Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Manatın sabitliyi təmin ediləcək

Manatın sabitliyi təmin ediləcək

 Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu inkişaf strategiyası nəticəsində ölkəmizin makroiqtisadi sabitliyi və maliyyə dayanıqlılığı getdikcə  möhkəmlənir, iqtisadi inkişaf və təhlükəsizlik sahəsində dövlət siyasətinin prioritetləri uğurla reallaşdırılır. Bu ilin ötən aylarında bütün makroiqtisadi göstəricilər üzrə artım müşahidə edilməsi də bunun parlaq ifadəsidir. 
Qeyd edək ki, son illərdə, sözün həqiqi mənasında,  beynəlxalq miqyas almış iqtisadi böhran bir çox ölkələrin maliyyə sisteminə  sarsıdıcı təsir göstərsə də, dəqiq ölçülüb-biçilən və düzgün həyata keçirilən siyasət sayəsində Azərbaycan iqtisadiyyatı elə bir ciddi zərər çəkmədi. Əksinə, sosial-iqtisadi  islahatlar nəticəsində ölkədə makroiqtisadi sabitlik qorunub saxlanıldı. Buna isə bir tərəfdən neft gəlirlərindən səmərəli istifadə və büdcə dayanıqlılığının təmin edilməsi, digər tərəfdən isə iqtisadi artım üçün münbit şəraitin formalaşdırılması, xüsusilə özəl sektor tərəfindən iqtisadiyyata investisiyaların artırılması ilə nail olundu. Xarici və daxili investorlar üçün əlverişli biznes mühitinin yaradılması, biznesin vergi yükünün optimallaşdırılması, maliyyə-bank sektoru tərəfindən sahibkarlara kredit dəstəyinin göstərilməsi kimi amillər də bu məsələdə mühüm rol oynadı.  
Təəssüf ki, bəzi ekspert və iqtisadçılar belə vəziyyəti heç bir obyektivliyə əsaslanmadan şərh edir, subyektiv istəklərinə uyğun yozumlar verirlər. Məsələn, sosial şəbəkələrdə və bir sıra saytlarda maliyyə naziri Samir Şərifovun bir neçə gün bundan əvvəl dövlət televiziyasına müsahibəsi zamanı manatın möhkəmlənməsi ilə bağlı səsləndirdiyi fikirlər müəyyən qədər konteksdən çıxarılaraq mahiyyəti  bilərəkdən və ya bilməyərəkdən təhrif edilib. 
Bununla bağlı Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev mətbuata açıqlamasında vurğulayıb ki, bəzi dırnaqarası ekspertlər və iqtisadçılarla yanaşı, deputat Vahid Əhmədov kimi təcrübəli siyasətçi, Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü də  2019-cu ilin büdcə müzakirələrindən bir neçə gün sonra maliyyə nazirinin manatın möhkəmlənməsi ilə bağlı səsləndirdiyi fikirlərə ziddiyyətli və təxribat xarakterli münasibət bildirib: “Nazir çıxışı zamanı qeyd edib ki, manatın məzənnəsinin kəskin, ifrat möhkəmlənməsi daxili istehsalçıların fəaliyyətinə mənfi təsir göstərir, idxal üçün cəlbedici vəziyyət yaradır. Bu isə Azərbaycan dövlətinin marağında deyil. Məhz buna görə də son illər ərzində Azərbaycan Prezidentinin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü iqtisadi islahatların tərkib hissəsi kimi yeni Büdcə Qaydası qəbul edilib ki, bununla  neft sektorundan xarici valyutada daxilolmaların dövlət tərəfindən dövlət büdcəsində müəyyənləşdirilən çərçivədə daxili valyuta bazarında satışı tənzimlənsin. Çünki neft daxilolmalarının artıqlığı zamanı onların daha çox istifadəsi manatın məzənnəsinin daha da möhkəmlənməsinə təzyiq yaradır. Bu isə maliyyə nazirinin qeyd etdiyi kimi, ixraca mənfi təsir edir, idxalın isə artmasına səbəb olur ki, nəticədə bu, milli istehsal üçün, o cümlədən ixracla məşğul olanlar üçün faydalı deyil. Ona görə də belə mənfi təsirləri aradan qaldırmaq üçün dövlət büdcəsinin xərcləri qeyd olunan münbit çərçivədə saxlanılmalıdır”.
Maliyyə Nazirliyinin rəsmisi açıqlamasında daha sonra bildirib ki, bu gün əldə edilmiş makroiqtisadi sabitlik və onun gələcəkdə qorunub saxlanılması məhz Büdcə Qaydasına riayət olunması, habelə büdcə siyasətinin Mərkəzi Bank tərəfindən yürüdülən monetar siyasətə dəstəyi ilə sıx əlaqəlidir. Bu isə manatın mövcud məzənnəsinin sabit saxlanılmasını hazırda təmin edir və bundan sonra da təmin edəcəkdir.

V. BAYRAMOV,
 “Xalq qəzeti”

8 Dekabr 2018 00:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin