Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan nümunə göstərir

Azərbaycan nümunə göstərir

BMT İnsan Hüquqları Bəyannaməsinin qəbulundan 70 il keçir. Bu bəyannamənin qəbul olunması zərurəti İkinci dünya müharibəsi zamanı törədilmiş vəhşiliklərdən, insanların amansızcasına qətlə yetirilmələrindən, ömürlük şikəst qalmalarından sonra yaranmışdır. Müharibənin ağır və dəhşətli fəsadları mütərəqqi dövlətləri ümumdünya ədalət meyarını müəyyən etmək məcburiyyəti ilə üz-üzə qoydu. Hələ 1945-ci ildə yaradılmış Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin müqəddiməsində insan hüquqlarına, onun şəxsiyyətinə, ləyaqətinə, kişi və qadının, böyük və kiçik millətlərin hüquq bərabərliyinə inam ifadə olunmuşdu. 
1946-cı ildə Nürnberq tribunalında qəbul edilmiş qərarlarda da insan hüquqlarının heç bir dövlətin müstəsna daxili məsələsi olmadığı və bir sıra dövlətlərin müstəqilliyini bəhanə gətirərək, vətəndaşları ilə istədikləri şəkildə rəftar edə bilməsi öz əksini tapmışdı. Bütün bunlara baxmayaraq, belə əhəmiyyətli sənədlərin qəbul olunması hələ də kifayət etmirdi. İnsan hüquqlarının ümumbəşəri dəyərə çevrilməsi üçün daha əhəmiyyətli rəsmi sənədə, heç bir dövlətin poza bilməyəcəyi əsas insan hüquqlarının siyahısını əks etdirən qərara böyük ehtiyac var idi. Belə bir rəsmi sənəd 1948-ci il dekabrın 10-da – BMT İnsan Hüquqları Bəyannaməsi adı ilə qəbul edildi. Bəyannamə BMT-nin 48 ölkəsinin iştirakı ilə birgə qəbul edildi. Həmin gün Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd edilir. 
Məhz 1948-ci il Bəyannaməsi əsasında sonradan yüzlərlə beynəlxalq konvensiyalar qəbul edilmiş, sazişlər imzalanmışdır. Bəzi dövlətlər onun müddəalarını konstitusiyalarında təsbit etmişlər.
Bəyannamənin beynəlxalq sənəd statusu yox idi və yalnız insan hüquqları sahəsində beynəlxalq standart kimi qəbul olunmuşdu. Lakin bu sənəd olduqca böyük mənəvi və ideoloji əhəmiyyət kəsb edirdi. İlk dəfə etiraf olunurdu ki, insan hüquqları ümumdünya xarakteri daşıyır və dünya ölkələri arasındakı mədəni, tarixi və ictimai fərqlərdən asılı deyildir. Bundan başqa, insan hüquqları daha ölkənin daxili işi sayıla bilməzdi. 
Ümumdünya İnsan Hüquqları Bəyannaməsi qəbul ediləndə, həmin vaxt Azərbaycan müstəqil dövlət olmadığından, ona səs verə bilməmişdi. Respublikamız yalnız dövlət müstəqilliyini bərpa etdikdən sonra insan hüquqlarının müdafiəsi yolunda qətiyyətli addımlar atdı. Bu da, əsasən, 1993-cü ilin ikinci yarısından sonra özünü büruzə verdi. Bu yolda Azərbaycan dövləti mürəkkəb və keşməkeşli dövr yaşayaraq, bütün sınaqlardan mətinliklə çıxdı və demokratik prinsiplərə üstünlük verdiyini təsdiqlədi.
1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyada böyük bir fəsil məhz insan hüquqlarına həsr olunmuş və Bəyannamənin müddəalarını özündə əks etdirmişdir. Konstitusiyanın müddəalarından irəli gələn, insan hüquq və azadlıqlarını əsas meyar kimi özündə əks etdirən qanunlar qəbul olunmuş, onların tətbiqi üçün təşkilati işlər görülmüş və insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. 
Azərbaycan Avropa Şurasına üzv qəbul olunduqdan sonra ölkəmiz “İnsan hüquqlarının müdafiəsi haqqında Avropa Konvensiyası”na qoşuldu və milli qanunvericiliyin beynəlxalq Avropa standartlarına uyğun təkmilləşdirilməsi öhdəliyini götürdü. Bu istiqamətdə atılan addımlardan ən mühümü Ombudsman təsisatının yaradılması idi. 2001-ci il dekabrın 28-də Milli Məclis tərəfindən “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında” Konstitusiya Qanunu qəbul olundu.
Bu gün insan hüquq və azadlıqlarının müdafiəsi Azərbaycanda həyata keçirilən siyasətin prioritetini təşkil edir. Ölkəmizin insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, bu istiqamətdə qəbul olunmuş normativ-hüquqi aktların beynəlxalq standartlara tam uyğunlaşdırılmasının təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, ölkəmizdə insan hüquqlarına verilən dəyərin əsas göstəricisidir. 
Prezident İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının qorunması, hüquq və azadlıqlarının təmin olunması sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsi, ildə bir neçə dəfə əfv fərmanlarının imzalanması və minlərlə məhbusun azadlığa qovuşması beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Müstəqillik əldə etdiyimiz vaxtdan bu günə qədər 65 əfv sərəncamı imzalanıb və 11 aministiya aktı qəbul olunub.
Ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi ölkə başçısının daim diqqət mərkəzində saxladığı məsələlərdən biridir. Prezident İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə qəbul olunmuş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın qəbul olunması da bundan xəbər verir. Azərbaycan Respublikasının Prezident yanında əfv institutunun yaradılması insan hüquq və azadlılarının müdafiəsi istiqamətində atılan daha bir uğurlu addımdır. Minlərlə insan məhz əfv olunmaqla ailəsinə, azadlığına qovuşur. Bu qurum, eyni zamanda, dövlətin müstəsna hüquqlarından olan bağışlamaq hüququnu tətbiq edir, dövlət başçısının humanizm siyasətini həyata keçirir. Bütün bunlar Azərbaycan Prezidentinin insan hüquq və azadlıqlarına verdiyi önəmin təzahürüdür.

Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

12 Dekabr 2018 12:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə