Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri ikitərəfli əlaqələrə güclü stimuldur

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri ikitərəfli əlaqələrə güclü stimuldur

Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Sankt-Peterburqda işgüzar səfərdə oldu. Bu tədbir qeyri-rəsmi xarakter daşısa da, təşkilat daxilində keçirilən ikitərəfli görüşlər bir sıra mühüm məsələlərin müzakirəsi baxımından əhəmiyyət kəsb edir. Bu mənada dövlət başçımızın şimal qonşumuza işgüzar səfəri Azərbaycanın MDB ölkələri ilə, xüsusilə də Rusiya ilə münasibətlərinin dinamik inkişafına əlavə stimul verəcəyi və regional problemlərə yanaşmada Bakı-Moskva əlaqələrinin daha da möhkəmlənəcəyinə olan inamı gücləndirir.
Azərbaycanın xarici siyasətində Rusiya ilə münasibətlərin mühüm istiqamətlərdən birini təşkil etməsi heç kimə sirr deyil. Bu da təbiidir, yaxın qonşuluq və ortaq tarix hər iki ölkəni münasibətləri dayanmadan günün tələbləri səviyyəsinə yüksəltməyə sövq edir. Ulu öndər Heydər Əliyevin dünyanın böyük dövlətlərindən biri olan Rusiya ilə münasibətlərimizin güclənməsinə yönəlmiş siyasi kursu bu gün yeni reallıqlara uyğun müvəffəqiyyətlə davam etdirilir. Hər iki ölkə liderinin qarşılıqlı səfərlərinin intensivliyi və qəbul olunmuş qərarlar Azərbaycan və Rusiya xalqları arasında münasibətlərin keyfiyyətcə daha da yaxşılaşmasına və tarixi əlaqələrin daha da güclənməsinə şərait yaradır. Cari ilin sentyabr ayında prezidentlərin Soçi görüşü ölkələrimiz arasında münasibətlərin inkişafında mühüm mərhələnin başlanğıcını qoymuşdu. Ən əsası, iki dövlət lideri arasında şəxsi səmimi dostluq münasibətlərinin də ikitərəfli əlaqələrdə müşahidə edilən xoş proseslərə çox güclü impuls verməsi günümüzün reallığıdır. 
Prezident İlham Əliyev çıxışlarında Azərbaycan və Rusiya arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulamışdır. Strateji tərəfdaşlıq münasibətlərinin güclənməsi üçün çox müsbət dinamika olduğunu bildirən dövlət başçımız əlavə etmişdir ki, ölkələrimiz arasında tam dəyərli tərəfdaşlıq, dostluq, mehriban qonşuluq münasibətləri var və mehriban dostlar və qonşular arasında münasibətlər məhz belə olmalıdır. Politoloqlar da vurğulayırlar ki, ölkələr arasındakı münasibətlər bir çox səviyyələrdə, eləcə də prezidentlər səviyyəsində inkişaf edir. Eyni zamanda biznes, cəmiyyət səviyyəsində də münasibətlər inkişafdadır. Rusiyalı mütəxəssislər də bildirirlər ki, rus dili Cənubi Qafqaz ölkələri içərisində ən çox Azərbaycanda inkişaf edir və rus ictimaiyyəti bunu başa düşür və qiymətləndirir. Tərəflər arasında ticari əlaqələr də güclənir. 2017-ci ildə Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi, demək olar ki, 35 faiz artaraq 2,5 milyard dollara çatmışdır. Rusiyanın Azərbaycana birbaşa kapital qoyuluşu isə 1,5 milyard dollara bərabərdir. Sahibkarlıq birlikləri arasında, o cümlədən, kiçik və orta biznes xətti ilə əlaqələr genişlənmişdir. Rusiya-Azərbaycan İşgüzar Şurası təkcə ötən il ümumi dəyəri 450 milyon dollar olan 42 birgə layihəyə dəstək göstərmişdir. Rusiya idxala görə Azərbaycan üçün bir nömrəli tərəfdaşdır və qeyri-neft sahəsinin azərbaycanlı ixracatçıları üçün birinci yerdədir.
Rusiya Prezidenti ­Vladimir Putin də Azərbaycanla münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını dəfələrlə açıqlamışdır. Onun sözlərinə görə, bu münasibətlərin əsasını qədim dostluq və mehriban qonşuluq ənənələri, hüquq bərabərliyi, bir-birinin mənafelərinə hörmət, ortaq tarix və mədəniyyət, milyonlarla insanın qaynayıb-qarışmış taleləri təşkil edir. Bundan başqa, Rusiya lideri bildirmişdir ki, iki ölkənin dövlət başçıları, hökumətləri və parlamentləri arasında qarşılıqlı etimada əsaslanan əlaqələr məhz bu cür möhkəm təməl üzərində inkişaf edir. Ticari-iqtisadi və investisiya, energetika sferalarında, nəqliyyat infrastrukturu, avtomobilqayırma, səhiyyə sahələrində qarşılıqlı faydalı əməkdaşlıq dərinləşir. Qeyd etmək yerinə düşər ki, Rusiya lideri azərbaycanlı həmkarına olan xoş münasibətini bu qeyri-rəsmi görüşdə də nümayiş etdirdi. Münasibətlərin xarakteri  yalnız danışıqlar və imzalanmış müqavilərlə müəyyənləşdirilmir. Rəsmi və ya qeyri-rəsmi tədbirlər zamanı liderlərin bir-birinə qarşı sərgilədikləri davranışlar və jestlər də ölkə rəhbərlərinin bu və ya digər ölkə başçısına olan münasibətinin xarakteri barədə müəyyən fikirlər səsləndirməyə əsas verir. Məsələn, MDB dövlət başçılarının Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrında Pyotr Çaykovskinin “Şelkunçik” baletinə baxdıqları zaman liderlərin oturduqları yer Azərbaycan və Rusiya prezidentlərinin bir-birinə olan xoş münasibətini sərgiləyir. İşğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın oturduğu yer isə ona olan münasibəti çılpaqlığı ilə gözlər önünə gətirir. Rusiya onun sərmayəsi və dəstəyi ilə gününü keçirməyə çalışan Ermənistana əsl yerini göstərir. 
Yeri gəlmişkən, burada bir məqama da toxunmağı zəruri sayıram. Belə ki, tədbir çərçivəsində Prezident İlham Əliyevin Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ilə də söhbəti olmuşdur. Söhbət əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə fəal danışıqların davam etdirilməsi və atəşkəs rejiminin möhkəmləndirilməsi ətrafında müzakirələr aparılmışdır. Bu əsla münaqişənin dondurulması və ya qəbuledilməz olan status-kvonun saxlanması anlamına gəlməməlidir. Azərbaycanın qəti mövqeyi ondan ibarətdir ki, işğala əsaslanan status-kvo tezliklə dəyişdirilməlidir.
Eyni zamanda, söhbət çərçivəsində Ermənistan və Azərbaycan arasında saxlanılan şəxslərin qarşılıqlı şəkildə dəyişdirilməsi məsələsi də müzakirə olundu.
Prezident İlham Əliyev Azərbaycanın bu məsələdə mövqeyini vurğulayaraq bildirmişdir ki, “hamının hamıya” prinsipi əsasında dəyişdirmə tam olmalı və o cümlədən, Dilqəm Əsgərov və Şahbaz Quliyev onların arasında yer almalıdır. Humanist xarakter daşıyan bu kimi addımlar danışıqlar prosesinə müsbət təsir göstərə bilər. ATƏT-in Minsk qrupunun həmsədrləri də bu mövqeyi dəstəkləyir və ona görə də Ermənistan tərəfi bunu nəzərə almalıdır.
Beləliklə, çəkinmədən demək olar ki, müasir mərhələdə dövlətlərimizin başçıları iki ölkə arasındakı əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldə bilmişlər. Hazırda Azərbaycan və Rusiya ictimai-siyasi, ticari-iqtisadi və humanitar sahələrdə sıx əməkdaşlıq edirlər. Rusiyanın subyektləri ilə Azərbaycanın əlaqələri səmərəli və dinamik inkişaf edir və bu qarşılıqlı fəaliyyətin genişlənməsi və möhkəmlənməsi üzrə hər iki tərəfdə intensiv iş aparılır. Politoloqların fikrincə, Prezident İlham Əliyevin Rusiyaya səfərləri münasibətlərin indiki səviyyəsinə və perspektivinə müsbət təsir göstərir, Azərbaycan–Rusiya ikitərəfli münasibətlərinin yüksək səviyyəsinin xüsusi məmnunluq doğurmasına şərait yaradır. Ən əsası, ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyəsi və həcmi Azərbaycan və Rusiya liderlərini intensiv görüşməyə və ikitərəfli əlaqələri daha da inkişaf etdirməyə ruhlandırır.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”

 

8 Dekabr 2018 22:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin