Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Heydər Əliyevin müdrik gedişləri

və ya o illərin uşaq şahmatçıları – bugünün üçqat Avropa çempionları

Heydər Əliyevin müdrik gedişləri

Bu yaxınlarda  əməkdaşımız, Əməkdar jurnalist Oqtay Bayramovun müəllifliyi ilə “Xalq qəzeti”nin nəşri olan “Heydər Əliyev və Azərbaycan şahmatının zəfər salnaməsi” kitabı çapdan çıxmışdır (məsləhətçi – “Xalq qəzeti”nin baş redaktoru, Əməkdar jurnalist Həsən Həsənov, redaktor İlham Abbasov, rəyçilər Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənov, “İdman” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Qabil Mehdiyev). Azərbaycanda idmanın, o cümlədən şahmatın inkişafında və bugünkü nailiyyətlərində, xüsusən də kişilərdən ibarət milli komandamızın üçqat Avropa çempionu adı daşımasında böyük xidmətləri olmuş ümummilli liderin vəfatının 15-ci ildönümü günlərində kitabdan bir hissəni ulu öndərin unudulmaz xatirəsinə dərin ehtiramla oxucularımızın diqqətinə çatdırırıq.
Prezident Heydər Əliyevin “Azərbaycan uşaq şahmatçıları Teymur Rəcəbov və Vüqar Həşimova dövlət qayğısının artırılması haqqında” və “Azərbaycan uşaq şahmatçılarına dövlət qayğısının artırılması haqqında” 1998-ci ilin fevralında və yenə həmin ilin sonlarında iki sərəncam imzalamasından iyirmi il ötür. İndi biz o illərin uşaq şahmatçılarının dünyanın ən hörmətli, sayılıb-seçilən yüksək reytinqli qrossmeysterlərinə çevrilmələrindən qürur duyarkən onların qazandıqları uğurların ümummilli liderimizin müdrik, şah gedişlərinin – sərəncamların və bundan da çox-çox əvvəl respublikamızda şahmatın inkişafı üçün yaratdığı möhkəm təməlin bəhrəsi olduğunu ulu öndərə dərin minnətdarlıq hissi ilə xatırlayırıq.
Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi  illər ərzində şahmatın inkişafını daim diqqət mərkəzində saxlaması, bunun  sayəsində Azərbaycanın hər yerində  şahmat məktəbləri açılması yeni-yeni istedadların aşkara çıxarılmasında və onların müxtəlif miqyaslı yarışlarda ölkəmizi layiqincə təmsil etmələrində mühüm rol oynamışdır.
Bizim günlərdə beynəlxalq idman dairələrində şahmat ənənələri yüksək qiymətləndirilən Azərbaycanda məşhur qrossmeysterlər yetişir. Həmişə yüksək mədəniyyəti ilə tanınmış ölkəmiz öz şahmat nailiyyətləri ilə də dünyanın diqqət mərkəzindədir.
Azərbaycan bu diqqəti hələ 1974-cü ildən özünə çəkməyə başlamışdı. Həmin il iyunun 21-də Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin təşəbbüsü ilə keçirilmiş respublika partiya fəalları yığıncağında bədən tərbiyəsi və idmanın vəziyyəti hərtərəfli müzakirə olunmuş, problemləri haqqında açıq və prinsipial söhbət getmişdi. Yığıncaqdan  sonra vəziyyəti düzəltmək, respublikada idmanın bütün növlərinin, o cümlədən şahmatın inkişafında əsaslı dönüşə nail olmaq üçün təxirəsalınmaz tədbirlər həyata keçirilməyə başlandı. Tezliklə respublikanın, demək olar, bütün guşələrində şahmat məktəbləri açıldı, yüzlərlə, minlərlə uşaq və yeniyetmə təcrübəli mütəxəssislərin rəhbərliyi ilə qədim oyunun sirlərini öyrənməyə başladı.
Hələ Sovet İttifaqı dövründə şahmat tacının Azərbaycana gətirilməsində – H.Kasparovun dünya çempionu adını qazanmasında görkəmli dövlət xadimi Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdu. Elə həmin dövrdə Azərbaycanda qadın şahmatı da yaxşı inkişaf etmişdi. Təmsilçilərimiz bir sıra böyük yarışlarda yüksək nəticələr göstərmişdilər. İslam dünyasında qadınlar arasında ilk beynəlxalq qrossmeyster, 2002-2007-ci illərdə Azərbaycan Şahmat Federasiyasının prezidenti olmuş Aynur Sofiyeva, eləcə də qrossmeysterlər Firuzə Vəlixanlı, İlahə Qədimova beynəlxalq şahmat dairələrində tanınmış simalardır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev respublikamıza rəhbərliyinin ikinci dövründə də bədən tərbiyəsi və idmanın daha da inkişaf etdirilməsini diqqət mərkəzində saxlamaqla idmanımızın və idmançılarımızın ən yaxın dostuna çevrildi. Ulu öndərin idman ictimaiyyətinin nümayəndələri ilə görüşlərindən birində bütün ölkəyə qətiyyətlə bəyan etdiyi “Azərbaycan Prezidenti kimi şəxsən mən söz vermişəm və indi də bunu təsdiq edirəm ki, idmana xüsusi qayğını öz üzərimə götürmüşəm və əmin ola bilərsiniz ki, bu qayğını daim hiss edəcəksiniz” sözləri isə hamının ürəyindən olmuşdu.
Görülən işlərin nəticəsidir ki, bu gün respublikamızın adı şahmatın ən yüksək səviyyədə inkişaf etdiyi ölkələr sırasında çəkilir. Azərbaycan şahmat məktəbinin yetirmələri istər uşaq və yeniyetmələr, istərsə də gənclər və böyüklər arasında bir çox mötəbər beynəlxalq yarışda, o cümlədən Avropa və dünya çempionatlarında, klublararası qitə birinciliklərində qalib və mükafatçılar sırasında yer tutur, fəxri kürsüdə təbrikləri qəbul edirlər. Onların qələbələri şərəfinə müxtəlif ölkələrdə Azərbaycan bayrağı yüksəklərə ucaldılır, dövlət himnimiz səsləndirilir. 
Bununla əlaqədar Azərbaycan idmanının ağsaqqallarından biri, ölkə Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənovun ümummilli liderin vəfatından bir neçə gün sonra “Xalq qəzeti”nə verdiyi müsahibədən bəzi məqamları xatırlamaq yerinə düşər:
“...Biz şahmatçılar  Heydər Əliyevi özümüzə çox doğma, çox yaxın insan kimi tanıyırdıq və həmişə də tanıyacağıq. Onun şahmata xüsusi qayğısı daim yadımızda qalacaq. Heydər Əliyev elə şəxsiyyətlərdən idi ki, istənilən sahənin xalqımıza necə gərək olduğunu hamıdan yaxşı bilirdi. Belə ki, şahmatın intellektual oyun olduğunu və xalqımız üçün vacibliyini bizimlə görüşlərində dəfələrlə demişdi. Ulu öndərin respublikamıza rəhbərlik etdiyi ötən əsrin 70-ci illərində şahmat məktəblərinin təməlini qoyması, bütün rayonlarda şahmat məktəbləri tikilməsi barədə göstərişlərinin bəhrəsi bu günlər də aydın hiss olunur. O vaxtlar respublikamızda yaranan, sözün əsl mənasında, şahmat universitetləri indi qazandığımız uğurlara güclü təkan vermişdir. Biz şahmatçılar Heydər Əliyevə borcluyuq. Azərbaycanda şahmatın nə qədər uğurları, qələbələri  varsa, onların hamısını ümummilli liderimizin adı ilə bağlayırıq”.
Azərbaycanda şahmat üzrə Dünya Kuboku, Ümumdünya Olimpiadası, Qran-pri turnirinin, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən “Naxçıvan Open” beynəlxalq şahmat festivallarının, görkəmli qrossmeyster Vüqar Həşimovun Şəmkirdə keçirilən xatirə turnirlərinin yüksək səviyyədə təşkilini bu yarışların iştirakçıları –norveçli dünya çempionu Maqnus Karlsen başda olmaqla bir-birindən məşhur qrossmeysterlər dəfələrlə böyük məmnuniyyətlə qeyd etmişlər. Məsələn, 2015-ci ilin aprel ayında V.Həşimovun ikinci xatirə turnirinin iştirakçısı olmuş keçmiş dünya çempionu hindistanlı Vişvanatan Anandın söylədiyi bir fikir görkəmli qrossmeysterin Azərbaycana böyük hörmət və məhəbbətinin parlaq təzahürü idi:
– Yenidən Azərbaycanda olmaq, Şəmkir turnirində iştirak etmək mənim üçün xoşdur. Altı il əvvəl Bakıya son səfərimdən məndə xoş xatirələr qalıb. Ötənilki Şəmkir turniri haqqında çoxlu müsbət rəy eşitmişəm. Məncə, bu turnir şahmat həvəskarları üçün çox maraqlı olacaq. Biz buraya həmkarımız, çox yaxşı insan və əla şahmatçı olmuş Vüqar Həşimovun xatirəsini yad etmək üçün gəlirik. Əminəm ki, bu, ən yaxşı oyunumuzu göstərməkdə bizə yaxından kömək edəcək. 
V.Anandın bu səmimi sözlərini cəsarətlə həmin turnirin xarici ölkələrdən olan digər iştirakçılarının da ümumi fikri hesab edə bilərik. Rusiyalı keçmiş dünya çempionu Vladimir Kramnik və onun həmvətəni, yaxın dostu olmuş Vüqar Həşimovu həmişə dərin ehtiramla xatırlayan Sergey Karyakin, habelə dünya şahmat elitasının digər nümayəndələri– hazırda ABŞ-da yaşayıb yarışlarda bu ölkəni təmsil edən italyan Fabiano Karuana, Aniş Giri (Hollandiya), fransız Maksim Vaşye-Laqrav, ingiltərəli Maykl Adams da Azərbaycana səfərlərindən məmnun qaldıqlarını gizlətmirlər. Həmin ikinci Şəmkir turnirində müxtəlif illərin üç dünya çempionu Karlsen, Anand və Kramnikin iştirak etmələri bu yarışı superturnir səviyyəsinə yüksəltmişdi və on gün ərzində bizim kiçik Şəmkir şəhərimiz dünyanın şahmat mərkəzinə çevrilməklə bütün planetin diqqətini özünə cəlb etmişdi. 
Bizi bu qeydləri qələmə almağa sövq edən, yazının giriş hissəsində xatırlatdığımız kimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin iyirmi il əvvəl Azərbaycanın uşaq şahmatçılarına dövlət qayğısının artırılması haqqında imzaladığı iki sərəncam və 2017-ci ilin payızında Yunanıstanın Krit adasında millimizin üçüncü dəfə Avropa çempionu adını qazanması oldu. İndi həmin uşaqların adlarının dünyanın ən məşhur qrossmeysterləri sırasında çəkilməsi bütün Azərbaycan üçün çox qürurvericidir. 
Əfsus ki, iyirmi il əvvəlin hələ çox “kiçik altılığı”ndan (Vüqar Həşimov, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli) biri istedadının çiçəkləndiyi vaxtda əbədiyyətə qovuşmuş və meydanda “böyük beşlik” adlandıra biləcəyimiz beş qrossmeyster qalmışdır. Amma nə etmək olar, dünya heç kim üçün əbədi deyil, hər bir kəs nə vaxtsa bu gözəl həyatda son addımını atıb dayanmalı olur...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2017-ci il noyabrın 8-də  Avropa çempionatının qalibi olmuş  komandamızın üzvlərini qəbul edərkən onların qələbələrini yüksək qiymətləndirərək demişdir: ”Azərbaycan növbəti böyük uğura imza atıb. Bu dəfə idmanın şahmat növündə, intellektual idman növündə qazanılmış qələbə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan komandası Avropa çempionatında birinci yer tutub və çempion olub. Bu möhtəşəm qələbə münasibətilə şahmatçıları, məşqçiləri, federasiyanı ürəkdən təbrik edirəm.
Bu, bütün Azərbaycan xalqını sevindirən qələbədir.Şadam ki, bu, artıq birinci qələbə deyil, bu, üçüncü qələbədir.Yəni, üç dəfə Azərbaycan şahmatçıları Avropada birinci yeri tutublar. Bu, onu göstərir ki, budəfəki qələbə də təsadüfi qələbə deyil, bu, təbii qələbədir. Bu qələbə Azərbaycan xalqının istedadına, intellektinə əsaslanan qələbədir.
Gərgin mübarizədə bizim şahmatçılarımız Azərbaycan xalqının intellektual potensialını bütün Avropaya və eyni zamanda, dünyaya bir daha nümayiş etdirdilər.Mən sizi dəvət etdim ki, bu qələbə münasibətilə sizi şəxsən təbrik edim.Bilirəm ki, siz bu gecə Bakıya böyük qələbə ilə, kuboklarla qayıtmısınız və bütün Azərbaycan xalqını  sevindirmisiniz...”
Azərbaycan komandasının Avropa çempionatlarında üçüncü zəfəri ölkəmizdə geniş qeyd olunan 9 Noyabr Dövlət Bayrağı Günü ərəfəsinə təsadüf etmişdi. Həqiqətən, ən yaxşı şahmatçılarımız milli qürur mənbəyimiz olan müqəddəs bayrağımızın şərəfini növbəti dəfə layiqincə qorumuşlar. Əhsən və yenə də əhsən!
Biz Azərbaycan komandasının Avropa çempionatlarında üç qələbəsinin–Novi Sad–2009, Varşava–2013 və Krit adası–2017-də qazanılmış qızıl medalların sevincini həmişə  böyük fəxarət hissi ilə  yaşayırıq.
Avropa çempionatlarından Xəzər sahillərinə gətirilmiş digər iki dəst mükafata gəldikdə, yığmamız 2007-ci ildə Yunanıstanın Heraklio şəhərində keçirilmiş 16-cı birincilikdə üçüncü yeri tutmuş və bu səviyyəli yarışlarda ilk uğurunu bürünc medallarla qeyd etmişdir.    
  Azərbaycan millisi gümüş medallara da Yunanıstanda, bu dəfə Porto Karras şəhərində sahib olmuşdur. Komanda 2011-ci ildə orada növbəti çempionatda çıxışlarını çempion Almaniyadan sonra fəxri kürsünün gümüş pilləsində başa vurmuş, üçüncü yeri isə Macarıstan tutmuşdur. 
Beləliklə, Azərbaycan komandası Avropa çempionatlarının beşqat mükafatçısı – üç dəst qızıl, bir dəst gümüş və bir dəst bürünc medalın sahibidir. İndi kim deyə bilər, daha hansı ölkələr belə möhtəşəm nailiyyətlə öyünə bilərlər?! Özü də bu medallar cəmi 10 il ərzində – ­2007-ci ildən 2017-ci ilədək olan dövrdə keçirilmiş son altı çempionatdan beşində qazanılmışdır. Üstəlik də, demək olar, dəyişməz heyətlə. 
Bu gün müstəqil Azərbaycan Respublikasında şahmatın sürətli inkişafı göz qabağındadır. Ulu öndər Heydər Əliyevin şahanə gedişlərlə təməlini qoyduğu böyük uğurlar bir-birini əvəz etməkdədir. 

Oqtay BAYRAMOV, 
“Xalq qəzeti”

10 Dekabr 2018 21:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə