Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanın rüsvayçı seçkisi

İşğalçı ölkənin siyasi partiya fəalları da bunu etiraf edirlər

Ermənistanın rüsvayçı seçkisi

Dekabrın 9-da Ermənistanda keçirilmiş növbədənkənar parliament seçkiləri gözlənildiyi kimi, saxtakarlıqla başa çatıb. Əslində, işğalçı ölkədə bu vaxta qədər keçirilən seçkilərin hamısı biabırçılıqla nəticələnib. 2008-ci il martın 1-də ölkədə keçirilən etiraz aksiyalarını xatırlatmaq yerinə düşərdi. Həmin vaxt ölkədə keçirilmiş prezident seçkilərinin saxtalaşdırılması ilə əlaqədar dinc aksiya təşkil olunmuşdu. O vaxt aksiyanın dağıdılması zamanı açılan atəş nəticəsində 10 nəfər qətlə yetirilmiş, 50-dən çox etirazçı yaralanmışdı. 
Göründüyü kimi, işğalçı ölkədə seçki saxtakarlığının bünövrəsi çoxdan qoyulub. Ona görə də növbədənkənar parlament seçkilərinin də saxtalaşdırılacağına şübhə yox idi. Bunu seçkiyə qatılmış siyasi partiya fəalları və yerli televiziya kanalları da təsdiqləyiblər. 
Məsələn, Respublikaçılar Partiyasından namizəd olan David Şahnazaryan növbədənkənar parlament seçkilərini Ermənistan tarixinin ən rüsvayçı seçkisi adlandırıb. Deyib ki, seçki kapmaniyası zamanı açıq şəkildə təhdidlər olur, hakim qüvvə tərəfindən təzyiq halları baş verirdi. Həmin partiyanın sədr müavini Armen Aşotyan isə bu seçkiləri “ümummilli tələb” yox, şəxsi siyasi hesablaşmaların və Nikol Paşinyanın maraqlarının nəticəsi adlandırıb. 
Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Makutyan da seçicilərin qeyri-fəallığını etiraf edib. Deyib ki, xalq parlament seçkilərinə əhəmiyyət vermədi. Bunu seçicilərin fəallığı da təsdiqləyib. Onun sözlərinə görə, səsvermə hüququna malik 2 milyon 592 min 481 seçicidən 1milyon 260 min 840 nəfəri seçkilərə qatılıb. Həm də nəzərə almaq lazımdır ki, adı seçici siyahısında olanların əksəriyyəti bir neçə il öncə ölkəni tərk edib. İşğalçı ölkənin kütləvi informasiya vasitələri də bu barədə mütəmadi məlumatlar dərc edirdilər. Həmin informasiyalarda bildirilirdi ki, əhali ölkəni kütləvi şəkildə tərk edir. Bunun əsas səbəbi işsizlik, aclıq, səfalət və orduda baş alıb gedən özbaşınalıq, bir də gənc əsgərlərin naməlum səbəbdən qətlə yetirilmələri, yüksək rütbəli hərbçilərin bağ evlərində qul kimi işlədilmələridir. 
Yerli kütləvi informasiya vasitələrinin və müşahidəçilərin verdikləri məlumatlara görə, seçki zamanı kütləvi saxtakarlıqlar qeydə alınıb. Hətta bəzi qubernatorlar bütün şəhər merlərinə və icma rəhbərlərinə seçicilərin Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” blokuna səs verməyə çağırmalarını tapşırıb. Bir sıra ərazilərdə Paşinyanın tərəfdarlarına səs verilməsi üçün seçicilərə pul paylanılması barədə də məlumatlar yayılıb.
Beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik edən bir ölkədən bundan artıq seçki keçirilməsini gözləmək qeyri-mümkündür.

Yusif AĞAYEV, 
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti,
filologiya üzrə fəlsəfə doktoru

 

12 Dekabr 2018 12:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə