Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanda antirusiya mövqeli qeyri – legitim hakimiyyət formalaşır

Ermənistanda antirusiya mövqeli qeyri – legitim hakimiyyət formalaşır

Ermənistanda növbədənkənar parlament seçkiləri başa çatdı. Səsvermənin nəticələrinin elan olunmasından sonra məlum oldu ki, baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın “Mənim addımım” bloku guya 70,43 faiz səslə qalib gəlib. İkinci yeri 8,27 faiz səslə “Çiçəklənən Ermənistan” (lideri Qaqik Tsarukyan), üçüncü yeri 6,37 faiz səslə Edmon Marukyanın lideri olduğu “İşıqlı Ermənistan” partiyaları tutub. Bununla da erməni xalqı Serj Sarkisyan və Robert Koçaryanın, Prezident İlham Əliyevin dediyi kimi, cinayətkar xunta rejimini tarixin zibilliyinə atdı.
Ermənistanda Serj Sarkisyan hakimiyyətinin iflasından sonra Prezident İlham Əliyev bildirmişdi: “Mən dəfələrlə demişdim ki, Ermənistanda iqtisadi böhran, demoqrafik böhran yaşanır, ölkə boşalır, hər il on minlərlə insan o ölkəni həmişəlik tərk edir. Ermənistanda inkişaf üçün heç bir perspektiv yoxdur. Demişəm ki, Azərbaycan Ermənistanı dalana çevirib, iqtisadi, siyasi, nəqliyyat dalanına çevirib. Nəyə görə? Ona görə ki, Ermənistan torpaqlarımızı işğal edibdir. İndi bütün bunları erməni xalqı deyir”.
Amma seçkidə əhalinin fəallığı çox aşağı oldu. Bu da onu göstərir ki, erməni xalqı idarəedici elitanın nə müxalif, nə də iqtidar kəsiminə etibar edir. Ona görə də narazı kütlənin küçələrə axışması nəticəsində oxlokratik rejim qurmuş Paşinyan öz hakimiyyətinə seçkini saxtalaşdırmaqla başladı və təbii ki, legitimlik qazandıra bilmədi. Hətta ciddi saxtalaşdırmalardan, inzibati resurslardan sui-istifadədən sonra da, açıqlanmış rəsmi rəqəmlərə görə, seçkiyə qatılanların 60-70 faizi, yəni erməni seçilərinin ümumi hissəsinin yalnız 30-35 faizi Paşinyan komandasına səs verib. Bununla da seçkinin nəticəsi olaraq Ermənistanda qeyri-legitim və antirusiya mövqeli bir hakimiyyət formalaşır. 
Eyni zamanda, seçki göstərdi ki, Paşinyan komandasının zəif nəticələr göstərməsi Soros Fondunu da pis vəziyyətdə qoydu, onun postsovet məkanında növbəti dəfə məğlubiyyətə uğramasına səbəb oldu. Ermənistanda keçirilmiş parlament seçkiləri indiyədək bu ölkədə yol verilmiş saxtakarlıqlara göz yummuş beynəlxalq təşkilatları, xüsusən Avropanın demokratik təsisatlarını, seçkiləri müşahidə etmiş institutları da pis vəziyyətdə qoydu. AŞPA, ATƏT PA kimi qurumlarda təmsil olunan azərbaycanlı deputatların dəfələrlə məsələ qaldırmasına, Ermənistan müxalifətinin konkret faktlara əsaslanan ifşaedici bəyanatlarına baxmayaraq, həmin qurumlar Serj Sarkisyan hakimiyyətinin qeyri-legitim olduğunu qəbul etmək istəmir, onun demokratik yolla hakimiyyətə gəldiyini iddia edirdilər. Halbuki həmin seçkilərdə Sarkisyan rejiminin tərəfdarları bir qayda olaraq seçki baryerini belə aşa bilmirdilər. Bu fikri hazırkı seçki prosesində Serj Sarkisyanın təmsil olunduğu Respublika Partiyasının səs qazana bilməməsi bir daha təsdiq etdi. Amma həmin qurumlar ikili standartlara, bir çox hallarda xristian təəssübkeşliyinə əsaslanan rəylər söyləyirdilər. Bu isə erməni lobbisindən alınmış çirkli maliyyə vəsaitlərinin, Sarkisyan rejiminin yürütdüyü konyak diplomatiyasının hesabına baş verirdi. 
Təəssüf ki, bəzi Avropa təsisatlarının eyni mexanizmləri hələ də qalmaqdadır və buna görə də həmin qurumlar Ermənistanın yeni hakimiyyətinin legitimliyini təsdiq edir, Paşinyan komandasının hakimiyyəti küçə mübarizəsi metodları ilə qəsb etməsinə, legitim, xalqın real dəstəyini qazanan hakimiyyət qura bilməməsinə göz yumur, bunu hətta təşviq etməkdən də çəkinmirlər. 
Beləliklə, Ermənistan parlamentinə seçkilərdə, gözlənildiyi kimi, Paşinyanın partiyası qalib oldu. Yəni Paşinyan xalqı fakt qarşısında qoydu: səs versəniz də, verməsəniz də, partiyam qalib gələcək, mən isə baş nazir olacağam. Nəticə də belə oldu. Amma əhali bu nəticə ilə hesablaşacaqmı? Artıq həbsdə olan sabir prezident Robert Koçaryanın tərəfdarları xalqı baş vermiş ədalətsizə qarşı mübarizəyə qoşularaq etiraz aksiyalarına başlamağa çağırıb. Bu gündən aksiyalara start verilir. Görək axırı necə olacaq... 

Yasin QARAMƏMMƏDLİ, 
 siyasi icmalçı 

10 Dekabr 2018 22:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Yanvar 2019 | 23:37
Səfər başa çatdı

Ən son xəbərləri səhifəmizdən də izləyin