Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ulu öndər qaçqınların problemlərinin həllini əsas vəzifələrdən biri hesab edirdi

Ulu öndər qaçqınların problemlərinin həllini əsas vəzifələrdən biri hesab edirdi

Mən Azərbaycanı, Azərbaycan xalqını Heydər Əliyev qədər sevən ikinci adam tanımıram.
Nikolay Baybakov,
SSRİ Dövlət Plan
Komitəsinin 1965-1985-ci illərdə sədri

 

 

Heydər Əliyev böyük şəxsiy­yətdir. O, mənim dostum, qardaşımdır. Onun yeri həmişə ürəyimin başındadır.
Butros-Butros Qali
BMT-nin sabiq Baş katibi

 

 

İstər XX əsrin əvvəllərində, istərsə də sonlarında Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa edən zaman qaçqınlar məsələsi əsas problem kimi yenə qarşıya çıxmışdır. Hər iki dövrdə də bu problemin yaranmasının səbəbi Ermənistanın azərbaycanlı əhaliyə qarşı həyata keçirdiyi etnik təmizləmə və işğalçılıq siyasəti olmuşdur. 

Ulu öndər qaçqın və məcburi köçkünlərin faciəsini öz şəxsi problemi kimi qəbul edirdi. Çünki on minlərlə azərbaycanlı ailəsi kimi, onun qohum-əqrəbası da 1918-1920-ci illərdə erməni təcavüzünün qurbanına çevrilmişdi. Hələ 1905-ci ilin noyabr ayında Heydər Əliyevin atasının yaşadığı Zəngəzur qəzasının Comərdli kəndi erməni quldur dəstələrinin silahlı hücumuna məruz qalmışdı. Həmin vaxt comərdlilər erməni quldurlarına ciddi müqavimət göstərmişdilər. Lakin silah-sursat çatışmadığından əhali müvəqqəti olaraq kəndi tərk etmək məcburiyyətində qalmışdı. Ara sakitləşəndən sonra comərdlilər yenidən öz doğma kəndlərinə qayıtmışdılar. 
1918-1920-ci illərin qırğınları daha dəhşətli olmuşdu. 1918-ci ilin payızında quldurbaşı Andranikin qoşunu Zəngəzura soxuldu. Comərdlilər silaha sarılıb müqavimət göstərsələr də, erməni quldurların top-tüfəngi qarşısında duruş gətirə bilmədilər. Kənd əhalisini uşaq, qoca, qadın demədən qətlə yetirdilər, çox az bir qisim insan qaçaraq canını qurtara bilmişdi. Yalnız yaylaqda olan comərdlilər ermənilərin hücumundan öncədən xəbər tutduqları üçün qonşuluqdakı Naxçıvan kəndlərinə qaçaraq qurtula bilmişdilər. Həmin vaxt ermənilər Heydər Əliyevin babası Kərbəlayi Cəfəri, nənəsi Güllücahan xanımı, əmisi Qafarı və onun ailəsini də qətlə yetirmişdilər. Ulu öndərin atası Əlirza kişi həmin vaxt Bakıda neft mədənlərində işləyirdi və qırğınlardan çox gec xəbər tutmuşdu. Heydər Əliyevin anası İzzət xanımın 7 qardaşını da ermənilər vəhşicəsinə qətlə yetirmişdilər. Bütün bunlar barədə Heydər Əliyevin ətraflı məlumatı var idi və sovet rejimi olmasına baxmayaraq ermənilərin Azərbaycana və azərbaycanlılara qarşı xəyanətkar niyyətlərindən xəbərdar idi. Bunu ermənilər də gözəl bilirdilər. 
Məhz erməni lobbisinin istəyi və təşəbbüsü ilə 1987-ci ilin payızında Heydər Əliyevin SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini və Siyasi Büro üzvlüyündən kənarlaşdırılmasından sonra onlar yenidən əl-qol açdılar. Azərbaycanlıların qaçqınlıq faciəsi də həmin dövrdən etibarən daha sərt şəkildə təkrarlandı. 
Tarixi şəraitin verdiyi fürsətdən istifadə edən Sovet Ermənistanının 1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətini ilhaq etmək siyasəti əvvəlcə Qərbi Azərbaycanda (Ermənistanda) yaşayan azərbaycanlıların tarixi-etnik torpaqlarından deportasiyası ilə, sonrakı mərhələdə isə Dağlıq Qarabağın və ətraf rayonların işğalı ilə nəticələndi. XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan artıq azərbaycanlı əhali qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Qaçqın və məcburi köçkünlər ölkə ərazisinin 62 şəhər və rayonunda, 1600-dən çox ünvanda müvəqqəti məskunlaşmaq məcburiyyətində qaldılar.
Etiraf edilməlidir ki, istər dövlət müstəqilliyinə qovuşma ərəfəsində, istərsə də müstəqilliyin ilk illərində qaçqın və məcburi köçkünlər probleminin həllinə hakimiyyət orqanları tərəfindən kompleks yanaşma yox idi. 
1993-cü il iyunun 15-də Heydər Əliyevin xalqın inadlı təkidi ilə siyasi hakimiyyətə qayıdışı ərəfəsində ölkədə mürəkkəb şərait hökm sürürdü. Hökumət böhranının nəticəsi olaraq ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqının yekdil iradəsi və tələbi ilə o zamankı ölkə rəhbərliyi tərəfindən Bakıya dəvət edildi. 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Ali Sovetin qərarı ilə Azərbaycan Respublikası ­Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
Ümummilli lider Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün məsələyə kompleks yanaşılması, mühüm daxili və xarici siyasət amillərinin nəzərə alınması siyasətini yürütdü. Bunun üçün ilk növbədə ölkədə ictimai-siyasi sabitliyə nail olmaq, nizami ordu yaratmaq, dağılmış iqtisadiyyatı bərpa etmək və köklü idarəçilik islahatları həyata keçirmək, xalqı azərbaycançılıq ideologiyası ətrafında birləşdirilmək lazım gəlirdi. Lakin ölkənin iqtisadi və maliyyə vəziyyətinin ağır olması qaçqınlar və məcburi köçkünlər problemini həll etməyə imkan vermirdi. 
1993-cü il iyulun 25-də ölkənin vətəndaş müharibəsinə sürükləndiyi, bölgələrdə separatizmin baş qaldırdığı dövrdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən Heydər Əliyev Ağdam şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində bölgədə yaranmış vəziyyətlə əlaqədar Bərdəyə səfər etmiş, məcburi köçkünlərlə görüşmüş, onların vəziyyətinin yüngülləşdirilməsi məqsədilə operativ müşavirə keçirmişdi. Müşavirənin sonunda ümummilli lider demişdi: “Xalqımız mütləq birləşməli, səfərbər olmalı, özünün vətənpərvərlik hisslərini geniş nümayiş etdirməli, torpaqlarımızı düşməndən azad etməlidir. Bu, hər bir azərbaycanlının borcudur. Mən sizi, Azərbaycan xalqını bu müqəddəs borcu yerinə yetirməyə çağırıram”.
Məhz xalqımızın Heydər Əliyevin ətrafında səfərbər olması, ölkədə sabitliyin bərqərar edilməsi sayəsində qaçqınlar və məcburi köçkünlər probleminin kompleks şəkildə həllinə start verildi. 
Ümummilli lider 11-12 dekabr 1993-cü ildə Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış vəziyyətlə tanış olmaq üçün İmişli, Füzuli, Beyləqan və Şəmkir rayonlarında olmuş, Ağcabədi və Gəncədə qaçqınların vəziyyətinə həsr olunmuş müşavirələr keçirmişdi.
Ulu öndər Heydər Əliyevin memarı olduğu “Neft strategiyası”nın həyata geçirilməsinə başlanılması, “Əsrin müqaviləsi”nin imzalanması, Ermənistanla atəşkəs sazişinin imzalanması qaçqın və məcburi köçkünlərin vəziyyətinin tədricən yaxşılaşdırılmasına təkan verdi. Qaçqınların və məcburi köçkünlərin statusu, sosial müdafiəsi, iş və yaşayış yerləri ilə təmin olunması ilə bağlı müvafiq hüquqi aktlar qəbul edildi, onların həyat şəraitinin yaxşılaşdırılması üçün müxtəlif güzəştlər tətbiq edildi.
1995-ci ildə bu problemlərlə daha da ciddi məşğul olmaq üçün Nazirlər Kabinetində xüsusi vəzifə – Baş nazirin müavini vəzifəsi təsis edildi və qaçqınların, köçkünlərin problemi ilə əlaqədar hökumət komissiyası yaradıldı.
Heydər Əliyev Azərbaycana səfərə gələn dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri ilə görüşdən sonra, bir qayda olaraq, qonaqları Bakı şəhərində qaçqın və məcburi köçkünlərin müvəqqəti sığınacaq tapdıqları yerlərə baxmağa dəvət edir, bununla da Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaranan humanitar fəlakəti əyani şəkildə göstərirdi. 
1998-ci il iyunun 27-də Heydər Əliyevin sədrliyi ilə Respublika Sarayında qaçqın və məcburi köçkünlərin məsələlərinə həsr olunmuş ümumrespublika müşavirəsi keçirildi. Ümummilli lider müşavirədəki nitqində demişdi: “Bu gün sizə bir daha bəyan etmək istəyirəm ki, bu, Azərbaycan dövlətinin, hökumətinin və şəxsən Azərbaycanın dövlət başçısı, Prezidenti kimi, mənim qarşımda duran ən əsas vəzifədir və daim – hər gün, hər saat mənim diqqət mərkəzimdədir. ...Mən xarici ölkələrdən gələn dövlət başçılarını, hökumət üzvlərini, elm, mədəniyyət xadimlərini çalışıram ki, qaçqınların yaşadıqları yerlərə, çadır şəhərciklərinə göndərim. Nə üçün? Bəzən onların vaxtı olmur. Ancaq mən xahiş edirəm və buna nail oluram. Ona görə ki, görsünlər. Görməyəndə təsəvvür edə bilmirlər ki, insan altı il çadırda, vaqonun içində, vaqonun altında yaşaya bilər, – bunu təsəvvür edə bilmirlər.” 
Bu ­humanitar fəlakətin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülən işlər sayəsində 1993-2004-cü illərdə ayrı-ayrı dövlətlər, maliyyə qurumları, beynəlxalq humanitar təşkilatlar tərəfindən qaçqın, məcburi köçkün və aztəminatlı əhaliyə müxtəlif layihələr üzrə 640 milyon ABŞ dollarından çox həcmdə humanitar yardım göstərilmişdi.
Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramı təsdiq edildi. Dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan qaçqın və məcburi köçkünlər təhsil haqqını ödəməkdən azad edildilər.
Prezident Heydər Əliyevin 1999-cu il 29 dekabr tarixli fərmanı əsasında Dövlət Neft Fondu təsis edildi. Neft Fondunda toplanın ilk vəsaitin 72 milyon dolları Ermənistandan qaçqın düşmüş soydaşlarımızın məskunlaşması və Biləsuvarda çox ağır vəziyyətdə olan, Füzuli, Cəbrayıl və başqa rayonlardan köçüb çadırlarda yaşayanların şəraitinin yaxşılaşdırılması üçün ayrılmışdı. 
Ümummilli lider Heydər Əliyev 13 sentyabr 2002-ci ildə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Ermənistan Respublikasından olan qaçqınlar və Xocalıdan olan məcburi köçkünlər üçün salınmış qəsəbənin açılış mərasimində iştirak etdi. Bu, Heydər Əliyevin qaçqınlar və məcburi köçkünlərlə son görüşü idi. Həmin görüşdə ümummilli lider demişdi: “Mən inanıram, tam inanıram ki, bizim bölgədə hər şey ədalət naminə dəyişəcəkdir. Azərbaycan xalqının bu əzab-əziyyətinə görə onun xeyrinə dəyişəcəkdir. Siz gələcəkdə mütləq və mütləq gedib hələ öz gözəl Göyçə torpağınızı da görəcəksiniz, öz doğma dağlarınızı, bulaqlarınızı, çaylarınızı da görəcəksiniz. Ata-babalarınızın qəbirlərini də görəcəksiniz. Mən buna heç şübhə etmirəm. Mən buna inanıram və bu inamla da sizin qarşınızda nitq söyləyirəm. Ancaq indi sizə bu şəraiti yaratmaq mümkün olub, mən də bunu yaratmışam.”
Həmin görüşdə Heydər Əliyev bir arzusunu da dilə gətirmişdi: “Avtomobillə gələndə yuxarıdan baxdım. Fikirləşdim ki, bəlkə mən də buradan bir ev götürüm, hərdənbir istirahətə gəlim. Çünki evlər xoşuma gəldi. Özü də buranın təbiəti çox gözəldir...” Heydər Əliyev qaçqınların və məcburi köçkünlərin dərdini öz dərdi hesab edir, onların vəziyyətinin yüngülləşdiyini görəndə özünü xoşbəxt hesab edir, sevincini də onlarla bölüşmək istəyirdi. Lakin çəkdiyi yükün ağırlığına ürək tab gətirmədi. Ancaq bu problemin həlli üçün nə mümkündürsə onu elədi. 
2001-2002-ci illərdə Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına 6411 fərdi yaşayış evi, 3150 yerlik 18 məktəb, 18 uşaq bağçası, 16 tibb məntəqəsi tikilib istifadəyə verildi, Biləsuvar rayonu ərazisindəki 5 çadır düşərgəsi ləğv edildi, 1329 qaçqın və 5081 məcburi köçkün ailəsinin 32 min nəfərinin mənzil-məişət şəraiti yaxşılaşdırıldı.
Ümumiyyətlə, Heydər Əliyevin dövlət başçısı ­olduğu dövrdə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı 43 fərman və sərəncam imzalanmış, Milli Məclis 23 qanun, Nazirlər Kabineti isə 192 qərar və sərəncam qəbul etmişdir.
Qaçqınların və məcburi köçkünlərin problemlərinin birdəfəlik və tamamilə həlli Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından keçir. Bu məqsədlə Heydər Əliyev Ermənistan prezidentləri ilə müxtəlif formatlarda, ayrı-ayrı dövlətlərdə 45 dəfə görüşmüşdü. Bu görüşlərin 18-i Levon Ter-Petrosyanla, 27-si isə Robert Koçaryanla baş tutmuşdu. Təəssüf ki, ümummilli liderə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini axıradək həll etməyə əcəl imkan vermədi. 
Ulu öndərin qaçqın və məcburi köçkünlərlə bağlı müəyyənləşdirdiyi strategiya bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qaçqın və məcburi köçkünlər üçün indiyədək ümumilikdə 3,3 milyon kvadratmetr yaşayış sahəsi olan 97 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb.
Yeni qəsəbələrdə insanların rahat yaşaması üçün bütün zəruri infrastruktur yaradılıb: 153 məktəb, 59 mədəniyyət, 60 səhiyyə müəssisəsi, 61 uşaq bağçası, 2 Olimpiya İdman Kompleksi tikilib. 745 kilometr yol, 985 kilometr su, 1720 kilometr elektrik, 487 kilometr qaz xətti çəkilib. İndiyədək 52 min 300 ailə və ya 265 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. 
Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün son 24 ildə 6,6 milyard manat vəsait sərf olunmuşdur. Ondan 3,1 milyard manatı dövlət büdcəsinin, 2,1 milyard manatı Dövlət Neft Fondunun, 1,4 milyard manatı isə beynəlxalq maliyyə qurumları və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir.
Prezident İlham Əliyev indiyədək məcburi köçkünlərlə yeni salınmış qəsəbələrdə 34 dəfə görüş keçirib. Ölkə Prezidenti tərəfindən 110 fərman və sərəncam imzalanıb, Milli Məclis 34 qanun, Nazirlər Kabineti isə 381 qərar və sərəncam qəbul edib. Dövlət başçısının uğurlu siyasəti nəticəsində Azərbaycan 2016-cı ildə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin tamhüquqlu üzvü seçilib.
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan balanslaşdırılmış xarici siyasəti bu gün Azərbaycan dövlətinin başçısı İlham Əliyev uğurla davam etdirir. Ölkə iqtisadiyyatının gündən-günə güclənməsi, ordumuzun hərbi potensialının qat-qat artırılması sayəsində dövlətimizin ərazi bütövlüyü bərpa ediləcək, doğma yurdlarından didərgin düşən soydaşlarımız öz ata-baba torpaqlarına qayıdacaqlar. 

Nazim MUSTAFA,
Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru 

8 Dekabr 2018 21:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin