Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanın hər bir məğlubiyyəti Azərbaycanın qələbəsi deməkdir

Ermənistanın hər bir məğlubiyyəti Azərbaycanın qələbəsi deməkdir

Prezident İlham Əliyevin Sankt-Peterburq şəhərində keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısında iştirakı və tədbirin gedişi bir daha təsdiqlədi ki, ölkəmizin həm beynəlxalq aləmdə, həm də Müstəqil Dövlətlər Birliyində reytinqi getdikcə yüksəlir. Bu fakt Zirvə toplantısını izləyənlərin hər birinin diqqətini cəlb etdi. Dövlət başçılarının Mariinski Teatrında “Şelkunçik” balet tamaşasına baxdıqları zaman Prezident İlham Əliyev tədbirə ev sahibliyi edən Rusiya Prezidenti Vladimir Putinin yanında əyləşməsi dövlətimizin başçısına və onun şəxsiyyətinə xüsusi hörmətin və ehtiramın olmasından xəbər verirdi.
Bəs Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyan harada əyləşmişdi? Həmin məqamı izləyənlərdə belə təəssürat yaranmışdı ki, heç bir ölkənin dövlət başçısı Ermənistan rəhbərliyi ilə yanaşı oturmaq istəmir. Ona görə də Paşinyan küncə sıxışdırılmışdı. Görünür, işğalçı ölkənin baş naziri özündən əvvəlki prezidentlər – qatil Robert Koçaryan və əlləri günahsız insanların, hətta öz millətinin qanına batmış Serj Sarkisyanın beynəlxalq aləmdə “qazandığı nüfuzdan” hələ də nəticə çıxarmaq istəmir. Bu adam dərk edə bilmir ki, dünya birliyi işğalçı siyasətə “yox!” deyir. Bütün dövlətlər işğalçı ölkə ilə əməkdaşlıqdan imtina edir. Ona görə də bu yolun yolçuları ilə səmimi münasibət qurulmur. Biz MDB dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısında bunun bir daha şahidi olduq.
Tədbir çərçivəsində Prezident İlham Əliyevin Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ilə də söhbəti diqqətçəkən məqamlardan olmuşdur. Söhbət əsnasında Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə fəal danışıqların davam etdirilməsi və atəşkəs rejiminin möhkəmləndirilməsi ətrafında müzakirələr aparılmışdır. Həmişə olduğu kimi, bu dəfə də dövlətimizin başçısı Azərbaycanın mövqeyini birmənalı olaraq bəyan edib: işğala əsaslanan status-kvo tezliklə dəyişdirilməlidir. 
Zirvə toplantısında Ermənistan daha bir ciddi zərbə aldı. Məlum olduğu kimi, Avrasiya İqtisadi İttifaqının sammitində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi məsələsi müzakirə olunmuşdu. Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın rəyi nəzərə alınmadan üzv dövlətlər tərəfindən bu barədə qərar qəbul olundu. Növbəti baş katib Belarusdan olacaq. Bununla da Ermənistanın baş katib vəzifəsini özlərində saxlamaqla bağlı bütün səyləri iflasa uğrayıb. Bu, ümumilikdə Ermənistanın siyasəti və diplomatiyasının növbəti məğlubiyyətidir.
Hesab edirəm ki, işğalçı Ermənistan dövlətinin siyasi, diplomatik, iqtisadi sahədəki hər bir məğlubiyyəti Azərbaycanın qələbəsi və beynəlxalq aləmdə artan nüfuzu kimi dəyərləndirilməlidir.

Məlahət İBRAHİMQIZI,
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri

8 Dekabr 2018 21:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə