Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İkinci Respublika İnnovasiya Müsabiqəsinin qalibləri mükafatlandırılıb

İkinci Respublika İnnovasiya Müsabiqəsinin qalibləri mükafatlandırılıb

İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə "2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyi” məqsədlərini təşviq etmək, innovasiyaları həvəsləndirmək, eyni zamanda, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının və "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri"nin icrasına dəstək məqsədilə keçirilən İkinci Respublika İnnovasiya Müsabiqəsinə yekun vurulub və müsabiqə qaliblərinə mükafatlar təqdim edilib.

Bununla əlaqədar təşkil olunmuş tədbirdə çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev vurğulayıb ki, son illər Azərbaycanın innovasiya proseslərinə inteqrasiyası, innovasiya iqtisadiyyatına keçidi təmin edən tədbirlərin təşviqi və reallaşdırılması strateji proqram və sənədlərdə, o cümlədən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası və müxtəlif sektorları əhatə edən Strateji Yol xəritələrində öz əksini tapıb. Bu sənədlərin bir sıra hədəf və istiqamətləri BMT-nin "2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyi" ilə eynidir.

Sonra çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai innovasiyanın əhəmiyyəti barədə danışıb, belə müsabiqələrin gələcəkdə innovativ sahələrə investisiya qoyuluşlarının təşviq edilməsinə, elmi nailiyyətlərin və innovasiyaların müxtəlif sahələrdə tətbiqinə, habelə milli innovasiya sisteminin təkmilləşdirilməsinə töhfə verəcəyini vurğulayıb.

Tədbirdə Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Mədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxış edərək elmi tədqiqatlar sahəsində innovativ layihələrin dəstəklənməsi üçün infrastrukturun yaradılması, insan resurslarının hazırlanması, səmərəli maliyyələşdirmə mexanizmlərinin tətbiqi, xüsusilə bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsi baxımından innovasiyaların tətbiqinin sürətləndirilməsinin vacibliyini vurğulayıblar.

Tədbirdə İnnovasiya Müsabiqəsinin hər il təşkilinə dair birgə tədbirlərin əlaqələndirilməsi üçün İqtisadiyyat, Mədəniyyət, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası və "Ernst and Young" şirkətinin Azərbaycan nümayəndəliyi arasında anlaşma memorandumu imzalanıb.

Sənədi İqtisadiyyat naziri Ş.Mustafayev, mədəniyyət naziri Ə.Qarayev, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri R.Quluzadə, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ü.Mehdiyev, AMEA-nın prezidenti, akademik Akif Əlizadə və "Ernst and Young" şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri İlqar Vəliyev imzalayıblar.

science.gov.az saytı yazır ki, yədbirin sonunda İnnovasiya Müsabiqəsində qalib olmuş ilk üç layihənin, eləcə də həvəsləndirici mükafata layiq görülmüş layihələrin müəlliflərinə diplomlar və mükafatlar təqdim olunub.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

11 Dekabr 2018 18:24 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin