Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Suraxanı rayonunda payız-qış mövsümünə hazırlıqla bağlı iclas keçirilib

Suraxanı rayonunda payız-qış mövsümünə hazırlıqla bağlı iclas keçirilib

Suraxanı Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlığın yekunu və qarşıda duran vəzifələrlə bağlı  iclası keçirilmişdir. 
Bakı şəhər və rayon icra hakimiyyətləri başçısı aparatının əməkdaşları, rayonun hüquq-mühafizə orqanları, sənaye müəssisələri, təhsil, səhiyyə, mədəniyyət və xidmət sahələrinin rəhbərləri, qəsəbə nümayəndələri və bələdiyyə sədrlərinin  iştirak etdikləri iclasda rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov  çıxış edərək bildirmişdir ki, rayon təsərrüfatının payız-qış mövsümünə hazırlanması icra hakimiyyətinin fəaliyyətinin daim prioritet istiqamətlərindən biri olmuş, bununla bağlı zəruri tədbirlərin həyata keçirilməsi üçün bir sıra işlər görülmüşdür. Mövsümə hazırlıqla əlaqədar icra hakimiyyətində xüsusi qərargah yaradılmış, tədbirlər planı təsdiq olunmuşdur. 
Tədbirlər planında istilik qazanxanalarının, eləcə də əhalinin enerji daşıyıcıları ilə fasiləsiz təmin edilməsi, mərkəzi istilik sisteminə qoşulmuş yaşayış binalarının, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin keyfiyyətli istiliklə təchiz olunması, mənzil-kommunal təsərrüfatında zəruri təmir işlərinin aparılması, qış mövsümündə nəqliyyatın normal fəaliyyəti üçün küçə və yolların işlək vəziyyətdə saxlanılması, yanğın təhlükəsizliyi ilə bağlı zəruri tədbirlərin görülməsi və s. kimi işlər nəzərdə tutulmuşdur.
Payız-qış mövsümünə hazırlıqla əlaqədar görülmüş işlər barədə məlumat verən rayon icra hakimiyyəti başçısının müavini Etibar Yolçiyev bildirmişdir  ki, hazırda rayon əhalisinin 100 faizi elektrik enerjisi, 98 faizi məişət qazı, 40 faizi fasiləsiz olmaqla 97 faizi su ilə təmin olunur.     
Mənzil-kommunal birlikləri tərəfindən balanslarında olan yaşayış binalarının dam örtüklərinin, pilləkən qəfəslərinin təmiri, zirzəmilərin çirkab sulardan təmizlənməsi işləri davam etdirilmiş, mühəndis-kommunikasiya sistemlərinin, lift təsərrüfatının işlək vəziyyətdə olması daim nəzarətdə saxlanılmışdır.
Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirləri Coşqun Cəbrayılov, Ayaz Hüseynov  və Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfael Mehralıyev, “Azəristiliktəchizat” ASC-nin şöbə müdiri Rafiq Əliyev ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına əsasən paytaxtda qış mövsümünə hazırlıqla bağlı tədbirlər planı hazırlandığını, eyni zamanda,  mövsümlə bağlı tövsiyələrinin rayonlara paylanıldığını diqqətə çatdırıblar. Həmçinin, şəhərdə genişmiqyaslı quruculuq və abadlıq işlərinin görülməsi, yeni infrastruktur layihələrin həyata keçirilməsi ilə bağlı xüsusi proqram hazırlandığını da bildiriblər. 
Natiqlər payız-qış mövsümündə, xüsusilə qeyri-sabit hava şəraitində rayonun təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışmasının, köməkçi, məhəllədaxili yolların, səkilərin, obyektlərin qarşısının qardan vaxtında təmizlənməsi üçün bu işlərə cavabdeh təşkilatların müəyyənləşdirilməsinin, sakinlərin elektrik enerjisi, təbii qaz, su, istilik təchizatı və digər problemlərlə üzləşməmələri üçün müvafiq tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar. 
Şura iclasına yekun vuran başçı 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla bağlı işlərin müəyyənləşdirilmiş  cədvəl üzrə aparıldığını, hazırlıqla bağlı rayonun bütün təsərrüfat obyektlərində çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görüldüyünü  diqqətə çatdırmışdır.

V. BAYRAMOV,
“Xalq qəzeti”

12 Dekabr 2018 12:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə