Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sülhün açarı: Azərbaycanın tolerantlıq nümunəsi

 Sülhün açarı: Azərbaycanın tolerantlıq nümunəsi

Bu yay pakistanlı həmkarım Zaman Bajva Bakıya səfər etmişdi. Gəlişindən bir həftə sonra təəssüratlarını soruşdum. “Bakı təsəvvürümdəkindən də gözəldir. Azərbaycan həqiqətən də unikal ölkədir, məscidləri, kilsələri, sinaqoqları ilə. İlk dəfə Bakıya gəlsəm də, burada doğmalığı və qonaqpərvərliyi, pozitiv əhvalı gördüm. Səfərimin son günlərində Bakı və sakinləri mənə o qədər doğmalaşdı ki, yenə də bura gəlmək istəyirəm.”
Bəli, bu sadəcə şəhərimizə gəlmiş bir əcnəbi həmkarımızın fikirləridir. Bakı isə mütəmadi olaraq, nüfuzlu beynəlxalq humanitar forum və konfranslara ev sahibliyi edir. Dünyanın hər yerindən tanınmış siyasətçilər, ictimai xadimlər ölkəmizə səfər etməklə Bakının həm Şərq, həm də Qərb sivilizasiyasını özündə əks etdirən bir tolerantlıq şəhəri olmasına şahidlik edirlər. 
Qürurverici haldır ki, ölkəmizin tarixən yaşatdığı tolerantlıq ənənələri və multikulturalizm modeli nüfuzlu siyasətçilər və ekspertlər tərəfindən digər ölkələrə tez-tez örnək göstərilir. 
Qloballaşan dünyada iğtişaşların, qanlı toqquşmaların, müharibə və etirazların, dini və milli ayrıseçkiliyin, ksenofobiyanın, anti-semitizmin hökm sürdüyü dünyamızda sülhün bərqərar olması, millət və xalqlar arasında qarşılıqlı anlaşma, sülh və etimad şəraitində birgəyaşayışı, etnik, dini və milli kimliyindən asılı olmayaraq, hər bir kəsin bərabər hüquqlu olması və birgə yaşaması aktual məsələlərdəndir. 
Tarixi şərait elə gətirib ki, müxtəlif dövrlərdə Cənubi Qafqazda yerli xalqlarla yanaşı, digər millətlərin nümayəndələri də Azərbaycana pənah gətirmiş, tədricən icma olaraq formalaşmışlar. Azərbaycan xalqının tolerantlıq və sülhpərvərliyi, digər xalqlarla qarşılıqlı dostluq münasibətlərinin nəticəsidir ki, cəmiyyətimizdə formalaşmış tolerantlıq və multikulturalizm ənənələri insanların həyat tərzinə çevrilib. Təkcə Bakının gəzməli yerlərini görmək üçün bir neçə saatlıq gəzintiyə çıxmaq kifayətdir ki, paytaxtın əsl ruhunu duyasan, onun nadir memarlıq nümunələri kimi hesab edilən Təzə Pir, Bibiheybət, Cümə, Heydər Əliyev məscidlərini, Müqəddəs Məryəm katolik , Rus provaslav, alman Lüteran kilsələrini, yəhudi icmasının sinaqoqlarını ziyarət etməklə “küləklər şəhəri”nin fərqli din və mədəniyyətlərə hərarətlə qucaq açdığını görərsən. Bu, tarixən xalqımızın və eləcə dövlətimizin ən böyük zəngin mənəvi dəyəridir. Müxtəlif millətlərin və dini konfessiyaların dinc yanaşı yaşaması, etnik və dini mənsubiyyətindən asılı olamayaraq, hər kəsin Azərbaycan cəmiyyətinin formalaşmasında həmrəylik nümayiş etdirməsi Azərbaycan cəmiyyətinin və dövlətinin mühüm nailiyyətidir.

Kilsənin tikilməsinə yardım etmiş azərbaycanlı milyonçu

Bakıda “Salyan kazarması”nın ərazisində "Jen Mironosits" pravoslav kafedral kilsəsi ucalır. 1908-1909-cu illərdə tikilmiş bu ibadət ocağının yanından keçən sıravi vətəndaşların çoxu bəlkə də onun məşhur azərbaycanlı milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin şəxsi vəsaiti və ianələr hesabına inşa edilməsindən xəbərsizdir. Bəli, ilk vaxtlar Salyan piyada ehtiyat alayının mənəvi ehtiyaclarını ödəmiş kilsənin tikilməsinə bir türk-müsəlman milyonçusunun töhfə verməsi xalqımızın tolerantlığının ən böyük tarixi nümunələrindən biridir. 
XIX əsrin sonları, XX əsrin əvvəllərində mövcud olmuş tolerantlıq və millətlər arasındakı sülh və dostluq əlaqələri bu gün də ən yüksək səviyyədə davam etdirilir.
Təqdirəlayiq haldır ki, 2003-cü ilin mart ayında Bakıda açılmış yəhudi sinaqoqu Cənubi Qafqazda ən böyük sinaqoq hesab edilir. Sinaqoqun tikilməsində xaricdə fəaliyyət göstərən yəhudi təşkilatları ilə yanaşı, Qafqaz Müsəlmanları İdarəsi, Rus-Pravoslav kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının yaxından iştirakı ölkəmizdə dini konfessiyalar və icmalar, müxtəlif millətlər arasında dostluq və barışın, tolerantlıq ənənələrinin bariz nümunəsidir. Odur ki, mütəmadi olaraq, beynəlxalq nüfuzlu nəşrlərdə Azərbaycanın tolerantlıq ənənələrindən söhbət düşdükdə, əcnəbi jurnalistlər ölkəmizdə müxtəlif dini konfessiya və icmaların sülh şəraitində dinc yaşadıqlarını dönə-dönə qeyd edirlər. 
Bir neçə il əvvəl Los-Ancelesdən Bakıya səfər etmiş ravvin David Volpe ölkəmizdə gördüyü tolerantlıq mühiti və xüsusilə, yəhudi icmaların digər icmalarla bərabər dinc şəraitdə yaşamaları barədə təəssüratlarını ABŞ-a qayıtdıqdan sonra qələmə almışdı. Time.com saytında “Azərbaycan Yaxın Şərqdə tolerantlıq vahəsidir” adlı məqalədə müəllif yazır: “Azərbaycan diqqətəlayiq bir istisnalıq təşkil edir. Səfərdən bir həftə əvvəl Yerusəlimdə İsrail diplomatı qrupumuzun üzvlərinə dedi: “Mən İsveçdə küçədə kiba (baş geyimi) ilə gəzməyə tərəddüd edirdim, ancaq Azərbaycanda yox. Azərbaycanda heç kim sizə çətinlik yaşatmayacaq.” Mən bu sözlərin düzgünlüyünü təsdiq edə bilərəm. Təxminən bir həftə sonra mən kipa ilə Bakının küçələrində dolaşırdım, nəzakət və mehribanlıqdan başqa heç nə ilə qarşılaşmadım.”
Bu gün müsəlman, xiristian və yəhudilərin həmrəy şəkildə dini və milli bayramlarını qeyd etmələri, bir-birini təbrik etmələri , dini və milli ənənələrə hörmətlə yanaşmaları məhz tolerantlığın Azərbaycan modelinin əsas cəhətləridir.

Ulu öndərin azərbaycançılıq fəlsəfəsi: tolerantlığa xidmət edən amal

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin yürütdüyü siyasətin nəticəsidir ki, xalqımızın qoruyub yaşatdığı tolerantlıq ənənələri, dövlət siyasətində də vacib yer tutmağa başladı. Ulu öndərin azərbaycançılıq ideyası və fəlsəfəsi ölkəmizdə yaşayan bütün milli, dini icmaları, xalqları öz ətrafında birləşdirə bildi, vahid bir konseptual müstəvidə həmrəylik yaratdı.
Ümummilli liderin 1 iyun 2001-ci il tarixli fərmanı ilə yaradılmış Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti dini icmaların qeydiyyata alınması, din və dövlət münasibətlərinin tənzimlənməsində mühüm rol oynadı. Komitənin mütəmadi olaraq apardığı işlər, təşkil etdiyi tədbirlər müxtəlif dini etiqadların dini qurumları arasında qarşılıqlı hörmət, anlaşma və dözümlülük mühitinin daha da möhkəmlənməsinə töhfəsini verir.
Ulu öndərin mənəvi dəyərlərə münasibətini ləyaqətlə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev iştirak etdiyi bütün nüfuzlu beynəlxalq tədbirlərdə tez-tez ölkəmizin multikulturalizm və tolerantlıq ənənələrinin dünyaya örnək olduğunu vurğulayır. Multikulturalizmin Azərbaycanda həyat tərzi olduğunu bildirən dövlət başçımız IV Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimində (2014, 2 oktyabr) xüsusi qeyd edib: “...Əsrlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər mövcud olub. Xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir. Biz bu gün də çalışırıq ki, öz təşəbbüsümüzlə regionda və dünyada gedən proseslərə müsbət təsirimizi göstərək”. Bu uzaqgörən siyasətin nəticəsidir ki, Azərbaycanda yaşayan müxtəlif etnoslar, millətlər, dini konfessiya və icmalar arasında həmrəylik formalaşıb, onlar özlərini Azərbaycan dövləti və cəmiyyətinin bir hissəsi hesab edirlər. Bu gün ölkəmizdə həm də yəhudi, rus pravoslav, tatar, polyak, udin və digər icmalar yaşayıb fəaliyyət göstərirlər. 
2014-cü ildə yaradılmış Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti də azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etməklə yanaşı, həm də tolerantlıq və multikulturalizm ənənələrini araşdırır, təşviq edir, eləcə də beynəlxalq aləmdə təbliğ edir. 

Tolerantlıq ənənələrinin hamisi

Təqdirəlayiq haldır ki, ölkəmizin Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın fəaliyyətində məscidlərin, xristian və iudaizm məbədlərinin tikintisi və bərpası xüsusi yer tutur. Heydər Əliyev Fondunun həyata keçirdiyi “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində istər ölkədə, istərsə də respublikamızdan kənarda bir sıra dini, mənəvi abidələr yenidən bərpa edilərək yeni həyat qazanıb. Vatikanda Müqəddəs Marçellinio və Pietro katakombalarının və Müqəddəs Sebastian katakombalarının, Mərdəkan qəsəbəsindəki Heydər Cümə məscidinin, Bakının Yasamal rayonunda yerləşən İmam Hüseyn məscidinin , Şəmkirdə Alman Lüteran kilsəsinin Heydər Əliyev Fondunun dəstəyi ilə bərpası Mehriban xanım Əliyevanın simasında ölkəmizin tolerantlıq ənənələrinə sadiq qalmasının, eləcə də milli-mənəvi dəyərlərimizin qorunmasının göstəricisidir. 
2015-ci ildə Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda keçirilmiş konfransda Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın etdiyi çağırış bəşəriyyətin gələcəyi baxımından hər bir ölkə üçün aktualdır: “Ekstremizm və terrorçuluğa qətiyyətlə yox deməklə biz cəmiyyətlərimizdə dözümlülük, sülhsevərlik, tolerantlıq dəyərlərinin təbliğinə geniş fikir verməliyik... Ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm kimi təhlükəli amillər bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub. Dərin multikulturalizm köklərinə malik ölkə kimi, Azərbaycan qlobal arenada bu dəyərlərin təşviqi üçün vacib rolunu oynamağa hazırdır”
Roma Papası İohann Pavelin “Azərbaycan üç müxtəlif dinə mənsub insanların dinc yanaşı yaşadığı nadir bir ölkə və dini dözümlülük baxımından sabit cəmiyyətdir” – deməsi, 2016-cı ildə Roma papasının Bakıda prezidentlə görüşü və bu səfərdə “Sizin ölkədə dini azadlıqlar tam təmin edilib.” – deyə yüksək təəssüratını bölüşməsi xristian katoliklərin dini liderinin ölkəmizə verdiyi yüksək dəyərin nümunəsidir. 
2015-ci il martın 3-də ABŞ-ın Nyu-Meksika ştatının Nümayəndələr Palatasının Azərbaycanda yaradılmış tolerantlıq mühitini təqdir edən geniş qətnamə qəbul etməsi isə ölkəmizin tolerantlıq və sülh siyasətinin növbəti uğurunun təsdiqi oldu.
 İyirmi ildən çoxdur ki, Dağlıq Qarabağ və ətraf rayonları işğal altında saxlayan işğalçı Ermənistan dünyada dözümsüz və monoetnik ölkə olaraq tanınır. Üstəlik, həmin ərazilərdə olan İslam və xristian mədəniyyətinə aid tarixi abidələrimiz dağıdılır, ya da özününküləşdirilir. Fiziki və mənəvi terror siyasətinə məruz qalmasına baxmayaraq, Azərbaycan xalqı və dövləti özünün tolerantlıq və dözümlülük ənənələrinə sadiqdir. Bakının mərkəzində ucaldılmış Qriqoryan kilsəsinin binasının səliqəli şəkildə qorunub saxlanılması bütün dünyaya bir mesajdır.
...Pakistanlı həmkarım Zaman Bajvanı hava limanında yola salanda dediyi sözləri xatırladım: “Azərbaycan insanı sülhpərvərdir, dostun qədrini biləndir, bu gün Hacı Zeynalabdin Tağıyevin yüz il bundan əvvəl Pakistan xalqına etdiyi xeyirxahlıq missiyasını, eləcə də ölkənizin birinci xanımı Mehriban Əliyevanın mənim ölkəmdə reallaşdırdığı xeyriyyə məqsədli layihələrini böyük minnətdarlıq hissi ilə xatırlayırlar. Dünyanı millətlər arasında sülh və dostluq ənənələri xilas edəcək. Belə olarsa, müharibələrə də yer qalmaz.”

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi müsabiqəyə təqdim edilir.

 

Əfsanə BAYRAMQIZI, 
“Xalq qəzeti”

8 Dekabr 2018 21:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Yanvar 2019 | 13:38
Uğurlu əməliyyat icra edilib

Ən son xəbərləri səhifəmizdən də izləyin