Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezidentin dil haqqında fərmanı ana dilimizə qayğının təzahürüdür

Prezidentin dil haqqında fərmanı ana dilimizə qayğının təzahürüdür

Ölkə ictimaiyyəti 2018-ci il noyabrın 1-də, Azərbaycan dilçiliyinin tarixində mühüm bir hadisə kimi yadda qalacaq Azərbaycan dilinin qorunmasını və gələcək inkişafını təmin edən çox mühüm ali dövlət sənədi ilə tanış oldu. Bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həmin gün imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman idi.
Bu, bir gerçəklikdir ki, müasir Azərbaycan dili mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malikdir, lakin Prezidentin imzaladığı sənədin preambulasında fərmanın verilməsini vacib edən faktorlar belə sadalanır: “Dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları hələ də kifayət qədər geniş yayılmışdır. Televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi, az qala, adi hala çevrilmişdir. Bu sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin olmaması dil pozuntularının azaldılması və aradan qaldırılması istiqamətində təsirli tədbirlər görməyə imkan vermir”.
Fərmanda Monitorinq Mərkəzinin yaradılması və Monitorinq Mərkəzinin Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nın hazırlanması barədə tapşırıq verir.
Əlbəttə, dil canlı orqanizmdir və hesab edirik ki, onun inkişafı üçün dövlət səviyyəsində, hətta, sənədlər toplusunun oynaya biləcəyi rol barədə danışmağın özü qeyri- ciddi görünər və bu belədir. Bu nöqteyi- nəzərdən onu vurğulamağı lazım bilirik ki, cənab Prezidentin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli fərmanı ana dilimizin ədəbi dil səviyyəsində qorunması baxımından çox əhəmiyyətlidir. Buna görədir ki, həmin ali sənəd yayıldıqdan sonra ölkəmizin ictimaiyyəti, ziyalılar, xüsusilə, filoloqlar tərəfindən geniş rezonans doğurdu. Böyük çoxluq yekdilliklə həmin sənədi “dilimizin geniş işləkliyinin və saflığının təmin edilməsi ilə bağlı son vaxtlar artmaqda olan ictimai narahatlığa dövlət başçısı İlham Əliyevin həssas və tələbkar münasibətinin daha bir təzahürü kimi” qarşıladılar. Məsələn, Azərbaycan dilçilik elminin müasir nümayəndələrindən biri, AMEA-nın həqiqi üzvü, Milli Məclisin deputatı Nizami Cəfərovun imzalanan sənəd haqqında fikirləri maraqlıdır: 
“Müstəqillik illərində ikinci bir məsələ barəsində Azərbaycan dilinin dövlət dili statusunun təmin edilməsi ilə bağlı olduğu qədər rəsmi sənəd qəbul edilməmişdir. Dil haqqında mükəmməl qanun hazırlanıb təsdiq edilmiş, cəmiyyətdə ana dilinin layiqli mövqeyə qaldırılması ilə əlaqədar dövlət proqramı qəbul edilmiş, ¬Prezident fərmanları, sərəncamlar verilmiş, bu məsələ daim ölkə rəhbərliyinin diqqət mərkəzində olmuşdur. Bu da təsadüfi deyil. Çağdaş Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərliyinin hər iki dövrü, ulu öndərin ideya və əməllərinin sadiq davamçısı Prezident İlham Əliyevin dövlət başçısı kimi son 15 illik fəaliyyəti ana dilimizə müstəsna sayğının və onun dövlət dili statusunun yüksək səviyyədə təmin edilməsinin məmnunedici örnəkləri ilə zəngindir.
Akademik yazır ki, milli varlığın qorunması və ümumxalq həmrəyliyinin möhkəmlənməsində mühüm rol oynayan dil, eyni zamanda, mənəvi və mədəni zənginləşmə, elmi-texniki inkişaf üçün zəruri olan ünsiyyət vasitəsidir. Ana dili hər bir xalqın mənəvi sərvəti, mənəviyyatının güzgüsüdür. Azərbaycan dövlətinin dil siyasəti bu həqiqətin tam mənada gerçəkləşdirilməsinə, suverenliyimizin əsaslarının daha da möhkəmləndirilməsinə və onun əbədiləşdirilməsinə xidmət edir”.
Dövlət Dil Komissiyasının üzvü, "Azərbaycan Dil Qurumu” İctimai Birliyinin rəhbəri, Xalq şairi Sabir Rüstəmxanlı isə Prezident İlham Əliyevin imzaladığı fərmanı Azərbaycan Respublikası Prezidentin bu istiqamətdə apardığı işlərin davamı kimi qiymətləndirir: 
"Həmin sənədlər içərisində Dövlət Dil Komissiyasının yaradılması haqqında qərarı, Dilin inkişafı ilə bağlı Dövlət Proqramını xüsusilə vurğulamaq istəyirəm. Azərbaycan Prezidentinin bu sahə ilə bağlı son fərmanı da qeyd olunan istiqamətdə növbəti mərhələdir. Monitorinq qrupunun yaradılması dilimizdəki sözlərin yazılış qaydasını və işlədilməsi vəziyyətini müqayisəli şəkildə real faktlarla yoxlamağa imkan verəcək”.
Həqiqətən, sirr deyil ki, son illərdə ictimaiyyəti narahat edən başlıca məsələlərdən biri Azərbaycan ədəbi dilinin kütləvi informasiya vasitələrində, xüsusilə, televiziyalar və radiolarda, sözün birbaşa mənasında, bərbad hala salınması, az qala adiləşib. Dil təəssübü çəkən ziyalılarımızı narahat edən faktor təkcə həmin informasiya vasitələri üçün “sevimli və aktual olan” mövzular və onların təqdimat formaları deyil, bu mövzuları hansı şəkildə auditoriyaya çatdırılan Azərbaycan dilidir. Maraqlı cəhət odur ki, həmin kontingent “təvazökarcasına” danışıq dilini, xalq dilini aktuallaşdırırıq – deyərək özlərinə bəraət də qazandırdıqlarının şahidi oluruq. 
Əlbəttə, bütün bunlar ictimaiyyətin və müvafiq qurumların fəal müqaviməti fonunda baş verənlərdir.
Dilimizdə əcnəbi sözlərin (alınma sözlərin yox, məhz əcnəbi sözlərin) işlədilməsi də ciddi problemlərdən biridir. Qəbul edək ki, qloballaşan dünyada dilimizin leksikasında alınma sözlər olaraq bir sıra əcnəbi sözlərin pasport alması prosesinin nəinki qarşısını almaq, əksinə, dilimizin normalarını qorumaqla bu prosesi tənzimləmək qaçılmaz sayılır və bu, belə də olmalıdır. Elmi-texniki inkişafın nəticəsi kimi dilimizin leksik tərkibinə daxil olan belə sözlər gündəlik həyatımızın tərkib hissəsinə çevrilir və bu proseslərdən yayınmaq istəyinin özü belə normal sayıla bilməz. O da normal hal hesab olunmaz ki, bu, kor-koranə baş versin. Əlbəttə, dildə gedən və yaxud getməsi zəruri olan belə proseslər günümüzə qədər müxtəlif qurumlar tərəfindən sadəcə, seyr edilməyib. Həmin qurumların o proseslərə fəal müdaxiləsini görmək olur. Ümumiyyətlə, onu qeyd etmək yerinə düşür ki, bu istiqamətdə aparılan işlərin miqyası son illər intensivləşib. 
Bu intensivlik prosesində Azərbaycan Respublikası Dövlət Dil Komissiyası və Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun fəal mövqeyini hiss edirik. Həmin qurumların təmsilçilərinin ölkəmizin dilçi alimləri və vətəndaş mövqeyi olan ziyalıların iştirakı ilə ən müxtəlif tədbirlərdə görmək olur. Bu, Azərbaycan dilinin dövlət dili statusunun tam təmin edilməsi, onun qorunması və zənginləşdirilməsi ilə bağlı kompleks məsələlərin nəzarətdə saxlanılması təşəbbüsü kimi diqqətçəkəndir.
Ölkəmizdə mütəxəssislərin böyük əksəriyyəti etiraf edər ki, bu gün Azərbaycan dilinin imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları da geniş yayılıb, dövlət orqanlarında, KİV və reklam işlərində ana dilindən istifadə sahəsində nöqsanlar var. Həmin nöqsanlar daha çox onunla xarakterikdir ki, müəyyən hallarda ədəbi dilin normalarına, leksik və qrammatik qaydalara əməl edilmir. 
Anoloji hallarda əksər situasiyalar zamanı keçərli tədbirlərin görülə bilməməsi də reallıqdır və bu reallıqların fakt olaraq ortadan qaldırılmaması isə nə gizlədək, problem kimi ortaya çıxan məsələlərə hüquqi yanaşma imkanlarının olmaması ilə izah edilə bilər. Düzdür, bu missiyanı həyata keçirmək üçün AMEA-da yaradılmış Monitorinq Mərkəzi müəyən cəhdlər göstərirdi və etiraf edək ki, bu göstəriciləri qənaətbəxş hesab etmək olmazdı. Təəssüf ki, ictimai məzəmmət heç də həmişə istənilən nəticəni vermir və oxşar situasiyalarda qanunun gücünə üz tutmaq lazım gəlir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman bizə o imkanı verəcək.
Fərmanın 1-ci bəndində qeyd olunur: “Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaradılsın”.
Hesab edirik ki, Dövlət Dil Komissiyası yanında yaradılacaq Monitorinq Mərkəzinin qarşısında xeyli çətin, lakin şərəfli vəzifələr dayanır. Söhbət, xalqımızın yarandığı tarixdən üzü bəri onunla bərabər yol gələn, onun mənəvi xəzinəsinin ən mühüm daşıyıcılarından biri olan ana dilimizin qorunmasından gedir.

 

Mahirə Hüseynova,
filologiya üzrə elmlər doktoru, professor, Azərbaycan Dövlət Pedaqoji Universiteti Azərbaycan dili kafedrasının müdiri

8 Dekabr 2018 21:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin