Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yüksək vətənpərvərlik hissi böyük Qələbəni daha da yaxınlaşdırır

Yüksək vətənpərvərlik hissi böyük Qələbəni daha da yaxınlaşdırır

Azərbaycan tarix boyu çox müharibələr görüb,  İkinci dünya savaşının iştirakçısı olub. Bu müharibənin  əhatə etdiyi illər bəşəriyyətin indiyədək üzləşdiyi ən ağır və dəhşətli dövr olmuşdu.  Xalqımızın mərd oğul və qızları bu müharibədə misilsiz şücaət göstərərək qəhrəmanlıq zirvəsinə yüksəlmişlər.  Ancaq 30 ildir ki, davam edən Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ müharibəsi bu vaxta qədər qarşılaşdığımız və iştirakçısı olduğumuz  müharibələr sırasında ən üzücülərindəndir.  Otuz  ildir ki, xalqımız bu dərdlə yaşayır, mübarizə aparır. Bu müddət ərzində  baş vermiş itkilər, dağıntılar, dəhşətli soyqırımıları, terror aktları, günahsız insanların, xüsusilə uşaqların, ahılların və ağbirçəklərin faciəli ölümü hər birimizin ürəyini ağrıdır.  Ancaq hələ də  “nə sülh, nə müharibə” labirinti qurtarmır ki, qurtarmır.
Bu müharibə nəticəsndə torpaqlarımızın 20 faizini itirmişik, bir milyondan artıq soydaşımız  doğma dədə-baba yurdundan didərgin salınıb. Bizi yandırıb –yaxan da odur ki, İkinci dünya müharibəsi kimi dəhşətli illərdə  azərbaycanlılar  həm arxa, həm də ön cəhbədə böyük qəhrəmanlıq göstərdi, millətimizin adı tarixə əbədi həkk olundu. Ancaq 30 il davam edən müharibədə başqa ölkələrin əraziləri hesabına dövlət olan cılız Ermənistanla  üz-üzəyik. 
Təbii ki, bu müharibənin taleyi yalnız Azərbaycanla Ermənistandan asılı olsaydı, bütün sahələr üzrə işğalçıdan ­qat-qat üstün olan  ölkəmiz  çoxdan onların dərsini layiqincə vermişdi. Axı Ermənistan  cəmi 4 günlük müharibədə Azərbaycan Ordusunun gücünü,  cəsarətini, mərdliyini gördü.  Müstəqillik tariximizə əbədi həkk olunmuş 2016-cı ilin Aprel döyüşlərini bir daha xatırlatmaq yerinə düşərdi.  Ermənistanın Azərbaycana qarşı apardığı  əsası olmayan  uzunmüddətli müharibənin heç vaxt unudulmayacaq,  daim şərəf tariximizdə qalacaq səhifələrindən biri olan 2016-cı ilin Aprel döyüşləri. Bu döyüşlər bir daha təsdiqlədi ki, nəhayət, səbrimizin bir tükənmə, daşma  həddi var.
Cəmi  dörd gün davam edən Aprel döyüşləri  bütün Azərbaycan xalqını içəridən silkələdi, ermənilərin məğlubiyyətini, silah-sursatını atıb qaçmalarını reallaşdırdı, hər birimizdə qələbənin lap yaxınlıqda olması inamını yaratdı. Bu döyüş bütün azərbaycanlıları daha da həmrəy etdi, insanların intiqam hissini alovlandırdı. Həmin vaxt yaşından asılı olmayaraq, hər bir kəs silaha sarılıb düşmən tapdağı altında olan ərazilərimizin azadlığı uğrunda döyüşə atılmağa hazır olduğunu bildirdi.  Aprel döyüşləri yurdu və milləti daha  da bütövləşdirdı.
Aprel döyüşlərindən cəmi bir neçə gün sonra yolumuz Füzuli rayonuna düşmüşdü. Rayonun Əhmədbəyli kəndində böyük bir izdihamla qarşılaşdıq. Öyrəndik ki,  izdihamın önündə Azərbaycan bayrağına bürünmüş tabutdakı Aprel şəhididir. Dedilər ki, bu cavan oğlan Vətən yolunda sinəsini düşmən gülləsinin qarşısına verib, çoxlu sayda erməni döyüşçüsünü məhv edib, torpaqlarımızın müdafiəsi uğrunda, hamımızdan ötrü,  Vətən, millət, xalq  yolunda qurban gedib. Bu izdiham Aprel döyüşlərinin bir qəhrəmanını dəfnə aparırdı. Yol boyu ticarət şəbəkələrinin, ictimai iaşə obyektlərinin sahibləri işlərini dayandırıb izdihama qoşulurdu.  İnsan seli göz işlədikcə uzanırdı. Azərbaycanın üçrəngli bayraqları izdihamın başı üzərində dalğalanırdı. Heç kim ağlamırdı. Hamı başını dik tutmuşdu. Təkcə şəhidin anasının səsi eşidilirdi: “Uşaqlara deyirdim ki, bu gecə yuxumu qarışdırmışam. Balamnan nigaranam. Görün hardadı? Axı, bizdən bir qədər  aralıda  müharibə gedir. Murdar itlər (erməniləri nəzərdə tuturdu - Ə.B.) yenə qudurublar. Balamnan özüm danışdım. Səsinə qurban olduğum deyirdi ki, ana, darıxma, qorxma, hər saat irəliləyirik. Erməniləri it kimi qabağımıza qatıb qovuruq. Torpaqlarımızı murdar itlərdən təmizləyirik. Sevinə -sevinə deyirdi ki, yaxın günlərdə  sənin yanına, atamın yanına qələbə müjdəsi ilə gələcəyəm. Dedim: səsinə qurban olum, bala! Qolunun qüvvəsinə, irəliləyən ayaqlarına, Qələbənə qurban olum. Qovun, qırın o itləri. Özündən muğayat ol, bala!”
Dərd içində qovrulan ana ağlamırdı. Şəhid anasının bu məğrurluğu, ürək parçalayan  sözləri  onu eşidənləri kövrəltmişdi. Ancaq heç kim ağlamırdı. Həmin an özümdən asılı olmayaraq, pıçıltı ilə dedim: “Başını dik tut, ana! Oğlun, oğullarımız irəlilədilər, Lələtəpə yüksəkliyinə qədər. İyirmi beş il  düşmən tapdağı altınqa qalan min hektarlarla ərazimizi azad etdilər. 30 illik üzücü müharibənin, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixinə  şanlı səhifə yazdılar...” 
Şəhidin atası isə izdahımın lap önündə  gedirdi, əlində  də Azərbaycanın bayrağını tutmuşdu. Sinəsini  yandırıb - yaxan oğul dağına tab gətirirdi,  dözürdü, kişi dözümü ilə. Müdhiş dərdinə baxmayaraq, qamətini şax tutmuşdu.  Azərbaycanın  üçrəngli bayrağını gah sinəsinə basırdı, gah öpürdü, gah da gözlərinin üstünə qoyub təkrar-təkrar “Vətən sağ osun!” – deyirdi.
Vətən uğrunda, ərazi bütövlüyümüz ,  müqəddəs amal, məslək, yolunda şəhid olmaq, əlbəttə, şərəfdir.  Bu şəhidlik elə bir zirvədir ki, onu fəth etmək hər kəsə nəsib olmur. Yalnız Vətənini, millətini qəlbən sevən mərd oğul və qızlarımız bu zirvəni fəth edə bilirlər. Bu zirvəni fəth edənlərin adı hər birimizin qəlbinə əbədi həkk olunur. Onlar həyat durduqca yaşayırlar. Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi – otuz il davam edən bu üzücü müharibə çox övladlarımızı əlimizdən aldı, lakin  adları əbədiləşdirildi, onların qəhrəmanlıq  dastanı yetişən gənc nəslin dillər əzbəri oldu. “Ölüm var ki, həyat qədər dəyərli” – kəlamı sanki canlarını Vətənimizin müdafiəsi uğrunda qurban vermiş gənc, mərd oğul və qızlarımızın boyuna biçilib.  Onlar Azərbaycanı hər an arzuladığımız, uğrunda canımızı  qurban verməyə hazır olduğumuz  Qələbəyə  daha da yaxınlaşdırır.
Otuz ildir ki, davam edən bu müharibədə Azərbaycanın tutduğu mövqe birmənalıdır. Münaqişə yalnız  ölkəmizin ərazi bütövlüyü  və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır. Bu mövqe beynəlxalq hüquq normaları və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı  beynəlxalq sənədlərə əsaslanır. 
Düşmən tapdağı altında olan ərazilərimiz azad olunmalıdır.  Ayrı yolumuz yoxdur! Bu, hər birimizin yetişən gənc nəslin, canlarını bu yolda qurban verən şəhidlərimizin valideynlərinin, uşağın, böyüyün  ən müqəddəs, ən ülvi arzusudur.
Şəhid anası – Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin  azadlığı uğrunda ilk şəhidlərdən biri olmuş Faiq Rzayevin anası Rüxsarə Məmmədova da bu arzu ilə yaşayır. Deyir ki, şəhid oğlumun adı təhsil aldığı orta məktəbə verilib. Məzarı İkinci Şəhidlər xiyabanındadır.  Təhsil aldığı məktəbin qarşısında şəhidin büstü qoyulub. İldə iki dəfə – şəhidin doğum və  anım  günlərində  həmin məktəbin müəllim və şagird kollektivi Şəhidlər xiyabanına gedir, məzarını ziyarət edir, Vətənə, qəhrəmanlığa həsr olunmuş şeirlər söylənilir, məktəbdə ədəbi-bədii kompozisiya təşkil edilir. Şəhid anası bundan təsəlli tapdığını, qürur duyduğunu bildirir. Deyir ki, belə tədbirlər yetişən gənc nəslin hərbi vətənpərvərlik ruhunda böyüməsində böyük rol oynayır. Şagirdlərin “Mən də böyüyəndə Faiq kimi olacağam. Cəbhəyə gedib düşmənlərə qan udduracağam. Torpağımızın müdafiəsi yolunda canımı qurban verəcəyəm. Erməniləri işğal etdikləri ərazilərimizdən qovacağam” –  sözləri intiqam hissimizi daha da gücləndirir. Onlar bu yolda sinələrini sipər edər, necə ki, edirlər, ancaq amallarından dönməzlər.  
Dövlətimizin  mövqeyi həmişəki  kimi birmənalıdır: işğal  olunmuş Azərbaycan əraziləri azad edilməli, doğma ata-baba yurdlarından didərgin salınmış soydaşlarımız öz  yurdlarına qayıtmalıdır. Bu ruhda yetişən gənc nəsil Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına  heç vaxt imkan verməz. İndi gənclərimiz hərbi xidmətə –Vətən qarşısında borcunu ödəməyə böyük həvəslə gedirlər. Hər dəfə hərbi hissələrdə andiçmə mərasimlərini görəndə qəlbimiz köksümüzə sığmır, belə gənclərimizlə fəxr edir, qürur duyuruq.
Bu ilin avqust ayında müxtəlif vaxtlarda  üç hərbi hissədə  yaxınlarımızın andiçmə mərasimində iştirak edirdim. Hərbi hissənin qarşısına toplaşan insanları – onlar and içəcək əsgərlərin valideynləri, yaxınları, nişanlıları, bacı- qardaşları, hətta baba-nənələri idi – görəndə adama elə gəlirdi ki, burada el şənliyi və ya  bayram olacaq. Valideynlər övladlarının hərbi and içmələrindən qürur hissi keçirirdilər. Andiçmədən sonra isə hərbi hissənin həyətində əsl bayram əhval-ruhiyyəsi  yaranırdı.  Görüşə gələnlər evdən gətirdikləri sovqatı elə oradaca əsgərlərə paylayır, onlarla bir süfrə arxasında otururdular.  Heç kim ayrı-seçkilik edib yalnız  öz övladını yanına çəkmirdi. Əsgərlər də bu qısa müddət  ərzində dostlaşmışdılar,  bir-birinə qarşı çox səmimi olmuşdular. Bu mehribançılıq, səmimi dostluq, həmrəylik Qələbəyə aparan yolun başlanğıcıdır.  Valideynlər əsgər forması geyinmiş  oğullarına baxıb fərəhlənirdilər. Belə anlarda hamının ürəyindən bir arzu keçir: “Azad edin işğal altında olan torpaqlarımızı! Azərbaycanın üçrəngli bayrağını Xankəndidə, Şuşada dalğalandırın! Necə ki, Lələtəpədə dalğalandırdınız! Siz bunu edəcəksiniz!”
Hər birimiz  sabaha böyük ümidlə, inamla baxırıq. Qətiyyən şübhəmiz yoxdur ki, işğal altında olan torpaqlarımız qaytarılacaq,  dağıdılmış, qəsb edilmiş, viran qoyulmuş şəhərlərimiz, qəsəbələrimiz, kəndlərimiz bərpa olunacaq, əvvəlkindən də gözəl görkəm alacaq. Biz buna inanırıq! Çünki Azərbaycan buna qadirdir!

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinə təqdim edilir.

Əliqismət BƏDƏLOV, 
“Xalq qəzeti”

10 Dekabr 2018 21:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə