Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya–Azərbaycan münasibətləri regional sabitliyin qorunub saxlanılmasında mühüm önəm daşıyır

Rusiya–Azərbaycan münasibətləri regional sabitliyin qorunub saxlanılmasında mühüm önəm daşıyır

Rusiya ilə Azərbaycanın münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu əlaqələrin əsasını isə deyərdim ki, qədim dostluq və mehriban qonşuluq ənənələri, hüquq bərabərliyi, bir-birinin mənafelərinə hörmət, ortaq tarix və mədəniyyət, minlərlə insanın qaynayıb-qarışmış taleləri təşkil edir.
Bu gün iki ölkənin dövlət başçıları, hökumətləri və parlamentləri arasında qarşılıqlı etimada əsaslanan münasibətlər məhz bu cür möhkəm təməl üzərində inkişaf edir. Ticari-iqtisadi və investisiya, energetika sferalarında, nəqliyyat infrastrukturu, avtomobilqayırma, səhiyyə sahələrində qarşılıqlı faydalı əməkdaşlıq getdikcə dərinləşir.
Rusiya-Azərbaycan münasibətlərinin dinamik inkişaf etməsi regional sabitliyin və təhlükəsizliyin qorunub saxlanması, Cənubi Qafqazda sülhün və qarşılıqlı anlaşmanın dəstəklənməsi, xalqlarımızın əsaslı maraqlarının reallaşması üçün xüsusi əhəmiyyət kəsb edir.
Bu baxımdan Prezident İlham Əliyevin Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilmiş MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında iştirakı mühüm önəm daşıyır. Bu tədbirin əhəmiyyəti ilə bağlı bir məqamı xüsusi qeyd etmək istərdim. Belə ki, Zirvə toplantısı Azərbaycan diplomatiyasının üstünlüklərini bir daha nümayiş etdirdi. Fikrimcə, bu, bir müddət sonra öz müsbət nəticələri ilə diqqət çəkəcək. Mən bu sözləri deyəndə, ilk növbədə, möhtərəm Prezidentimiz İlham Əliyevin Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla söhbət çərçivəsində Ermənistan və Azərbaycan arasında saxlanılan şəxslərin qarşılıqlı şəkildə dəyişdirilməsi məsələsinin müzakirəsinin əhəmiyyətini nəzərdə tuturam. 
 Xatırladım ki, Prezident İlham Əliyev Azərbaycanın bu məsələdə mövqeyini vurğulayaraq bildirib ki, “hamının hamıya” prinsipi əsasında dəyişdirmə tam olmalı və o cümlədən Dilqəm Əsgərov və Şahbaz Quliyev onların arasında yer almalıdır. Humanist xarakter daşıyan bu kimi addımlar fikrimcə, sonrakı danışıqlar prosesinə müsbət təsir göstərəcək. Yeri gəlmişkən, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən də bu mövqe dəstəklənir. Heç şübhəsiz ki, Ermənistan tərəfinin bu amili nəzərə alması da qaçılmaz olacaq.

Azər VERDİYEV,
Qlobal Araşdırmalar Liqası İctimai İttifaqının sədri, politoloq

8 Dekabr 2018 21:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin