Ən son xəbərlər

Son buraxılış
Arxiv

BSU-da Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyi qeyd olunub

BSU-da Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyi qeyd olunub

Bakı Slavyan Universitetində (BSU) Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. 
Tədbiri giriş sözü ilə açan pedaqogika-psixologiya kafedrasının müdiri, dosent Sevinc Axundova qeyd edib ki, noyabr ayında Prezident İlham Əliyev Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. 2018-ci ilin noyabr ayında Qazax Müəllimlər Seminariyasının yaradılmasının 100 illiyinin tamam olduğunu diqqətə çatdıran S.Axundova bildirib ki, görkəmli ədəbiyyatşünas, tanınmış maarifpərvər və ictimai xadim Firidun bəy Köçərlinin rəhbərliyi ilə fəaliyyətə başlayan Qazax Müəllimlər Seminariyası ana dilinin inkişafına, Azərbaycanda elmin, maarifin və mədəniyyətin tərəqqisinə misilsiz töhfələrdən vermişdir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ibtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov Qazax Müəllimlər Seminariyasını Azərbaycanın maarifçi fikir tarixinin mühüm bir amili kimi qiymətləndirib. Professor gənc nəslə Azərbaycanın tarixi keçmişini düzgün təbliğ etmək məsələsinin qloballaşan dövrün aktual mövzularından biri olduğunu qeyd edib. Azərbaycan təhsil sisteminin seminariyanın yarandığı gündən bu günə qədər böyük inkişaf yolu keçdiyini deyən F.Rüstəmov vurğulayıb ki, bu tədris ocağı milli-mənəvi dəyərlərin təbliği, mətbuatın inkişafı, qadınların təhsilə cəlb edilməsi və digər mühüm məsələləri qarşıya məqsəd qoymuşdu.
Tədbirin davamında Qori və Qazax Müəllimlər seminariyalarına həsr olunan video materialın nümayişi olub.
Nümayişin ardından tədbirlə bağlı məruzələr dinlənilib. Pedaqogika-psixologiya kafedrasının müəllimlərindən Afaq Nəsibova “Azərbaycanda pedaqoji kadr hazırlığının tarixi”, Vüsalə Qurbanova “Qazax Müəllimlər Seminariyasının yaranması”, Səbinə Cəfərova “Qazax Müəllimlər Seminariyasının direktoru-Firudin bəy Köçərli”, baş müəllim Svetlana Balakişibəyli “Qazax Müəllimlər Seminariyasının müəllimləri”, kafedranın doktorantları Günay Nəzərli və Arzu Nəsirli “Qazax Müəlimlər Seminariyasının məzunları”, dosent Aydın Həsənov “Qori Müəllimlər Seminariyası məzunlarının tarixi araşdırmaları” mövzusunda məruzələrlə çıxış ediblər. 
Çıxış edən BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov, pedaqoji fakültənin dekanı, professor Flora Hacıyeva Qazax Müəllimlər Seminariyasının müstəqil Azərbaycanın təhsil işçilərinə gənc nəslin azərbaycançılıq məfkurəsi ruhunda yetişdirilməsi üçün zəngin irs qoyduğunu bir daha qeyd edərək tədbirin təşkilini yüksək qiymətləndiriblər. 

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

8 Dekabr 2018 21:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Yanvar 2019 | 13:38
Uğurlu əməliyyat icra edilib

Ən son xəbərləri səhifəmizdən də izləyin