Ən son xəbərlər

Son buraxılış
Arxiv

Heydər Əliyev və Dağlıq Qarabağda Azərbaycanın suverenliyi uğrunda mübarizə

Heydər Əliyev və Dağlıq Qarabağda Azərbaycanın suverenliyi uğrunda mübarizə

Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur.  Dağlıq Qarabağ faciəsinin sülh danışıqları vasitəsilə ədalətli və uzunmüddətli həllinə nail olmaq sahəsində onun nümayiş etdirdiyi qətiyyət regionda sülh və sabitliyin saxlanmasında mühüm əhəmiyyət kəsb etmişdir. 
Corc BUŞ 
Amerika Birləşmiş Ştatlarının sabiq Prezidenti

 

 

Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə 
Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən, münaqişənin sülh yolu ilə həllində onun cəsarətini, müdrikliyini və qətiyyətini yüksək qiymətləndirdim.

 

Jak ŞİRAK
Fransa Respublikasının sabiq Prezidenti

 

 

 

Tarix Heydər Əliyev şəxsiyyətinin əzəmətini, onun müdrik strateq və çevik taktik kimi qüdrətini dönə-dönə təsdiq etmişdir. Şəxsi taleyini canından artıq sevdiyi Azərbaycanın xoşbəxtliyindən, tərəqqisindən ayrılıqda təsəvvür etməyən dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyev qurucu lider olması, xalqımızı bir çox bəlalardan qoruması ilə ümummilli lider məqamına yüksəlmişdir. Bütün bunlar bu dahi insana ölməzlik və əbədi ehtiram qazandırmışdır.


Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin çox önəmli bir istiqamətini Dağlıq Qarabağda Azərbaycanın suverenliyinin təmin edilməsi təşkil etmişdir. Onun müdrik və qətiyyətli siyasətçi kimi erməni millətçilərinin bir çox faciələrlə nəticələnmiş soyqırımı və təcavüz siyasətinə qarşı mübarizəsinin mahiyyət və hədəflərini aşağıdakı yönlər ümumi şəkildə nişan verir:
Respublikaya rəhbərliyinin birinci dövründə – Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının açıq müstəviyə çıxmasına imkan verməməsi; Dağlıq Qarabağ münaqişəsi böhran həddinə çatanda Moskvadan Vətənə dönüb əazilərimizin bütövlüyü uğrunda ümumxalq mübarizəsinə hərtərəfli dəstək göstərməsi, bu məcrada dövlət müstəqilliyinin qazanılması uğrunda milli hərəkata düzgün yön verməsi. 
Ölkəmiz istiqlalına qovuşandan az sonra isə – xalqın tələbi ilə hakimiyyətə qayıdıb məhvedici siyasi böhranı aradan qaldırması; siyasi-diplomatik manevrləri ilə beynəlxalq aləmdə Azərbaycanı təcavüzə məruz qalan, Ermənistanın isə təcavüzkar olduğunu birmənalı olaraq sübuta yetirməsi, məqsədyönlü fəaliyyəti ilə erməni millətçilərinin ölkəmiz ərtafında yaratdığı informasiya blokadasını yarması; müstəqil dövlətimizin dünya birliyində öz layiqli yerini tutmasını, ümumi uğurları ilə Ermənistan üzərində hərtərəfli üstünlük qazanmasını təmin etməsi.
Öz xalqının həqiqi lideri olan Heydər Əliyev dünyanın müxtəlif dairələrinin himayə etdiyi qurama “erməni məsələsi”nin mahiyyətini, erməni millətçilərinin xalqımıza qarşı davamlı xəyanət və cinayətlərinin tarixini dərindən bildiyinə görə respublikaya rəhbərliyinin birinci dövründən başlayaraq gizli formalarda təzahür edən Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının, Dağlıq Qarabağdakı erməni riyakarlıqlarının qarşısını qətiyyətlə kəsmişdi. Dərin zəkası, müstəsna liderlik bacarığı ilə  respublikanı yumruq kimi birləşdirən ulu öndər daim məqam gözləyən erməni separatizminin baş qaldırmasına imkan verməmək üçün bütün zəruri mənəvi-siyasi, sosial-iqtisadi və inzibati tədbirləri məharətlə gerçəkləşdirmişdi.
Bütün bunların nəticəsi idi ki, tarixi Azərbaycan torpaqlarında bolşeviklərin himayəsi ilə özlərinə respublika qurmuş, sonrakı dövrdə də ərazilərimizdən yağlı tikələr qoparmağa, soydaşlarımızın tarixi vətənlərindən növbəti deportasiyasına nail olmuş ermənilərin Heydər Əliyev hakimiyyətə gələndən sonra əli boşda, niyyətləri gözlərində qalmışdı. Ulu öndərin Dağlıq Qarabağda erməni separatizminə qarşı mübarizəsi düşünülmüş, milli maraqları əks etdirən siyasətə əsaslanırdı. Heydər Əliyev hələ Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsində işləyərkən ermənilərin DQMV-də gizli fəaliyyətlərindən xəbərdar olmuş, onlara qarşı lazımi tədbirlər görülməsi üçün ciddi təşəbbüslər göstərmişdi. O, Azərbaycan KP MK-nın birinci katibi seçildikdən sonra vilayətin sosial-iqtisadi inkişafına dair müvafiq tədbirlərlə ermənilərin hər hansı bir narazılığına bəhanə yeri qoymamışdı. 
 Təəssüf ki, böyük rəhbər Azərbaycandan gedəndən sonra Dağlıq Qarabağda baş verən proseslərə seyrçi münasibət bəsləyən bacarıqsız və iradəsiz yerli rəhbərlər burada baş verən mərkəzdənqaçma meyllərinin qarşısını yerindəcə almaq əvəzinə,  fəaliyyətsizlik göstərmişdilər. Xalqımızın böyük oğlu Heydər Əliyev SSRİ-nin yüksək dövlət rəhbərlərindən biri olduğu dövrdə də Dağlıq Qarabağ Muxtar Vilayətində respublikamızın üstün maraqlarını qətiyyətlə qorumuşdu. 
Ümummilli lider ali sovet rəhbərliyindən uzaqlaşdırılıb ciddi nəzarət altında yaşamağa məhkum ediləndən dərhal sonra Ermənistanın Azərbaycana qarşı ərazi iddiası baş qaldırdı. Prezident İlham Əliyevin dediyi kimi: “Heydər Əliyev vəzifədən uzaqlaşdırılandan sonra bu meyllər daha da gücləndi və Azərbaycana qarşı açıq ərazi iddiası prosesi başlandı. Əfsuslar olsun ki, bu prosesə başçılıq edən o vaxtkı sovet rəhbərliyi idi. Əgər sovet rəhbərliyinin bu işlərdə əli olmasaydı, Cənubi Qafqazda heç vaxt münaqişə yaranmazdı”.
Ulu öndər sonralar öz istefasının doğurduğu nəticələrdən danışarkən deyirdi: “Azərbaycan üçün bəla ondan başladı ki, 1987-ci ildə ermənilər bizim azərbaycanlıların bəziləri ilə yığışdılar, mənim Kremldən istefa verməyimə nail oldular. Bundan iki ay sonra Dağlıq Qarabağda üsyan, münaqişə başlandı. О vaxtdan ermənilərin bir məqsədləri var idi ki, Heydər Əliyevi Kremldən uzaqlaşdırsınlar. Çünki bilirdilər ki, mən Moskvada oturmuşam və belə məsələlərin qaldırılmasına yol verməyəcəyəm. Məni Kremldən uzaqlaşdırdılar. Bundan sonra Azərbaycan nə günə düşdü”.
Heydər Əliyevin SSRİ rəhbərliyindən getməsi məqamını gözləyən erməni millətçiləri, guya, sosial vəziyyətin pisləşməsini və buna görə də Azərbaycan hökumətinin rəhbərliyi altında yaşamağın mümkünsüzlüyünü özlərinə şüar edərək, Ermənistanda və Dağlıq Qarabağda ictimai fikri çaşdıra bildilər, açıq separatizm başlandı. Respublika rəhbərləri bundan sonra da muxtar vilayətdə sürətlə genişlənən antiazərbaycan hərəkatının qarşısını almaq üçün ciddi tədbirlər görə bilmədilər, bacarıqsızlıqlarından bu zəruri işi ittifaq orqanlarının vəzifəsi saydılar.
Ermənipərəst Mixail Qorbaçovun timsalında sovet rəhbərliyi isə münaqişənin qarşısını vaxtında almaq əvəzinə, onun qanlı müharibəyə çevrilməsinə şərait yaratdı, Azərbaycanı süni surətdə oyundankənar vəziyyətə salmaqla ərazilərimizin 20 faizinin itirilməsinə bais oldu. Dünya miqyaslı siyasət və dövlət xadimi Heydər Əliyevin böyük siyasətdən kənarda qaldığı həmin illərdə respublikada baş verən qarışıqlıq, hakimiyyət uğrunda qruplararası mübarizə də düşmənin təcavüzkarlığı qarşısında ölkəmizi müdafiəsiz qoydu.
Xalqımızın zəkalı və qeyrətli oğlu Heydər Əliyev belə bir mürəkkəb şəraitdə dağılmaqda olan sovet imperiyasının mərkəzində ciddi nəzarət altında yaşamağa məhkum edilsə də, çətinliklə imkan tapıb  Vətənin harayına yetişdi. Respublika rəhbərliyinin xəyanətkarlığı və üzüdönüklüyündən Bakıda yaşamaq imkanı tapmayan ümummilli lider Naxçıvana – doğmalarının və həmyerlilərinin yanına qayıtmağa məcbur oldu. Tezliklə muxtar respublikaya blokada şəraitində rəhbərlik onun üzərinə qoyuldu. Ulu öndərin burada gerçəkləşdirdiyi zəruri tədbirlərlə Naxçıvan işğaldan xilas edildi, qəbul edilmiş tarixi qərarlarla dövlətçiliyimizin bərpası ilə bağlı ciddi addımlar atıldı.
Müstəqilliyin ilk illərində naşı, xain siyasətbazların hakimiyyət davası ölkəni uçuruma sürükləyəndə isə xalqın təkidli tələbi və iradəsi ilə 1993-cü ilin böhranlı yayında ümummilli lider Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdı. Zamanın hökmü ilə Azərbaycan dövlətinə və xalqına rəhbərliyin ağır məsuliyyətini öz üzərinə götürən praqmatik və xarizmatik lider Heydər Əliyevin siyasi qayıdışı ölkəmizin  müstəqillik yolu ilə irəliləyişi üçün dönüş məqamı oldu. 
Bundan sonra çoxsaylı terror aktlarının, dövlət çevrilişlərinə cəhdlərin qarşısını alaraq, siyasi sabitliyə və sosial-iqtisadi dirçəlişə nail olan Prezident Heydər Əliyev Qarabağ müharibəsinin gedişində də dönüş yaratdı və düşməni atəşkəs müqaviləsi bağlamağa məcbur etdi. Ümumiyyətlə, açılmaz bir düyünü xatırladan Dağlıq Qarabağ münaqişəsinin həlli müstəqil Azərbaycana rəhbərliyi dövründə Heydər Əliyevin  siyasi xəttinin və diplomatik fəaliyyətinin əsasını təşkil etdi.
Ölkəmizin ətrafında baş verənləri, başımızın üstünü alan qara buludları görən, prosesləri uzaqgörənliklə qiymətləndirən Heydər Əliyev respublikamızın pozulmuş ərazi bütövlüyünün bərpa olunması və işğalçıların ölkə ərazisindən çıxarılmasının düzgün yolunu müəyyənləşdirdi. Bundan sonra Dağlıq Qarabağ probleminin həlli ilə bağlı beynəlxalq aləmin dəstəyinin qazanılması Azərbaycan diplomatiyasının qarşısında duran ən mühüm vəzifələrdən biri oldu.
Azərbaycan Prezidenti Heydər Əliyev beynəlxalq və regional təşkilatların tribuna və salonlarından işğalçılığı məntiqi şəkildə əsaslandıran konstruktiv çıxışlar üçün maksimum istifadə etdi. O, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti haqqında dünya dövlətlərini lazımınca məlumatlandırdı, ayrı-ayrı dövlətlərin, regional təşkilatların Ermənistanın mövqeyini pisləyən qərarlarının, bəyanatlarının qəbul edilməsinə nail oldu.
Lakin təcavüzkarı cəzalandırmaq üçün iqtisadi və hərbi təzyiq mexanizmlərinə malik olan beynəlxalq təşkilatlar Ermənistan--Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinin təmin olunmasında lazımi rol oynaya bilmədi. BMT-nin Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı 4 qətnamə qəbul etsə də, bu sənədlərdə əks olunmuş tələblər yerinə yetirilmədi. Təəssüf ki, BMT tərəfindən təcavüzkar Ermənistana qarşı bu vaxta qədər heç bir sanksiya tətbiq olunmamışdır. Bu isə təcavüzkar Ermənistanın beynəlxalq hüquqa sayğısızlıq göstərməsi və dünya birliyinə meydan oxuması ilə nəticələnmişdir. 
Ümummilli lider Heydər Əliyevin diplomatiyası Dağlıq Qarabağ münaqişəsinin dünya səviyyəsinə çıxarılması və həlli ilə bağlı xüsusi konsepsiya hazırlayaraq konkret vəzifələri həyata keçirmək üçün ardıcıl siyasi kurs planlaşdırdı. Azərbaycan lideri Dağlıq Qarabağda ermənilərin yaşadığı dövlətə qarşı yönəlmiş çıxışlarının beynəlxalq separatizmin tərkib hissəsi kimi qorxulu, ağır nəticələr törədən və digər dövlətlərin də ərazisində oxşar problemlərin alovlanmasına təkan verən təhlükəli bir hərəkət olduğunu sübut etdi, dünya ictimaiyyətinin diqqətini belə təhlükələrin qarşısını vaxtında almağın vacibliyinə yönəltdi. 
1996-cı il dekabr ayının 2--3-də ATƏT-in Lissabon sammitində Dağlıq Qarabağ münaqişəsi müzakirə mövzularından birinə çevrildi. Prezident Heydər Əliyevin qəti və inadlı mövqeyi nəticəsində ATƏT-in icraçı sədrinin bəyanatında münaqişənin üç prinsip əsasında tənzimlənməsi öz əksini tapdı: Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü; Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək özünüidarə statusunun verilməsi; Dağlıq Qarabağ əhalisinin təminatlı təhlükəsizliyi. Bu prinsiplər Ermənistandan başqa, ATƏT-in 53 dövləti tərəfindən dəstəkləndi. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin tarixinə nəzər salarkən qeyd etmişdir: “Əgər Heydər Əliyev o vaxt Azərbaycanda qalsaydı və Azərbaycanın rəhbəri kimi fəaliyyət göstərsəydi, Dağlıq Qarabağda heç vaxt separatçılar baş qaldıra bilməzdilər. Heç vaxt bizim torpaqlarımız işğal altına düşə bilməzdi”. Ulu öndərin özü isə belə demişdi: “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır”. Əlbəttə, Azərbaycan xalqına Heydər Əliyev kimi təcrübəli bir siyasətçi başçılıq etmiş olsaydı, Dağlıq Qarabağ faciəsinin qarşısını almaq mümkün olardı. 
Ümummilli lider Heydər Əliyevin Dağlıq Qarabağla bağlı hərtərəfli düşünülmüş, dünya birliyi tərəfindən qəbul edilən siyasətini son 15 ildə onun layiqli davamçısı Prezident İlham Əliyev uğurla davam etdirir. Bu siyasətin bir cümlə ilə ifadə edilə bilən mahiyyəti belədir: “Ermənistan münaqişənin danışıqlar yolu ilə, müharibənin sülhlə başa çatmasına razı olmasa,  Azərbaycan öz torpaqlarını hərbi yolla azad edəcək”. 2016-cı ilin Aprel döyüşləri Azərbaycanın münaqişəni hərbi qələbə ilə həll etməyə qadir olduğunu bütün dünyaya sübut etdi.

Qasım HACIYEV, 
AMEA-nın Qafqazşünaslıq İnstitutu ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru

8 Dekabr 2018 00:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Yanvar 2019 | 13:38
Uğurlu əməliyyat icra edilib

Ən son xəbərləri səhifəmizdən də izləyin