Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xarizmatik lider

Xarizmatik lider

Müstəqil Azərbaycan dövlətinin banisi və memarı ulu öndər Heydər Əliyevin  dünyasını dəyişməsindən 15 il ötür. Respublikamızın hər yerində,  habelə, bütün dünyadakı soydaşlarımız ulu öndəri hörmət və ehtiramla yad edir, anım mərasimləri keçirirlər. Ulu öndər  böyük siyasət və dövlət xadimi, xalqın şəksiz lideri olaraq, hələ sağlığında canlı əfsanəyə çevrilmiş, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqəti cəlb etmişdir. Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi və taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. 
Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi  dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb.
Müstəqillik asan yolla qazanılmır. Dövlətin öz müstəqilliyini əldə etməsi tarixi zərurətin meyarları əsasında və xalqın milli dövlətçilik ənənələrini formalaşdıra bildiyi ictimai-siyasi zəminin mövcudluğu şəraitində mümkün olur. Həmçinin müstəqilliyin əldə olunması üçün tarixi zəmin və şəraitin yetişməsi ilə bərabər onun mövcudluğunu təmin edən və möhkəmləndirən bazislər də əsas rol oynayır. Yetişmiş səmərəli və əlverişli tarixi şəraitdən istifadə edərək, müstəqillik əldə edən dövlətlərin qarşısında daha yeni tarixi zərurətlər durur ki, onu da realizə etmək hər bir ölkə üçün asan deyil.
Uzun illər dövlət müstəqilliyini bərpa etmək istəyən respublikamızın bu müqəddəs ideallara qovuşması üçün səylər göstərilsə də tarixi şəraitin, milli liderin yetişməməsi bunu mümkünsüz edib. Müstəqilliyin dayaq sütunlarını, milli-ideoloji əsaslarını, suveren dövlətçilik institutlarını yaratmaq, onu həyata keçirmək güclü dövlət siyasətinin, eyni zamanda, milli liderin olması mütləq vacibdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hələ ötən əsrin 70-ci illərindən başlayaraq, respublikamızda həyata keçirilən genişmiqyaslı proqramları müasir iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldərək, gələcək müstəqilliyimizin təmin olunması üçün zəmin hazırlamışdı.
SSRİ-nin süqutundan sonra  dövlət müstəqilliyini bərpa edən Azərbaycan ilk illər naşı rəhbərliyin əlində aciz qaldı. Həmin dövrdə ağır və çətin günlər yaşayan xalq  çətinliklə qazanılmış dövlət müstəqilliyinin dağılmaq təhlükəsi qarşısında qaldığını gördüyü və artıq ən ağır günlərini yaşadığı bir zamanda – 1993-cü ilin iyununda mövcud hakimiyyətin dəyişilməsini israr etməklə yanaşı, həmin vaxtdan taleyini yenə Heydər Əliyevə etibar etdi. Xalqının dar gündə qaldığını görüb onun təkidli dəvətini qəbul edən Heydər Əliyev Azərbaycanda yenidən böyük siyasətə qayıtdı. Xalq ulu öndərin bu qayıdışını ümid və sevinclə qarşılayaraq, həmin günü Milli Qurtuluş Günü kimi müstəqil Azərbaycanın tarixinə yazdı.
Həmin dövrün ictimai-siyasi və sosial-iqtisadi mühiti barədə ulu öndərin müdrik və dahiyanə bir fikrinə diqqət yetirməklə real təsəvvür əldə edə bilərik: “Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük dəyərdir. Ancaq müstəqilliyi əldə etmək onu qoruyub saxlamaqdan, möhkəmləndirməkdən daha asandır. Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil ölkədir, biz həm daxildə, həm də xaricdə müstəqil siyasət aparırıq... Bizim siyasətimiz Azərbaycan xalqının maraqlarına xidmət göstərir. Azərbaycan xalqının maraqlarının qorunması, Azərbaycan dövlətinin möhkəmləndirilməsi, Azərbaycanın dövlət müstəqilliyinin möhkəm-ləndirilməsi mənim üçün və bilirəm ki, hər bir Azərbaycan vətəndaşı üçün ən başlıca vəzifədir, ən başlıca məqsəddir”.
Əslində, Azərbaycanda milli dövlətçiliyin əsaslarının yaradılması, müstəqil respublikanın suverenliyi ilə bağlı strukturların formalaşdırılması ulu öndər Heydər Əliyevin başçılığı ilə 90-cı illərin sonlarından başlayaraq, Naxçıvan Muxtar Respublikasının timsalında reallaşdırıldı. Ulu öndərin malik olduğu güclü iradə, uzaqgörən siyasət və digər mühüm keyfiyyətlər Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas etdi və beləliklə, tarixi dialektik qanunauyğunluq gerçəkləşdi – dövlətçiliyin əsaslarını hazırlayan Heydər Əliyevin dövlətçilik institutunun sükanı arxasına keçməsi öz məntiqi nəticəsilə yekunlaşdı. 
Ulu öndər Azərbaycanın demokratik islahatlar platformasını, inkişafın mükəmməl və özünütəsdiq vektorlarını  yaratdı.  Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında səfərbər edən milli təlim – azərbaycançılıq ideologiyası elmi-siyasi-nəzəri konseptual məzmununa görə əvəzolunmaz məxəzdir. Bu fundamental meyarlar və prinsipial fəaliyyət planı respublikamızın milli dövlətçilik strukturlarının formalaşmasına zəngin baza yaratmış oldu.
Dövlət müstəqilliyinə qovuşmuş gənc respublikanın inkişaf ssenarilərini tərtib etmək, transkontinental, qlobal siyasi gərginliklərin davam etdiyi bir şəraitdə müstəqil inkişaf strategiyasının hərtərəfli, əhatəli konturlarını müəyyənləşdirmək, sosial-siyasi sabitliyin dönməzliyinə dərin təməllər yaratmaq, möhkəm iradə sahibinə, uzaqgörən, təmkinli, qətiyyətli və xarizmatik şəxsiyyətə, böyük siyasi təcrübəyə malik dühaya xas ola bilərdi. Təbii ki, bu xarakterik keyfiyyətlər ümummilli lider Heydər Əliyevə məxsus idi və dünya siyasət nəhənginin xalqın bütöv və dönməz təkidi sayəsində hakimiyyətə qayıdışından sonra qeyd etdiyimiz siyasi-hüquqi-iqtisadi zərurətlərin reallaşması mümkün oldu. Ulu öndərin zəngin siyasi idarəetmə məharəti, milli dövlətçilik ənənələrinə dərindən bələd olması, islahatların mahiyyətini bütün təfərrüatları ilə dərk etməsi və həyata keçirmək qüdrətində olması  müstəqil Azərbaycanın əhatəli inkişaf strategiyasının hazırlanmasına əsaslı baza yaratdı. 
Həmin dövrün ilk illərində həyata keçirilən islahatlar və əldə olunan mühüm nəticələr Azərbaycanın inkişaf konsepsiyasının nə qədər zəngin olduğunu, bu strategiyanın nə dərəcədə böyük uzaqgörənliklə düşünüldüyünü və ölkəmizin hərtərəfli tərəqqisini təmin etdiyini təsdiqləmiş oldu. Respublikamız qısa müddət ərzində idarəetmə sisteminin yenilənməsi, struktur islahatlarının aparılması, iqtisadiyyatda funksional iqtisadi mexanizmlərin tətbiq olunması, dövlət maliyyə qurumlarında islahatların həyata keçirilməsi, bazar iqtisadiyyatı ilə bağlı hüquqi-normativ bazanın yaradılması sahəsində ciddi uğurlara imza atdı. Sistemli xarakter alan islahatların siyasi və iqtisadi inkişafın templərinə uyğun modernləşdirilməsi Azərbaycanın dinamik inkişafı üçün münbit zəmin formalaşdırdı. 
Heydər Əliyev milli inkişafın əsas prinsipləri kimi demokratik dəyərlərə əsaslanan cəmiyyət quruculuğu və buna paralel olaraq liberal və azad iqtisadiyyatın yaradılmasını başlıca məqsədlərdən biri hesab edirdi. Azərbaycan bazar iqtisadiyyatı və demokratiya yolunu prioritet olaraq seçdi. Bu paradiqmanın realizasiyası iqtisadiyyatda liberalizmin dərin kök atmasına, sosial bərabərliyin öz yerini tutmasına, demokratik reformaların coğrafi hüdudlarının genişlənməsinə səbəb oldu. 
Tarixi dialektika və siyasi-ictimai qanunauyğunluq göstərir ki, ulu öndər Heydər Əliyevin mahir dövlətçilik idarəçiliyini, strategiyasını  bütün komponentləri ilə əxz etmiş varisi Prezident İlham Əliyevdən başqa heç kəs davam etdirə bilməzdi. Yüksək intellektə, praqmatik və rasional düşüncəyə malik, enerjili və təşəbbüskar bir şəxsiyyət olan Prezident İlham Əliyev Azərbaycanda demokratik islahatların inkişaf etdirilməsi üçün qətiyyətli addımlar ataraq respublikamızın yeni inkişaf mərhələsinə qədəm qoymasına nail oldu. Azərbaycanın müstəqil siyasi kursunu, iqtisadi doktrinasını yeni dövrdə ən mükəmməl şəkildə inkişaf etdirən ictimai xadim, siyasi lider kimi dünya siyasi xəritəsində möhtəşəm yer tutan, rasional düşüncə tərzinə malik şəxsiyyət olan Prezident İlham Əliyevin prinsipial qərarları sayəsində Azərbaycan davamlı iqtisadi inkişafın, uzunmüddətli sabitliyin, dünya dövlətləri  arasında yüksək nüfuz sahibi və etibarlı tərəfdaşlığın təminatçısına çevrilib.

Sədaqət VƏLİYEVA, 
Milli Məclisin deputatı, 
Yeni Azərbaycan Partiyası Nizami rayon 
təşkilatının sədri 

12 Dekabr 2018 12:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə