Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Seçkilər başa çatdı, indi Paşinyanın problemləri başlayır

Seçkilər başa çatdı, indi Paşinyanın problemləri başlayır

Bu il dekabrın 9-da Ermənistanda növbədənkənar parlament seçkiləri keçirildi. Seçkilər ölkədə küçə eyforiyası ilə iqtidara gəlmiş Nikol Paşinyana hakimiyyəti əlində saxlamaq üçün lazım idi. Lakin seçkilərdən əvvəl də hiss olunurdu ki, verdiyi sosial-iqtisadi vədləri yerinə yetirə bilməyən Paşinyan nüfuzunun düşəcəyindən ciddi narahatdır. Məhz bu səbəbdən seçkilərin erkən keçirilməsi barədə qərar qəbul edilmişdi. Elə onun lideri olduğu “Mənim addımım” blokunun parlament seçkilərində sentyabrda İrəvan meriyasına keçirilən seçkilərlə müqayisədə aşağı nəticə göstərməsi də bu fikri təsdiq edir.
Parlament seçkilərinin ümumi ilkin nəticələrinə gəlincə, Nikol Paşinyan və onu dəstəkləyənlər qələbə qazana bildilər. Belə ki, “Mənim addımım” bloku 70,43, oliqarx Qagik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası 8,27, Edmon Marukyanın rəhbərlik etdiyi “İşıqlı Ermənistan” isə 6,37 faiz səs toplayaraq, parlamentdə təmsil olunmaq hüququ əldə ediblər. Qeyd edək ki, həm “Çiçəklənən Ermənistan”, həm də “İşıqlı Ermənistan” Paşinyanın küçə inqilabına dəstək verən qüvvələr olublar.
Yəni Ermənistan parlamentində bundan sonra yalnız bu 3 siyasi qüvvə təmsil olunacaq. Digər siyasi partiyalar və bloklar isə müvafiq olaraq 5 və 7 faizlik baryeri keçə bilmədiklərinə görə kənarda qalıblar. Sabiq dövlət başçısı Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyası, yəni dolayısı ilə “Qarabağ klanı”nın 4,7 faiz, erməni millətçiliyinin siması hesab edilən “Daşnaksütyun” isə cəmi 3,89 faiz səs əldə ediblər.
Seçkilər göstərdi ki, erməni xalqı siyasi elitanın nə müxalif, nə də iqtidar kəsiminə etibar etmir. Odur ki, seçici fəallığı həmişə olduğundan daha aşağı idi. Mərkəzi Seçki Komisiyasının sədri Tiqran Mukuçan deyib ki, ölkə tarixində ilk dəfə seçicilərin əksəriyyəti ümumdövlət seçkilərinə məhəl qoymayıb. Belə ki, səsvermə hüququna malik 2 milyon 592 min 481 seçicidən yalnız 1 milyon 260 min 840 nəfəri seçkidə iştirak edib.
Əslində, seçicilərin iştirakı ilə bağlı rəqəmlər şişirdilib. Bütün ölkə üzrə səsvermə prosesində qeydə alınan pozuntular, saxtakarlıq, istifadə olunmamış bülletenlərin ləğv edilməməsi, bölgələrdə seçicilərə təzyiq, başqasının yerinə səs vermək və sair qanunsuz hərəkətlər onu deməyə əsas verir ki, əhalinin heç 40 faizi seçkilərə gəlməyib. 
Ermənilərin sosial şəbəkələrdə paylaşdığı statuslar da göstərir ki, əhalinin böyük bir hissəsi, xüsusən, gənclər nə keçmiş iqtidar nümayəndələrinin, nə də yeni hökumətin ölkədəki ağır sosial-iqtisadi problemlərin, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olacağına inanır. 
Seçkilərdə kütləvi saxtakarlıqlar baş verib. Ölkə Prokurorluğu seçki pozuntusu ilə əlaqədar onlarla faktı qeydə almağa məcbur olub. Lakin bu faktlar üzrə cinayət işi açılmayıb. Nikol Paşinyan isə iki daşın arasında iki yaxın qohumu – qardaşı oğlu və qaynını parlamentə deputat “seçdirə bilib”. 
Təəssüf ki, AŞPA, ATƏT PA kimi beynəlxalq qurumlar Ermənistan müxalifətinin konkret faktlara söykənən ifşalarına baxmayaraq, bu saxtakarlıqları “görmür”, üstəlik, Ermənistanın yeni hakimiyyətinə yarınmağa çalışır, Paşinyan komandasının hakimiyyəti küçə mübarizəsi metodları ilə qəsb etməsinə, legitim, xalqın real dəstəyini alan hakimiyyət qura bilməməsinə göz yumur.
Seçkilərdən sonra ölkənin daxili və xarici siyasətində böhran heç də azalmayacaq. Əksinə, 7 ayda xalqın böyük əksəriyyətinin etimadını itirmiş Paşinyana inam növbəti 7 ayda daha da azalacaq, çünki onun verdiyi vədləri yerinə yetirməsi qeyri-mümkündür. 
Paşinyan vədlərinə sahib çıxmaq istəsə belə, mövcud şərait buna imkan verməyəcək. Bütün resursları tükənmiş Ermənistanın Paşinyanın yanlış xarici siyasəti nəticəsində hətta əsas himayədarlarından biri olan Rusiya ilə də münasibətləri soyuyub. 
Bəli, Paşinyanın əsas problem-lərinin seçkilərdən sonra başlayacağı sirr deyil. Hakimiyyəti təhvil alan yeni baş nazir yeni təsisatlar formalaşdırmalı, hər seyi yenidən başlamalıdır. 
Üstəlik, bu, ölkənin bir geosiyasi qüvvənin nəzarətindən başqasının əlinə keçməsi və daxili siyasi qarşıdurma, hakimiyyətdən uzaqlaşdırılmış qüvvələrin revanş planları, Paşinyan hakimiyyətinə qarşı təxribat-pozuculuq, hətta gələcəkdə silahlı qiyam təhdidləri fonunda baş verəcək.

M.HACIXANLI, 
“Xalq qəzeti”

12 Dekabr 2018 12:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə