Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Əlillik qüsur deyil” kitab-albomu digər dillərdə də nəşr olunacaq

“Əlillik qüsur deyil” kitab-albomu digər dillərdə də nəşr olunacaq

Azərbaycan və ingilis dillərində nəşr olunan və ictimaiyyət tərəfindən böyük maraqla qarşılanan “Əlillik qüsur deyil” kitab-albomunun digər dillərdə də nəşri planlaşdırılır.

Nəfis şəkildə tərtib olunan 278 səhifəlik kitab-albom Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sosial xidmət müəssisələrinin istedadlı sakinləri, onların yaradıcılıq nümunələri barədə foto-məlumatlarla zəngin ilk nəşrdir. Kitab-albomun ilk hissəsində ulu öndər Heydər Əliyevin əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud uşaqlara qayğıkeş münasibətindən, Prezident İlham Əliyevin tapşırıqları əsasında həmin kateqoriyalardan olan insanların sosial təminatının gücləndirilməsi, onların cəmiyyət həyatında fəal iştirak imkanlarına malik olmaları üçün aparılan işlərdən bəhs olunur. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fiziki məhdudiyyətli insanlarla bağlı nəcib və xoşməramlı layihələri barədə məlumatların əksini tapdığı nəşrdə fondun vitse-prezidenti Leyla Əliyevanın həssas qruplara, o cümlədən əlilliyi olan şəxslərə daim yaxından dəstək olması, sosial xidmət müəssisələrində yaşayan insanlarla görüşləri barədə dolğun məlumatlar da təqdim olunur.

Kitab-albomda oxucu fiziki məhdudiyyətli olsalar da özlərinə inam hissi ilə yaşayan, istedad və qabiliyyətləri ilə seçilən və bu bacarıqlarını daim inkişaf etdirməyə, təkmilləşdirməyə çalışan, ictimai-mədəni həyatda artıq özlərini uğurla təsdiq etməyə nail olan 60-a yaxın fiziki məhdudiyyətli insan və onların müxtəlif yaradıcılıq nümunələri ilə yaxından tanışlıq imkanı qazanır.

Ölkəmizdə boccia idman növü ilə məşğul olan fiziki məhdudiyyətli insanların uğurları, Azərbaycan idmanı üçün yenilik olan Boccia İdman Federasiyası, ilk inklüziv teatr olan ƏSA teatrının qısa müddətdə əldə etdiyi nailiyyətlər, teatrın əlilliyi olan şəxslərdən ibarət yaradıcı heyətinin peşəkar səviyyədə hazırladığı tamaşalar barədə oxucuya məlumatlar verilir.

Nəşrdə təqdim olunan məlumatlar əlilliyin mənsub olduğun cəmiyyətin sıralarında uğurla addımlamaq üçün maneə olmadığı fikrini aşılayır. Kitab-albom əsasında yaradıcı fiziki məhdudiyyətli insanların elektron reyestrinin, onların əl işlərinin tanıdılması və satışı imkanlarının genişləndirilməsi üçün veb-portalın yaradılması da nəzərdə tutulub.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

8 Dekabr 2018 12:25 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin