Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi vəzifəsinə Hizer Noyertin namizədliyi irəli sürüldü

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi vəzifəsinə Hizer Noyertin namizədliyi irəli sürüldü

ABŞ Prezidenti Donald Tramp ölkəsinin BMT-dəki daimi nümayəndəsi vəzifəsinə Dövlət Departamentinin əməkdaşı Hizer Noyertin namizədliyini irəli sürüb. Namizədliyi Konqres tərəfindən bəyənilərsə, Noyert yeni ildən həmin postda Nikki Heylini əvəz edəcək. Məlumatı TASS verib. 
“O, çox istedadlıdır, cəsarətlidir, çevikdir və mən hesab edirəm ki, ona hamı hörmət edəcək”, - deyə Tramp jurnalistlərlə söhbətində bildirib. 
Noyert 2017-ci ilin aprelindən Dövlət Departamentinin mətbuat katibidir. Ondan əvvəl isə “Fox News” telekanalının müxbiri olub. Ümumiyyətlə, 15 ildən artıq jurnalistlik təcrübəsinə malikdir, əsasən beynəlxalq siyasət və daxili işlər haqqında yazıb. ABŞ-da baş vermiş 2001-ci ilin 11 sentyabr terror aktını, İraqda hərbi əməliyyatları, Darfur və Sudanda vəziyyəti işıqlandırıb.
Noyert ABŞ-ın BMT-dəki daimi nümayəndəliyində işə başlayacağı günü həsrətlə gözlədiyini deyib. O, eyni zamanda, bu vəzifəyə təyin olunmasında göstərdiyi dəstəyə görə dövlət katibi Mayk Pompeoya təşəkkürünü bildirib: “Cənab Pompeo, sizin komandada işləmək mənim üçün şərəfdir. Sizinlə birgə keçdiyim yol ABŞ-ın dünya arenasında liderliyinin qorunmasına xidmət edir. BMT-də Amerika xalqının maraqlarını irəli aparmaq imkanlarımı həsrətlə gözləyirəm, əlbəttə, əgər təyinatım təsdiq olunarsa”. 
Bir qədər əvvəl Pompeo da bəyan etmişdi ki, Noyertə etibar edir və Prezident Donald Trampın onu həmin vəzifəyə təyin etməsinə şad olardı. 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

8 Dekabr 2018 21:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin