Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan 178 ölkə ilə ticarət əlaqəsi saxlamışdır

Azərbaycan 178 ölkə ilə ticarət əlaqəsi saxlamışdır

2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 178 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 104 ölkəyə məhsul ixrac edilmiş, 171 ölkədən idxal olunmuşdur.
Dövlət Statistika Komitəsindən verilən məlumatda deyilir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 26 milyard 534,3 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 17 milyard 281,7 milyon dollar, idxalın dəyəri 9 milyard 252,6 milyon dollar təşkil etmiş, nəticədə 8 milyard 29,1 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2017-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 36,4 faiz, o cümlədən ixrac 38,3 faiz, idxal 33 faiz artmışdır. Real ifadədə isə dövriyyə 1,3 faiz, o cümlədən ixrac 1 faiz, idxal 1,9 faiz artmışdır.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 27,7 faizini İtaliyaya, 9,3 faizini Türkiyəyə, 6,3 faizini İsrailə, 4,7 faizini Hindistana, hər biri 4,5 faiz olmaqla Çexiya və Tayvana (Çinin əyaləti), 4,3 faizini Almaniyaya, 3,5 faizini Kanadaya, 3,4 faizini İndoneziyaya, 3,2 faizini Rusiyaya, 3 faizini Portuqaliyaya, 2,8 faizini Fransaya, 2,7 faizini Gürcüstana, qalan 20,1 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 16 faizi Rusiya, 14,2 faizi Türkiyə, 10,3 faizi Çin, 5,7 faizi Almaniya, 4,9 faizi ABŞ, 4,4 faizi İsveçrə, 3,9 faizi Ukrayna, 3,7 faizi Yaponiya, 3,3 faizi İran, 3 faizi İtaliya, 2,1 faizi Birləşmiş Krallıq, 1,8 faizi Cənubi Afrika Respublikası, 26,7 faizi isə digər ölkələrlə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2018-ci ilin yanvar-oktyabr aylarında 1 milyard 351,1 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2017-ci ilin yanvar-oktyabr aylarına nisbətən faktiki qiymətlərlə 10,9 faiz, real ifadədə isə 1,7 faiz çoxdur.
2018-ci ilin yanvar-oktyabr aylarında 2017-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 22,6 faiz, kartof – 15,5 faiz, bitki yağları – 2,9 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 2 dəfə, meyvə və tərəvəz konservləri – 10,2 faiz, polietilen – 21,9 faiz, emal olunmamış alüminium – 16,8 faiz, pambıq lifi – 2,2 dəfə, qara metallardan borular – 5,1 faiz, pambıq ipliyi – 28 faiz artmış, təzə tərəvəz ixracı isə 3,8 faiz, şəkər – 32,2 faiz, tütün – 14,8 faiz, meyvə və tərəvəz şirələri – 13 faiz azalmışdır.
2017-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2018-ci ilin yanvar-oktyabr aylarında təzə meyvə idxalı 49,5 faiz, çay – 0,4 faiz, quş əti və onun əlavə məhsulları – 22,7 faiz, qara metallardan borular – 1,9 dəfə, minik avtomobilləri – 2,4 dəfə məişət soyuducuları – 1,9 dəfə artmış, buğda idxalı isə 0,4 faiz, siqaret – 3,3 faiz, xam şəkər və şəkər – 40,2 faiz, kərə yağı, təzə tərəvəz – 45,1 faiz, polad prokatı – 10,3 faiz, rezin şinlər – 6 faiz, qara metallardan künclüklər – 2,9 faiz azalmışdır.

Samirə ƏLİYEVA, 
“Xalq qəzeti”

10 Dekabr 2018 21:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə