Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Binəqədi rayonunda ümummilli liderin xatirəsi anılıb

Binəqədi rayonunda ümummilli liderin xatirəsi anılıb

Binəqədi Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin vəfatının 15-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. 
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin YAP rayon təşkilatının inzibati binası qarşısındakı abidəsi önünə tər çiçək dəstələri düzərək, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.   
Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azay Quliyev çıxış edərək ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, ölkəmizə rəhbərliyi dövrlərində gördüyü işlərdən, xalqımız qarşısında misilsiz xidmətlərindən danışıb. Bildirib ki, dahi öndərin müdrik və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanda ictimai-siyasi sabitlik bərqərar olub, hüquqi, demokratik dövlət quruculuğu, Milli Ordunun formalaşması, respublikamızın beynəlxalq aləmdə demokratik imicinin yüksəlməsi istiqamətində önəmli addımlar atılıb.
Milli Məclisin deputatı Kamaləddin Qafarov nitqində Heydər Əliyev siyasi obrazının xalqımızın dövlətçilik şüurunun, tarixinin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsi olduğunu vurğulayıb.  
Tarix elmləri doktoru, professor İradə Hüseynova çıxışında ulu öndərin gənc nəslə Azərbaycanın milli yüksəlişi naminə fərdi maraqların fövqündə dayanmaq bacarığı öyrətdiyini, Vətənə təmənnasız xidmət kimi ən şərəfli ideallar aşıladığını diqqətə çatdırıb.  
Rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyev çıxışında bildirib ki, dahi şəxsiyyət Heydər Əliyev son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın tələbi ilə ikinci dəfə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürməsəydi, bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycandan danışmaq mümkün olmazdı. Natiq, həmçinin hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın gündən-günə inkişaf etdiyini, qüdrətləndiyini diqqətə çatdırıb.  
Anım mərasiminin sonunda ümummilli liderin sevdiyi musiqilər dinlənilib, Heydər Əliyevə həsr edilmiş ədəbi-bədii kompozisiya təqdim olunub.
Sonda xalq artisti Faiq Ağayevin ifasında  “Dahi” mahnısı səslənib. 
Mərasimdə Milli Məclisin deputatı Madər Musayev, rayon ictimaiyyətinin nümayəndələri  və fəal gənclər iştirak ediblər.

“Xalq qəzeti”  

10 Dekabr 2018 22:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə