Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gələn il iqtisadiyyata investisiya qoyuluşu cari ilə nisbətdə 2,2 faiz çox olacaq

Gələn il iqtisadiyyata investisiya qoyuluşu cari ilə nisbətdə 2,2 faiz çox olacaq

Milli Məclisdə gələn ilin dövlət büdcəsinin müzakirələrindən bir daha aydın oldu ki, layihədə  ən mühüm cəhətlərdən biri vəsaitlərin məqsədli proqramlar əsasında xərclənməsinin nəzərdə tutulmasıdır. Belə ki, büdcə xərclərinin 42 faizinin, yəni 10 milyard manatdan çox məbləğin müvafiq proqramlar sayəsində xərclənməsi proqnozlaşdırılıb. Bu isə cari illə müqayisədə 2 milyard 77 milyon manat çoxdur.
Dövlət büdcəsinin strukturu, eyni zamanda, iqtisadi artımın qarşıdakı ildə də davam edəcəyini deməyə əsas verir. Başqa sözlə, 2019-cu ildə iqtisadi artım 3,6 faiz səviyyəsində proqnozlaşdırılır. İqtisadiyyata investisiya qoyuluşunun cari ilə nisbətdə 2,2 faiz çox olması da iqtisadiyyatımızın gələcək ­inkişafından xəbər verir.
Gələn il vergi sistemində köklü islahatların həyata keçirilməsi nəzərdə tutulur. Məqsəd iqtisadi fəallığı stimullaşdırmaq, kiçik və orta sahibkarlığın inkişafına daha geniş meydan açmaqdır. Nəzərdə tutulan islahatlar ölkə iqtisadiyyatının yeni mərhələyə daxil olmasına şərait yaradacaq, eyni zamanda, iqtisadi artımı sürətləndirəcəkdir.
Bu gün ölkədə müəyyənləşdirilən strateji kursun reallaşması üçün çevik icra mexanizmi yaradılır, hökumət strukturları, o cümlədən iqtisadi strukturlar arasında koordinasiya səviyyəsinin yüksəlməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. İqtisadi-siyasi, hüquqi islahatların reallaşdırılması, Azərbaycanın iqtisadi qüdrətinin artırılması, milli maraqların qorunması yönündə   atılan uğurlu addımlar nəticəsində beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığın yeni keyfiyyət mərhələsinə keçirilməsi təmin edilir.

Dövlət başçısının apardığı uğurlu siyasət Azərbaycanın milli maraqlarının qorunmasına xidmət göstərir. İqtisadi təhlükəsizliyin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin məntiqi nəticəsidir ki, dünyada baş verən maliyyə böhranı Avropa, ABŞ və digər çoxsaylı ölkələrdən fərqli olaraq Azərbaycan iqtisadiyyatı üçün sarsıntılar yaratmayıb.  
Qeyd edək ki, Azərbaycan Respublikasının 2019-cu il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri də büdcə sistemi haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq   hazırlanıb. Bu zaman dünya iqtisadiyyatının inkişaf meyilləri və qlobal çağırışlar, dövlət başçısı tərəfindən təsdiq edilmiş strateji yol xəritələri, inkişaf konsepsiyaları, habelə dövlət proqramları ilə müəyyənləşdirilən tədbirlər nəzərə alınıb.  Məsələn, ortamüddətli dövr üçün ölkənin iqtisadi proqnozlarında kompleks iqtisadi islahatların davam etdirilməsi, bank sektorunun inkişafı, makroiqtisadi sabitliyə təsir göstərən  xarici iqtisadi şokların yaşanmaması şərtləri əsas götürülüb. Elə buna görə də növbəti ildə inflyasiyanın 3,8 faiz olacağı, ümumi daxili məhsulun 3,6 faiz, növbəti illərdə orta hesabla 3,4 faiz artacağı proqnozlaşdırılır.
Gələn il “Şahdəniz” yatağında neft-qaz hasilatının artması hesabına neft sektorunda 3,1 faiz, növbəti illərdə orta hesabla 3,2 faiz artım gözlənilir. 2019-cu ildə əsas kapitala investisiya qoyuluşları 17,9 milyard manat, o cümlədən xarici investisiyaların 7,5 milyard manat, daxili sərmayələrin 10,4 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. Əsas kapitala investisiya qoyuluşlarının artacağı əsas götürülməklə 2019-cu ildə tikinti sektorunda 2,5 faiz artım gözlənilir.
Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatların tərkib hissəsi olan investisiya təşviqi mexanizminin tətbiqi özəl investisiyaların artımına ciddi töhfə verir. İndiyədək 281 sahibkara 320 investisiya təşviqi sənədi verilib. Səkkiz iqtisadi rayonu əhatə edən bu layihələrə 2,7 milyard manat investisiya yatırılmaqla 21 mindən çox yeni iş yerinin açılması nəzərdə tutulub. 
İnvestisiya təşviqi sənədi almış müəssisələrin 63 faizi artıq fəaliyyət göstərir, qalanı isə gələn ilin sonunadək fəaliyyətə başlayacaq. Bununla yanaşı, kompleks dövlət dəstəyi göstərilən layihələrinin ümumi dəyəri 2,5 milyard manat təşkil edən və tikintisi davam etdirilən 181 istehsal və emal müəssisəsinin istifadəyə verilməsi qeyri-neft sektorunun inkişafına mühüm töhfə verməklə yanaşı, 19 min yeni iş yerinin açılmasına imkan yaradacaq.
Həyata keçiriləcək kompleks tədbirlər nəticəsində iqtisadiyyatın prioritet sahəsi olan qeyri-neft sektorunun artımının 2019-cu ildə 3,9 faiz, növbəti illərdə isə orta hesabla 3,5 faiz olacağı proqnozlaşdırılır. Xatırladaq ki, qeyri-neft sektorunun inkişafında xüsusi əhəmiyyətə malik qeyri-neft sənayesi üzrə cari ilin 9 ayında əlavə dəyər 11 faiz artıb, sənayeləşmə templəri yüksəlib, sənayenin aparıcı və ənənəvi sahələri ilə yanaşı, yeni sahələr yaradılıb, bir sıra məhsullar üzrə idxaldan asılılıq azalıb.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yaradılmış, qeyri-neft sənayesinin inkişafında mühüm rola malik sənaye parkları və məhəllələrində indiyədək 62 sahibkarlıq subyektinə rezident statusu verilib. Sumqayıt Kimya Sənaye Parkında layihələrinin ümumi dəyəri 2,8 milyard ABŞ dollarından artıq olan 18 müəssisə rezident statusu alıb, bunlardan 9-u artıq fəaliyyətə başlayıb, 5 müəssisənin ilin sonunadək, daha 3-nün isə gələn il istifadəyə verilməsi planlaşdırılır. Balaxanı Sənaye Parkının 1-ci sahəsində tullantıların təkrar emalı üzrə 5 rezident fəaliyyətə başlayıb, cari ildə müəssisələr tərəfindən istehsal edilmiş məhsulun 50 faizi ixrac olunub. Sənaye Parkının 2-ci sahəsində istehsal sahələrinin tikintisinə başlanılıb. Mingəçevir Sənaye Parkında istehsal gücü 20 min ton və dəyəri 85 milyon dollar olan 2 iplik fabriki 2018-ci ilin birinci rübündə istifadəyə verilib, 750 iş yeri açılıb. Bu fabriklərdə 3,5 min ton məhsul istehsal olunub, onun 2 min tonu ixrac edilib.
Qeyri-neft sənayesinin inkişafı üzrə həyata keçirilən islahatların gözlənilən nəticələri nəzərə alınmaqla, sahə üzrə 2019-cu ildə 9,7 faiz, növbəti illərdə orta hesabla 5,8 faiz artım proqnozlaşdırılır.
Aqrar sektora dövlət dəstəyi mexanizmlərinin dərinləşməsi və intensiv texnologiyaların tətbiqi, kənd təsərrüfatı məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi, aqroparklar, iri fermer və bağçılıq təsərrüfatları, müasir heyvandarlıq və istixana kompleksləri, quşçuluq fabriklərinin fəaliyyətə başlaması, meliorativ tədbirlər nəticəsində yeni torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi bu sahədə iqtisadi artıma təsir edən əsas amillərdəndir. Ümumilikdə, kənd təsərrüfatının inkişafı istiqamətində aparılan kompleks tədbirlərin nəticəsi olaraq cari ilin 9 ayında bu sahədə real artım 4,3 faiz təşkil edib.
Hazırda 30 rayon üzrə 192 min hektar ərazidə investisiya dəyəri 1,4 milyard manat olan 45 aqroparkın yaradılması üzrə işlər sürətlə davam etdirilir. Bu çərçivədə 332 milyon manat dövlət maliyyə dəstəyi göstərilib ki, bunun da 219 milyon manatı infrastrukturun yaradılmasına yönəldilən dövlət investisiya qoyuluşu, 113 milyon manatı isə 17 aqroparka verilmiş güzəştli kreditlərdir. Bununla yanaşı, 15 aqropark üzrə dəyəri 566 milyon manat olan 27 layihəyə investisiya təşviqi sənədi verilib. Artıq 6 aqropark fəaliyyətə başlayıb, cari ilin sonunadək daha 12 aqroparkın fəaliyyətə başlaması gözlənilir. Qeyd edilənlər nəzərə alınaraq, aqrar sektor üzrə 2019-cu ildə 4,6 faiz, növbəti 3 ildə orta hesabla 4,5 faizdən çox artım gözlənilir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 

8 Dekabr 2018 22:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə