Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkəmiz Avstriyanın Vyanada keçirilən “Avropa Mədəni İrs İli-2018” adlı tədbirdə təmsil olunub

Ölkəmiz Avstriyanın Vyanada  keçirilən “Avropa Mədəni İrs İli-2018” adlı tədbirdə təmsil olunub

Mövzu və konsepsiyasına görə Mədəni irsin qorunması, inkişafı, mədəni turizm, muzey, inkluziv mədəniyyət, yaradıcı və innovativ mədəniyyət məsələlərini əhatə edən tədbirə Avstriyanın Avropa İttifaqı Şurasına sədrliyi çərçivəsində Avropa Şurası, Avropa Birliyinin aidiyyəti komissiyaları ilə yanaşı, Avropa İrs Günləri, Europeana, Europe Nostra kimi bir sıra beynəlxalq layihələr tərəfdaşlıq edir.

Tədbir çərçivəsində Avropa ilinin müzakirəsi, mədəniyyət siyasətinə həsr olunmuş sessiyalar və Vyana şəhərində fəaliyyət göstərən muzeyləri və mədəni irs istiqamətlərini əhatə edən xüsusi marşrutların təqdimatı həyata keçirilmişdir.

Tədbirdə ölkəmizi Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin baş məsləhətçisi Nərgiz Abdullayeva və Regional siyasət şöbəsinin məsləhətçisi Qasım Şirinli təmsil edir. Rəsmi açılış mərasimində Avstriyanın Avropa Birliyi, İncəsənət, Mədəniyyət və Media naziri Gerno Blumel, Avropa Parlamentinin Mədəniyyət və Təhsil Komitəsinin sədri Petra Kammerevert, Təhsil, Mədəniyyət, Gənclər və İdman müvəkkili Tibor Navracsiks iştirak ediblər. Mərasimdə  Mədəni İrs üzrə e-tvinninq sahəsində ən yaxşı layihələrin təltifetmə mərasimi keçirilmiş və qaliblər Avropa Komissiyasının mədəniyyət və yaradıcılıq direktoru Mişel Maqnier tərəfindən mükafatlandırılmışlar.

Qeyd edək ki, açılış mərasimində və növbəti günün tədbirlərində Avropa ölkələri ilə yanaşı, bir çox dünya ölkələrinin sahə üzrə təşkilatları və mütəxəssisləri iştirak etmişlər. Mədəniyyət Nazirliyinin nümayəndələri Avropa Komissiyasının Mədəniyyət və Yaradıcılıq direktoru Mişel Maqnier ilə görüşmüş və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparmışlar.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

8 Dekabr 2018 15:37 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin