Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan manatı sabitdir və bu sabitliyin kifayət qədər ciddi iqtisadi və maliyyə əsasları var

Azərbaycan manatı sabitdir və bu sabitliyin kifayət qədər ciddi iqtisadi və maliyyə əsasları var

Son günlər mətbuat səhifələrində milli valyutamızın məzənnəsində kəskin dəyişikliklərin baş verəcəyinə dair fikirlər yer almağa başlayıb. Növbəti ilin dövlət büdcəsi zərfinin parlament müzakirələri zamanı maliyyə naziri Samir Şərifovun manatın məzənnəsi ilə bağlı söylədiyi fikirlərdən və bu günlərdə onun televiziya ilə çıxışı zamanı verdiyi açıqlamadan sonra mövzu daha geniş müzakirə predmetinə çevrilib. Əslində maliyyə nazirimiz təlaş yarada biləcək heç nə deməyib və onun səsləndirdiyi fikirlərdə narahatlıq üçün heç bir əsas yoxdur.
Yeri gəlmişkən, bir qədər əvvəl manatın məzənnəsinin tədricən yumşaldılması təklifi ilə mətbuat səhifələrində biz də çıxış etmişdik. Belə bir təklifi qonşu ölkələrdə milli valyutalar kəskin ucuzlaşmağa başladığı bir dövrdə səsləndirmişdik. Məlumdur ki, iqtisadiyyatın öz qanunları var, qonşu ölkələrdə milli valyutalar kəskin ucuzlaşırsa, bu ölkələrlə kifayət qədər ciddi ticarət əlaqələri olan dövlətlərin milli valyutalarına da təzyiqləri artır. Nəticədə həmin ölkələrdə də daxili istehsal və ixracat tədricən azalır. Məhz belə məqamlarda daxili istehsalın və ixracatın qorunması naminə milli valyutanın tədricən yumşalması istiqamətində zəruri addımlar atıla bilər. Bu, olduqca normal haldır və kəskin devalvasiya deyil. 
Bu gün Azərbaycan manatının kəskin ucuzlaşması üçün heç bir əsas yoxdur. Bu səbəbdən də devalvasiya həvəskarlarına bir qədər təmkinli olmağı və cəmiyyətdə panika yaratmamağı tövsiyə edirik. Azərbaycanın mövcud valyuta ehtiyatları və ölkənin bütövlükdə maliyyə dayanıqlığı elə bir səviyyədədir ki, buradan hər hansı bir kəskin devalvasiyaya yol yoxdur. Kimlərsə neftin qiymətlərinin son iki ayda bir qədər ucuzlaşmasını əlində bayraq edirsə, bunun da heç bir əsası yoxdur.
 OPEK-in dekabrın 6-7- də Avstriyanın Vyana şəhərində keçirilən son toplantısında gündəlik neft hasilatının 1,2 milyon barel azaldılması haqqında qərar qəbul edildi. Neft bazarı artıq bir aydan çox idi ki, OPEK-dən belə bir addımın atılmasını gözləyirdi. Çünki gündəlik hasilatın bu qədər azalması neftin dünya bazarlarındakı qiymətlərini sabit saxlamaq üçün yetərlidir. Buna görə də devalvasiya həvəskarları neft amilini də əldə bayraq etmək imkanlarından məhrum olacaqlar.
Azərbaycan öz iqtisadi potensialına və maliyyə imkanlarına görə hazırda Cənubi Qafqaz bölgəsinin lider dövlətidir və apardığı sürətli iqtisadi islahatlara görə dünyanın diqqət mərkəzindədir. Ölkəmizdə aparılan düşünülmüş və hərtərəfli islahatlar Dünya Bankı və Beynəlxalq Valyuta Fondu kimi mötəbər maliyyə institutları tərəfindən yüksək qiymətləndirilir.
Ölkə parlamenti tərəfindən 2019-cu il üçün qəbul edilmiş dövlət büdcəsi və vergi islahatları zərfi gələn il Azərbaycan iqtisadiyyatının daha sürətlə inkişaf etdirilməsi üçün ciddi əsaslar yaradır. İslahatlar paketində qeyri-neft sektorunun sürətli inkişafını hədəfləyən və bu sahədə həm daxili, həm də xarici investorlara olduqca cəlbedici investisiya mühiti yaradan addımların növbəti ildə ölkə iqtisadiyyatına daxili və xarici mənbələr hesabına daha ciddi yatırımlar ediləcəyi inamını artırır.
 Müstəqil Azərbaycan dövlətinin əldə etdiyi uğurları qara rəngdə görən və onlara ikili standartlar prizmasından yanaşaraq gərgin zəhmət hesabına qazanılan nailiyyətləri görmək istəməyənlərə Azərbaycan hökuməti, heç şübhəsiz, növbəti illərdə də aparacağı düşünülmüş islahatlarla və əldə edəcəyi layiqli nəticələrlə cavab verəcəkdir.

Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru, professor

8 Dekabr 2018 21:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə