Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əməllərdə yüksəlmiş ƏBƏDİYYƏT ABİDƏSİ

Əməllərdə yüksəlmiş ƏBƏDİYYƏT ABİDƏSİ

İşgüzar və mənəvi keyfiyyətlərlə fitri istedadın vəhdətini özündə ehtiva edən fövqəladə cəhətləri – müdrikliyi, aydın zəkası, dərin ensiklopedik biliyi, fenomenal yaddaşı, dözüm və təmkini, diplomatiya məharəti, hədəfləri dəqiq müəyyənləşdirmək və insanlara özünə inam hissini aşılamaq 
qabiliyyəti Heydər Əliyevin siyasi portretini dolğunlaşdıran  cizgilərdir. 

 

Xalqımızın ümummilli lideri, müstəqil dövlətimizin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Müasir Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin, ictimai-siyasi və sosial-mədəni həyatda tərəqqinin 30 ildən artıq dövrünü əhatə edən bütöv bir epoxa ulu öndərin adı ilə bilavasitə bağlıdır.  XX əsrin 70-ci illərindən etibarən Azərbaycanın siyasi həyatı və bütünlüklə cəmiyyətimiz Heydər Əliyevin böyük səyləri sayəsində inkişafın yeni mərhələsinə qədəm qoymuşdur.  Onun respublikaya rəhbərliyə gəlməsindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı olmuşdur. Heydər Əliyevin yaratdığı siyasi və dövlətçilik məfkurəsi Azərbaycanın dünyada özünəməxsus yerini müəyyənləşdirmiş, dövlətçiliyimizin əsasını təşkil etmiş və dünya azərbaycanlılarının həmrəyliyinin ideya əsasını yaratmışdır.
Dahi şəxsiyyətlərin əsl qiymətini verən ən ədalətli hakim zamandır. Ulu öndərin  cismani yoxluğundan illər keçdikcə, onun əzəməti və bitib-tükənməyən irsi daha dərindən dərk olunur və Heydər Əliyev dühasının Azərbaycan tarixindəki yeri və rolu, xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərinin mahiyyəti yeni-yeni çalarlarla daha da zənginləşir. Azərbaycanın yeni intibah mərhələsinin banisi sayılan ümummilli lider misilsiz fəaliyyəti ilə tarix yaradan və onun fövqündə duran, dövlət idarəçiliyi və siyasi texnologiyaları mükəmməl nəzəriyyələri və böyük həyat təcrübəsi ilə zənginləşdirən nadir şəxsiyyət, sözünün qüdrəti ilə kütləni arxasınca aparmağı bacaran lider və  sözlə əməlin birlik nümunəsi idi. 
Ulu öndər qəti və aydın şəkildə müəyyənləşdirilmiş həyat prinsiplərinə və amallarına malik şəxsiyyət idi. O, həyatının bütün mərhələlərində öz ali məqsədlərini – mənsub olduğu xalqa və cəmiyyətə sədaqət, vicdanlı və əzmkar xidmət prinsiplərini rəhbər tutmuş və bu yoldan heç vaxt dönməmişdir. Heydər Əliyev   mənəvi keyfiyyətlərinə, biliyinə, möhkəm iradəsinə, idarəçilik və liderlik qabiliyyətinə görə fenomenal şəxsiyyət,  xarizmatik lider kimi səciyyələndirilir.
İşgüzar və mənəvi keyfiyyətlərlə fitri istedadın vəhdətini özündə ehtiva edən  fövqəladə cəhətləri – müdrikliyi, aydın zəkası, dərin ensiklopedik biliyi, fenomenal yaddaşı, dözüm və təmkini, diplomatiya məharəti, hədəfləri dəqiq müəyyənləşdirmək və insanlara özünə inam hissini aşılamaq qabiliyyəti Heydər Əliyevin siyasi portretini dolğunlaşdıran  cizgilərdir. Məhz bu keyfiyyətlər ona ən çətin anlarda siyasi iradə nümayiş etdirərək qısa bir müddət ərzində milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi antiazərbaycan, antimilli qüvvələrin qarşısında yenilməz sipər çəkməklə ölkədə ictimai-siyasi sabitliyin əsaslarını formalaşdırmağa və xarici siyasətlə bağlı taleyüklü məsələlərin həllində əhəmiyyətli irəliləyişlərə nail olmağa imkan vermişdir.
Heydər Əliyevin gərgin əməyi və qətiyyəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Azərbaycanda demokratiyanın inkişafı və insan hüquqlarının qorunması, milli qanunvericiliyimizin təkmilləşdirilməsi, hüquqi  və sosial-iqtisadi islahatların reallaşdırılması, nəhəng transmilli layihələrin gerçəkləşdirilməsi, bir sözlə, xalqın rifahının yüksəldilməsini hədəfləyən fəaliyyət sahəsindəki bütün uğurların kökü də məhz Hedər Əliyevin ideyalarından qaynaqlanır. 
Ona görə də nəticə etibarı ilə ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, sabitlik və tərəqqi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş, hər bir fərdin özünü layiqli vətəndaş olaraq dərk etməsi ilə müasir tariximizə əbədi həkk olunmuşdur. 
Dünya siyasətinin və mədəniyyətinin kamil bilicisi kimi Heydər Əliyev təkcə Azərbaycan səviyyəsində deyil, eyni zamanda, qlobal miqyasda Uca Yaradanın siyasi fəhm kimi nadir keyfiyyətlə mükafatlandırdığı qüdrət sahibi olmuşdur. Qürurvericidir ki, dünyanın bir çox tanınmış siyasi xadimləri, dövlət rəhbərləri, elm və mədəniyyət nümayəndələri Heydər Əliyevi idarəetmədə səriştəli və təcrübəli dövlət xadimi kimi yüksək qiymətləndirir, ondan çox şey öyrəndiklərini səmimi etiraf edirlər. Dünyada siyasətlə məşğul olan insanlar çoxdur, lakin öz xalqının və dövlətinin şəksiz lideri və öndəri titulunu qazanmaq çox az sayda şəxsiyyətlərə müyəssər olmuşdur.  Bu mənada ulu öndər xalqımızın milli iftixarı, güvənc yerimiz və qürur duyduğumuz ən böyük azərbaycanlımızdır.
Əminəm ki, anım günü ərəfəsində dahi Heydər Əliyevin xatirəsini dərin hüzn və ehtiramla bir daha yad edən Azərbaycan xalqı onun cismən aramızda olmamasından xiffət hissi keçirməklə yanaşı, təskinlik və rahatlıq duyğusu yaradan bir gerçəkliyi də unutmur:  Heydər Əliyev müstəqil Azərbaycanın dirçəlişi və davamlı inkişafı yolunda  bütün ömrünü sərf etməklə yanaşı, ən möhtəşəm əsərini – memarı və qurucusu olduğu müstəqil Azərbaycanı etibarlı əllərə əmanət edib əbədiyyətə qovuşdu.
Bu mənada, düşünürəm ki, bu gün  xəyalları gerçəkliyə çevirən, hər zaman öz siyasi kredosunu xalqın xidmətçisi olmaqda görən islahatçı Prezident və Heydər Əliyev ideyalarının daşıyıcısı olan Yeni Azərbaycan Partiyasının sədri kimi bu siyasi kursu müasir çağırışlar fonunda  yeni keyfiyyətdə layiqincə davam etdirən cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində görülən işlər, insanların sabaha olan inamını daha da artıran uğurlu nəticələr həm də dahi Heydər Əliyevin ruhu qarşısında bir hesabatdır. Ulu öndərin müstəqil, dinamik inkişafının əsasını qoyduğu ölkəmizi Prezident İlham Əliyev inamla, qətiyyətlə irəliyə aparır və özünün gərgin, məhsuldar fəaliyyəti ilə dövlətçiliyimizə,  müstəqilliyimizə, ölkəmizin sosial-iqtisadi tərəqqisinə şərəflə xidmət edir. 
Beləliklə, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz tarixi xidmətlər haqqında təhlil apararkən, haqlı olaraq onun müstəqil, suveren, azad Azərbaycan dövlətini qurması faktı birmənalı şəkildə təsdiqlənir. Vətənə, xalqa xidmət onun həyat məramı, ömür amalı olmuşdur.  Ona görə də hər kəs əmin olmalıdır ki, xoş amalları və əməlləri ilə qədirbilən xalqımızın tükənməz sevgisini qazanmış ulu öndərin adı Azərbaycan tarixində  təkrarolunmaz siyasətçi, qüdrətli dövlət başçısı, əfsanəvi şəxsiyyət kimi qalacaq, müstəqil Azərbaycan  dövləti durduqca Heydər Əliyevin parlaq xatirəsi də əməllərlə yüksəlmiş əbədiyyət abidəsi kimi daim yaşayacaqdır.

 

Bahar MURADOVA,
Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü

 

12 Dekabr 2018 12:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə