Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qalib gələn yoxdur

Serj Sarkisyan da uduzdu, Robert Koçaryan da, Soros Fondu da

Qalib gələn yoxdur

Qafqazın başağrısına çevrilmiş Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkiləri sübut etdi ki, bu dövlət vassallıqdan, satellitlikdən özgə heç nəyə yaramır. Çünki ölkə əhalisinin böyük hissəsinin fikrincə, xalqın gələcək taleyinə sahiblik etmək istəyən Nikol Paşinyan öz hakimiyyətinə seçkini saxtalaşdırmaqla başladı.
Dekabrın 9-da həm Ermənistan rəhbərliyinə, həm seçkiləri müşahidə edən beynəlxalq təşkilatlara, həm də bu kasıb ölkədən hansısa məqsədlə istifadə etməyə çalışanlara məlum oldu ki, erməni xalqı özünü siyasi elitada hiss edənlərin heç birinə inanmır. Ötən əsrin doxsanıncı illərinin əvvəllərindən etibarən ölkəni idarə edən Robert Koçaryan və Serj Sarkisyan talançılıq və cinayətkarlıq əməllərinə görə xalqın etimadını tamamilə itiriblər. Son bir ildə hakimiyyətə can atanlar da məhz özündən əvvəlkilərin xalqın gözündən düşməsindən bəhrələnməyə çalışıblar. Ancaq buna baxmayaraq, Nikol Paşinyan və ətrafındakılar da hələ xalqın gözündə ucalmağı bacarmırlar. Çünki siyasətə küçədən gəliblər və hansı addımı necə atacaqlarını qətiyyən kəsdirə bilmirlər.
Nikol Paşinyan və onun havadarları elə güman edirdilər ki, onlar yeni qüvvə hesab edildiklərinə görə xalqın 80-90 faizi məhz bu “yeniliyə” səs verəcək. Ancaq gözlədiklərinin tamamilə əksi ilə üzləşməli oldular. Məlum oldu ki, ölkə seçicilərinin ümumi hissəsinin cəmi 30-35 faizi Paşinyanın “yeni” komandasına səs verib. Üstəlik, yerli mətbuat yazır ki, seçkilərdə çoxlu saxtakarlıqlara yol verilib. Deməli, Paşinyan tərəfdarları nə qədər saxtakarlıq etsələr də 35 faizdən o yana gedə bilməyiblər. Erməni ekspertlər əlavə edirlər ki, dekabrın 9-da Ermənistanda Rusiyanın əleyhinə olan qüvvələr hakimiyyətə gəlmək şansı qazansalar da, onların qələbəsi legitim deyil.
Bundan başqa, dünyanın müxtəlif ölkələrində vəziyyəti öz istədikləri tərəfə istiqamətləndirmək istəyənlərin alət kimi istifadə etdiyi Soros Fondu da Ermənistanda keçirilən seçkilərdə uduzub. Bildirilir ki, Nikol Paşinyan komandasının seçkidəki uğursuz göstəriciləri Soros Fondunu postsovet məkanında növbəti dəfə məğlubiyyətə uğradıb. İndi onun layihələri kütlələr üçün maraqlı və cəlbedici deyil.
Bu isə o deməkdir ki, dekabrın 9-da İrəvanda elan edilən seçkinin nəticələrinə görə Serj Sarkisyan da uduzub, Robert Koçaryan da, Soros Fondu da. Ermənilərin əksəriyyətinin fikrincə, Nikol Paşinyanın “qələbəsi” də tamamilə qeyri-legitimdir. Fakt ondan ibarətdir ki, erməni xalqının əzablı günləri hələ çox davam edəcək. 

Ramiz ƏSKƏR,
BDU-nun türk xalqları ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru, professor 

12 Dekabr 2018 12:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə