Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Müasir və güclü Azərbaycanın memarı Heydər Əliyev”

“Müasir və güclü Azərbaycanın memarı Heydər Əliyev”

Dünən AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi. 
Muzeyin direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, akademik Rafael Hüseynov “Müasir və güclü Azərbaycanın memarı Heydər Əliyev” adlı məruzəsində milli dövlətçilik tarixində xüsusi bir mərhələ təşkil edən Heydər Əliyev siyasi təfəkkürünün, azərbaycançılıq ideologiyasının müasir dövrün iqtisadi, mədəni, siyasi dirçəlişindəki mühüm rolundan danışdı. Heydər Əliyevin dövlətçilik tariximizdə müstəsna yeri olduğunu söyləyən natiq ulu öndərin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və müstəqilliyimizin möhkəmləndirilməsinə nail olunduğunu bildirdi.
Diqqətə çatdırıldı ki, hələ ötən əsrin 60-70-ci illərində heç kəsin ağlına gəlməzdi ki Azərbaycan yenidən müstəqil olacaq. Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda ölkəmiz 15 müttəfiq respublika içərisində ən geridə qalmışı idi. Lakin Heydər Əliyevin həyata keçirdiyi siyasət qısa zamanda Azərbaycanı qabaqcıllar sırasına çıxartdı. Respublikamızda yeni zavodlar açılır, hərbi məktəb fəaliyyətə başlayır, kənd təsərrüfatı məhsullarının istehsalında böyük nailiyyətlər əldə edilir. Qeyd olunanlar ulu öndərin Azərbaycanın müstəqilliyinin təmin olunması istiqamətində atdığı qətiyyətli addımların bir qismidir.
Ümummilli liderin yüksək təşkilatçılıq, liderlik xüsusiyyətlərini görən SSRİ rəhbərləri onu Moskvaya Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə dəvət etdilər. Heydər Əliyev həmin vəzifədə çalışanda da Azərbaycanın inkişafı və tərəqqisi üçün var gücü ilə çalışmışdır.
1991-ci oktyabrında Azərbaycanın yenidən müstəqilliyini elan etməsi bir sıra xarici qüvvələrin ölkəmizə qarşı təzyiqlərini artırdı. Xalqımızın 20-ci əsrin əvvəllərində olduğu kimi, müstəqilliyimizin yenidən itirilməsi ilə üz-üzə qaldığı bir vaxtda Heydər Əliyev yenidən Azərbaycanın siyasi səhnəsində göründü. Onun dəmir iradəsi, parlaq zəkası sayəsində vətəndaş qırğınının qarşısı alındı, ölkəmiz gündən-günə tərəqqi və inkişaf etməyə başladı. Ulu öndər 1994-cü ilin oktyabrında transmilli şirkətlərin iştirakı ilə “Əsrin müqaviləsi”ni imzalamaqla Azərbaycan neftini Avropa və dünya bazarlarına çıxarılmasına nail oldu. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsi nəticəsində əldə edilən gəlirlər xalqımızın rifahı və tərəqqisi üçün, Milli Ordumuzun gücləndirilməsinə sərf olunmağa başladı. 
Akademik daha sonra vurğuladı ki, Cümhuriyyət qurucularının edə bilmədiklərini Heydər Əliyev öz titanik fəaliyyəti ilə təkbaşına etdi. Azərbaycanın müstəqilliyi 3 yaşına, beş yaşına, on beş yaşına, nəhayət 27 yaşına çatdı. Bu nöqteyi-nəzərdən Heydər Əliyev yalnız XX əsrdə deyil, bütövlükdə Azərbaycanın tarix boyu yetişdirdiyi ən nadir şəxsiyyətlərdən biridir. 
Vurğulandı ki, ümummilli lider Heydər Əliyev respublikamızın yaradıcı ziyalılarına, tanınmış ədəbiyyat, mədəniyyət və elm xadimlərinə daim diqqət göstərərək, onların xidmətlərini yüksək qiymətləndirmişdir. Məhz bu dahi şəxsin təşəbbüsü ilə Sovet İttifaqının qüdrətli vaxtlarında siyasi rəhbərlikdən razılıq alınaraq “Nizami”, “Nəsimi” və “Dədə Qorqud” kimi filmlər çəkilmişdir.
Bildirildi ki, fenomen şəxsiyyət, müasir Azərbaycanın memarı, ümummilli liderin müstəqil Azərbaycanın dövlət quruculuğunda göstərdiyi əvəzsiz xidmətlər, Azərbaycan ədəbiyyatına və mədəniyyətinə göstərdiyi diqqət daim xatırlanacaqdır.
Professor Rafael Hüseynov ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi xəttin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini diqqətə çatdırdı.
Sonda Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif anlarını əks etdirən sərgi də nümayiş etdirildi.

Qabil YUSİFOĞLU, 
“Xalq qəzeti”

10 Dekabr 2018 21:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə