə razılıq verilməsini, həmin şəxslərə hüquqi yardım göstərən akkreditə edilmiş orqanın müəyyənləşdirilməsini həyata keçirəcək. Övladlığagötürmənin ləğvinin tələb edilməsi, bu sahədə vahid nəzarətin, eləcə də əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülmüş uşaqların şəraiti ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi səlahiyyətləri də ƏƏSMN-ə həvalə edilib.

Fərmanda əksini tapan tapşırığa uyğun olaraq, nazirlik mərkəzləşdirilmiş elektron informasiya sistemində “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin yaradılmasını və 2019-cu il iyunun 1-dən fəaliyyətə başlamasını təmin edəcək. Bu altsistem valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları götürməyi arzu edən şəxslərin uçotunun, həmçinin övladlığagötürmə sahəsində digər xidmətlərin elektron qaydada aparılmasına imkan verəcək.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

12 Dekabr 2018 12:36 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin