Ən son xəbərlər

Son buraxılış
Arxiv

Suraxanıda “Dövlət və xalq üçün yaşanan ömür” mövzusunda konfrans

Suraxanıda “Dövlət və xalq üçün yaşanan ömür” mövzusunda konfrans

Suraxanı Rayon Heydər Əliyev Mərkəzi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, rayon icra hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin xatirəsini anım günü münasibətilə “Dövlət və xalq üçün yaşanan ömür” mövzusunda konfrans keçirilib.  
Tədbir iştirakçıları ümummilli liderin rayonda adını daşıyan parkda ucalan abidəsini ziyarət etdikdən sonra Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Mərkəzdə təşkil edilən “Ulu öndərin neft strategiyası” mövzusunda rayon məktəblilərinin hazırladıqları rəsmlərə, əl işlərinə, dahi şəxsiyyətin xatirəsinə həsr olunan poçt markalarına və kitab sərgisinə baxıblar. Şagirdlərin ulu öndərlə bağlı çıxışları da maraqla qarşılanıb. 
Ümummilli liderə həsr olunan “Dövlət və xalq üçün yaşanan ömür” filminin nümayişindən sonra konfrans Dövlət himninin  səsləndirilməsi və dahi şəxsiyyətin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Konfransı giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov qeyd edib ki, hər tarixi inkişaf dövrü özünün görkəmli şəxsiyyətlərini yetişdirir. Amma elə şəxsiyyətlər də var ki, zamanın fövqünə yüksələrək, yaşadıqları dövrün xarakterik cizgilərini müəyyənləşdirirlər. Azərbaycan tarixinin otuz ildən artıq bir dövrü dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin fəaliyyəti ilə qırılmaz surətdə bağlıdır. Dahi öndərin  xidmətləri sayəsində xalqımız əvvəlcə siyasi və iqtisadi müstəqilliyinin möhkəm təməlini yaratmış, daha sonra isə müstəqil dövlətini qurmaq, qorumaq və yaşatmaq üçün tarixin verdiyi imkanı reallaşdıra bilmişdir. Bugünkü qüdrətli Azərbaycan ulu öndərin xalqa məhəbbətinin, Vətən yolunda fədakarlığının parlaq nişanəsidir.
İlqar Abbasov daha sonra vurğulayıb ki, ümummilli liderin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi inkişaf strtegiyası bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən inamla reallaşdırılır. Heydər Əliyev siyasi kursunu müasir çağırışlar fonunda yeni keyfiyyətdə layiqincə davam etdirən, xəyalları gerçəkliyə çevirən, öz siyasi kredosunu xalqın xidmətçisi olmaqda görən cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. 
Cənab Prezidentin ən yaxın silahdaşı, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva dövlət səviyyəsində həyata keçirilən işlərdə xüsusi xidmətlər göstərərək irimiqyaslı layihələri ilə davamlı olaraq cəmiyyətə öz töhfəsini verir. 
Konfransda çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov bildirib ki, bu günlər respublikamızın hər yerində ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir daha anılır. Bütün ömrü boyu respublikamızın inkişafı, xalqımızın xoşbəxtliyi üçün çalışan Heydər Əliyev müasir Azərbaycanı yaradıb.  
Tarix elmləri doktoru, professor Mais Əmrahov qeyd edib ki, ulu öndər Heydər Əliyevdə böyük uzaqgörənlik, məxsus olduğu, xalqa, torpağa böyük sədaqət hisslər var idi. Eyni zamanda, ümummilli lider yüksək insani keyfiyyətlərə malik bir şəxsiyyət idi. Ədaləti, düzlüyü, səmimiyyəti, insani keyfiyyətləri xüsusilə qiymətləndirən, ona məna verən dahi şəxsiyyət idi.  
Konfransda Milli Məclisin deputatı Ağacan Abiyev, YAP  rayon təşkilatının sədri Vüqar Seyidov, rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev Heydər Əliyevin liderlik xüsusiyyətlərindən, xalqına olan məhəbbətindən  danışıblar.
Sonda Azərbaycan Dövlət Pedaqoji Universiteti tələbələrinin ifasında ədəbi-bədii kompozisiya göstərilib.  

V. BAYRAMOV, 
“Xalq qəzeti”

10 Dekabr 2018 21:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Yanvar 2019 | 23:37
Səfər başa çatdı

Ən son xəbərləri səhifəmizdən də izləyin